Azərbaycanda 35-43 dərəcə isti gözlənilir
Avqustun 10-dək Azərbaycanda havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 5-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.
Bu müddətdə ölkə ərazisində hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi günlərində 43, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıqa gəlincə, avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir. Bu da meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.
Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26, gündüz 34-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.
Bölgələrdə də hava yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.