”İstədikləri pulu vermədiyim üçün əlillik dərəcəsi ala bilmədim”

Tibbi Sosial Ekspert Komissiyası: “Vətəndaş yalan danışır”

Source:


Tibbi Sosial Ekspert Komissiyası: “Vətəndaş yalan danışır”

“Camaat gedib pulla əlillik dərəcəsi alır. Mən həqiqətən əlil ola-ola 36 saylı Tibbi Sosial Ekspert Komisiyası əlillik dərəcəsi təyin etmək üçün məndən rüşvət istəyir”, – Zərdab rayon sakini Təbriz İsrafilzadənin sözləridir.


“Ekspert Komissiyası məndən 4 min manat rüşvət istədi”

Təbriz İsrafilzadə ondan rüşvət istənməsi ilə bağlı Meydan TV-yə məktubla müraciət edib. Bildirib ki, 36 saylı Tibbi Sosial Ekspert Komisiyası ondan sənəd üçün 4 min manat rüşvət istəyib:

“2012-ci ilin aprelində Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldım. Hərbi xidmət keçdiyim vaxt bədənimin hərarəti yüksəldiyi üçün hospitala yerləşdirildim. Orada müayinə olunan zaman ürəyimdə çat olduğu müəyyən edildi və stasionar müalicə aldıqdan sonra hərbi xidmətə yararsız olduğum üçün təxris edildim. Bunu təsdiqləyən sənədlər də var əlimdə. Və buna görə mənə Bakıda bankdan 2500 manat kompensasiya verildi. Bankdan mənə bildirdilər ki, əlillik dərəcəsi təyin edilsə, sənə əlavə 4000 manat da kompensasiya ödəniləcək”.


“Rüşvət vermədiyim üçün komissiya əlillik dərəcəsinin düşmədiyinə dair qərar verdi”

Bundan sonra T. İsrafilzadə əlillik dərəcəsi almaq üçün 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciət edib. Dediyinə görə, komissiyada ondan 4 min manat rüşvət istəyiblər: “İmkansız olduğumu və əlillik təyin ediləcəyi halda mənə əlavə 4000 manat kompensasiya veriləcəyini dedim. Mənə dedilər ki, həmin pulu gətir bizə ver, ondan sonra sənə əlillik dərəcəsi təyin edək. İstədikləri məbləği vermədiyim üçün Ekspert Komissiyası mənə əlillik dərəcəsi düşməməsinə dair qərar çıxardı. Əminəm ki, istədikləri rüşvəti versəydim, sağlam və ya xəstə olmağımdan asılı olmayaraq əlillik dərəcəsi təyin edəcəkdilər”.


Vətəndaş problemi ilə bağlı prezident və aidiyyatı qurumlara səslənir

Təbriz İsrafilzadə ona olunan haqsızlıqla bağlı prezidentə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova şikayət ərizəsi göndərib: “Ancaq heç bir cavab almamışam. Bir də mətbuat vasitəsilə onlara səslənərək, problemimin araşdırılmasını xahiş edirəm”.


“Vətəndaş tam yalan danışır”

36 saylı Zərdab rayon Tibbi Sosial Ekspert Komissiyasından Meydan Tv-yə bildirildi ki, Təbriz İsrafilzadə 2013 və 2014-cü illərdə 2 dəfə komissiyaya müraciət edib: “Hətta Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi də ona bir dəfə “əlil hesab edilmir”, iki dəfə isə “müalicə davam etdirilir” rəyi verib. Bir dəfə ürək qüsuru, ikinci dəfə aşağı ətrafın sınığı ilə müraciət edib. Hər birində də əlil hesab edilməyib. Burda bizlik heç nə yoxdur. Məlumatı məktub əsasında nazirliyə də göndərmişik”.

O ki qaldı komissiyanın Təbriz İsrafilovdan rüşvət istəməsinə, komissiya rəsmisi bildirdi ki, vətəndaş yalan danışır: “Nə rüşvət? Vətəndaş tam yalan danışır. Bizim heç bir rolumuz olmadan Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi ona rəyini verib. Müalicəsi davam edir. Bundan sonra da bizə müraciət etməyib”.

Ana səhifəXəbərlər”İstədikləri pulu vermədiyim üçün əlillik dərəcəsi ala bilmədim”