İstanbul məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib

Gültəkin Hacıbəyli – Foto: Şəxsi “Facebook” səhifəsindən

Dekabrın 16-da İstanbul Sülh Cəza Məhkəməsində Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin deport olunması ilə bağlı məhkəməsi keçirilib.

Məhkəmə Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

Bu barədə Hacıbəyli “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Sülh Cəza Məhkəməsində Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağımla bağlı şikayətimə baxılıb. Məhkəmə mənim şikayətimi təmin etməyib və İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, faktiki olaraq həbsdə saxlanılmağımla bağlı siyasi sifariş əsasında, heç bir hüquqi əsasa söykənməyən qərar verib”, – deyə o yazısında deyib.

Hacıbəyli bildirib ki, Türkiyədə 2 illik oturum icazəsi olmasına baxmayaraq, hansı qərar əsasında orada həbsdə saxlanılması ona məlum deyil. O bildirib ki, haqqında 5 illik deportasiya qərarı verilibsə, Türkiyə hakimiyyəti ondan yalnız ölkəni tərk etməyi tələb edə bilər.

“Azərbaycandan göndərilən sorğu əsasında faktiki olaraq həbsdə saxlanılmağım açıq şəkildə hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasıdır. Mən hansı əsasla Türkiyə dövləti tərəfindən məhkəmə qərarı olmadan həbsdə saxlanılıram? Mənim siyasi fəaliyyətim və kimliyim bəlli olduğu halda hansı əsasla mənə G-82 kodu əsasında dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatının üzvü kimi xüsusi sərt nəzarət rejimi tətbiq olunur? Deportasiya qərarına əsasən nəyə görə mənim Türkiyə ərazisini tərk edərək öz istədiyim ölkəyə getməyimə icazə verilmir? Bütün bu suallarıma verilən cavab budur ki, Ankaradan gələn göstəriş belədir”, – Hacıbəyli bildirib.

Gültəkin Hacıbəyli noyabrın 29-da polis tərəfindən Türkiyədə yaşadığı evindən aparılaraq “milli təhlükəsizlik üçün təhlükə yaradan xaricilər” kateqoriyası ilə G-82 kodu altında idarə nəzarətinə götürülüb. 

Dekabrın 15-də Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli barəsində 5 il müddətinə Türkiyədən deport qərarı çıxarılıb.

O, bu qərarı siyasi xarakterli sayır və geri göndərilməsi halında həbs olunacağını bildirib.

Hacıbəyli noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar saxlanıldığı ehtimal edilir.

Ana səhifəSiyasətİstanbul məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib