Gültəkin Hacıbəylinin deportasiyası ilə bağlı qərar qüvvədə qaldı

Gültəkin Hacıbəyli – Foto: Şəxsi “Facebook” səhifəsindən

Yanvarın 14-də İstanbul idarə Məhkəməsində Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin deport qərarının dayandırılması məsələsinə baxılıb.

Məhkəmə Hacıbəylinin şikayətini təmin etməyib.

O, bu barədə özünün “Facebook” səhifəsində məlumat verib.

Siyasətçi bildirib ki, 2 aya yaxındır Türkiyə Çatalca geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılır və deportasiya qərarının dayandırılması ilə bağlı şikayəti təmin olunmayıb.

Gültəkin Hacıbəylinin sözlərinə görə yanvarın 15-də Ankara İdarə Məhkəməsi onun üzərinə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciətinə əsasən İstanbul valiliyinə sorğu göndərilib.

“Bu gün isə Ankara İdarə Məhkəməsi üzərimə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciətim əsasında İstanbul Valiliyinə sorğu göndərilib. Xatırladım ki, G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”, – deyə o, məlumatında bildirib.

Gültəkin Hacıbəyli noyabrın 29-da polis tərəfindən Türkiyədə yaşadığı evindən aparılaraq “milli təhlükəsizlik üçün təhlükə yaradan xaricilər” kateqoriyası ilə G-82 kodu altında idarə nəzarətinə götürülüb. Dekabrın 15-də barəsində 5 il müddətinə Türkiyədən deport qərarı çıxarılıb.

Hacıbəyli bu qərarı siyasi xarakterli sayır və geri göndərilməsi halında həbs olunacağını bildirib.

Onun noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar saxlanıldığı ehtimal edilir.

Ana səhifəXəbərlərGültəkin Hacıbəylinin deportasiyası ilə bağlı qərar qüvvədə qaldı