”İşsizliyin səviyyəsi günbəgün böyüyür, nəinki azalır”

Ekspertlər nazir müavinin fikirləri ilə razılaşmırlar

Source:


Ekspertlər nazir müavinin fikirləri ilə razılaşmırlar

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub.

APA məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoruna istinadən yayıb.

Təqdimatda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son on ildə Azərbaycanda minimum əməkhaqqının 3,5, orta aylıq əməkhaqqının isə 3,3 dəfə artdığını deyib:

“Yoxsulluq səviyyəsi 6, işsizlik 5 faiz aşağı enib. 2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat olub. Orta aylıq əmək haqqı neft sektorunda 2805, qeyri-neft sektorunda 444 manatdır. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375, özəl müəssisələrdə çalışanlarınki isə 674 manat olub”.

Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əmək haqqının sənayedə 14,9 faiz artaraq 900 manata çatdığını deyib:

“Bu rəqəm inşaat sektorunda 18,6 faiz artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4 faiz artaraq 256,6 manata çatıb”.

Əmək haqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İ.İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45 mlrd. 395 mln. manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb:

“DSK-nin məlumatına əsasən ölkəmizdə iqtisadiyyatda məşğul olanların yalnız 31,8 faizi muzdla işləyənlər, yəni əmək müqaviləsi bağlayan şəxslərdir”.

Qubad İbadoğlu

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir ki, ölkədə iqtisadi fəal əhali 5 milyon 14 min 500 nəfərdir. Bunun 2 milyonu xaricdə çörək qazanmaq məcburiyyətindədir:

“Azərbaycanda özünü işlə təmin etmək şansları yüksəkdirsə, onlar niyə Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda iş axtarmalıdır?!”

Q.İbadoğlu işsizliyin böyük potensialının sənaye sektorunda olduğunu deyir. Onun sözlərinə görə, son 10 ildə sənaye sektorunda tənəzzül tempi bu səviyyədə olmamışdı:

“Digər məşğulluq potensialının yüksək olan sahələrindən biri tikintidir. Bu sektorda tənəzzül daha dərindir. Tikinti sektorunda iş yerlərinin təminatı ildən-ilə məhdudlaşır. Çünki tikinti-quraşdırma işlərinin həcmi çox aşağı düşüb”.

İqtisadçı Nemət Əliyev

Azərbaycanda orta minimum və orta aylıq əmək haqqının qalxmasına gəlincə, iqtisadçı Nemət Əliyev deyir ki, bu gün Azərbaycan iqtisadiyyatı təlatümlər yaşayır və bu, insanların həyatına təsirsiz ötüşmür. Orta aylıq əmək haqqı iki ildə 566 dollardan 310 dollara qədər düşüb:

“Bank sistemi tamamilə sıradan çıxb, bunu artıq deputatlar da deyir. İşsizlik səviyyəsi isə sürətlə böyüməkdədir. Nəinki azalıb”.

Ana səhifəXəbərlər”İşsizliyin səviyyəsi günbəgün böyüyür, nəinki azalır”