İşsizlik ordusu yarana bilər

Azər Mehtiyev: “Sahibkarlığa olan bütün inzibati maneələrin aradan qaldırılması və yeni fəaliyyətə başlamaq istəyən iş adamlarına ciddi güzəştlərin edilməsi lazımdır”

Source:


Azər Mehtiyev: “Sahibkarlığa olan bütün inzibati maneələrin aradan qaldırılması və yeni fəaliyyətə başlamaq istəyən iş adamlarına ciddi güzəştlərin edilməsi lazımdır”

Neftin qiymətinin düşməsinin yaratdığı ajiotajın ardınca Mərkəzi Bankın İdarə Heyəti milli valyutanın devalvasiya qərarını verdi. Hadisələrin doğurduğu narazılıq bitməmiş bir çox müəssisələr bağlanır, yaxud ixtisarlara start verilir. Həftə Bakı Şampan Zavodunun işçilərinin və cüdoçuların aylarla maaşlarını ala bilməməsi və 2 media holdinqin bir sıra saytların fəaliyyətini dayandırması xəbəri ilə başladı. İqtisadçı Azər Mehtiyevlə mövcud durum və bunun gözlənilən nəticələri ilə bağlı söhbət etdik.



Azər müəllim, artıq ixtisarlar və bir sıra müəssisələrin bağlanması barədə mətbuata xəbərlər sızdırılır. Necə düşünürsünüz, bu proses daha qlobal xarakter ala bilərmi?

– Neçə illər idi Azərbaycanda neft gəlirlərinin istifadəsində ciddi problemlərin olduğunu və qeyri-neft sektorunda yaradılan müəssisələrin daha çox neft gəlirlərindən pay alan oliqarxların nəzarətində işə salındığını vurğulayırdıq. O cümlədən, son illər formalaşan media strukturları və idman sahələri də həmin oliqarx məmurlar tərəfindın maliyyələşirdi. Təbii ki, belə bir “inkişaf”ın da davamlı olmayacağını söyləmişdik. Çünki sənayedə, idmanda, mediada, ümumiyyətlə, bütün sahələrdə dayanıqlı inkişaf etmək istəyiriksə, mütləq şəkildə rəqabətli mühitin formalaşması, həmin müəssisələdə hazırlanan məhsulların bazar tələbatına uyğunlaşdırılması vacib idi. Bazar şəraitində, rəqabətli mühitdə onlar formalaşıb inkişaf etməliydi ki, neft gəlirlərinin azaldığı dövr üçün onlar artıq dayanıqlı inkişafa malik olsunlar. Ancaq bunlar baş vermədi. Neft gəlirlərinin azalması və bölünməsi şəraitində həmin oliqarxlar üçün vəsait də azalır, belə bir vəziyyətdə onlar öz nəzarətindəki qurumlara davamlı maliyyə ayıra bilmirlər. Bu da həmin layihələrin dayanması ilə nəticələnir. Başqa sahələrdən fərqli olaraq, sənaye sahəsində yaradılan müəssisələrin bir çoxu işə başladıqda xaricdən məhsul gətirilməsinə qadağa qoyulur və bunu da yerli istehsalın qorunması adıyla edirdilər. Lakin yerli məhsullar müvafiq tələbatı keyfiyyət baxımından tam ödəyə bilmirdi, həm də məhsullar baha olduğundan onlara məcburi sifariş formalaşdırılırdı. Sonuncu isə dövlət qurumları vasitəsilə baş verirdi, hansı ki, bu vəsaiti neft gəlirlərindən əldə edirdilər. Son zamanlar iki proses baş verdi: Bir tərəfdən ölkəyə gələn neft gəlirləri kəskin azaldı, bu halda vəsaitlərin bölünməsində problemlər yaranır. İkinci, ölkə Avropa Yay Olimpiadasına hazırlaşır, bu istiqamətdə də iri maliyyə vəsaitləri ayrılır. Belə olduqda, idman, sənaye və media sahələrinin saxlanması üçün maliyyə ayrılması mümkün olmur. Nəticədə işçilərin ixtisarı və yaxud uzun müddət əməkhaqqı verilməməsi problemi yaşanır. Hətta istehsal olunan məhsulun satılmamasına gətirib çıxaran amilə çevrilir. Deməli, Azərbaycanda əvvəlcədən neft gəlirlərinin istifadəsi strategiyasının düzgün qurulmadığı təsdiqləndi.



Ötən il Azərbaycanda səneyə, bu il isə kənd təsərrüfatı ili elan olunub. Ölkə iqtisadiyyatı sənaye ilindən nə qazandı və bu il kənd təsərrüfatından hansı gözləntiləriniz var?

– Sənaye ilində sənaye istehsalının azalmasını müşahidə etdik. Düzdür, bu azalma daha çox neft sektoru hesabına oldu. Amma bütün hallarda neft sektorunda da diqqətçəkən məqamlar daha çox sənaye parklarının, müəssislərin yaradılması barədə prezident sərəncamlarını gördük. Bu proseslərin reallaşması isə uzun zaman tələb edir. Bunun kökündə bazar tələblərinə uyğunlaşmaq və bazar rəqabətinin formalaşması dayanmalıdır. Nə qədər ki, inkişafın mənbəyində rəqabəti görmürük, keçmiş sovet dövründən qalma yuxarıların istəyi prinsipi əsas götürülür, bu dayanıqlı inkişaf üçün baza formalaşdırıla bilməz. Uzun illərdir Azərbaycanda inhisarçılıq mühitinin hökm sürməsindən danışırıq, amma inhisarçılığın aradan qaldırılmasında heç bir ciddi addım atılmadı. 2006-cı ildən parlamentin müzakirəsinə verilən Rəqabət Məcəlləsi hələ də qəbul olunmayıb. Təbii ki, məcəllənin qəbul ediləcəyi təqdirdə bütün sahələrdə problemlərin həll olunacağını da düşünmürük. Hesab edirik ki, bu, hökumətin rəqabət mühitinə olan münasibətidir və hökumət rəqabətli mühitin yaradılmasında maraqlı deyil. Başqa bir məqam, Azərbaycan 1997-ci ildən Dünya Ticarət Təşkilatına üzv olmaq üçün müraciət edib, ancaq indiyə qədər də hökumətin rəqabətli mühitin yaradılmasında tam maraqlı olmaması səbəbindən üzvlük ləngiyir. Bunu yerli istehsalın gücləndirilməsi üçün atılan addım hesab edirlər. Halbuki, yerli istehsalın dayanaqlığını istəyiriksə, mütləq şəkildə rəqabətli mühitin yaradılmasında maraqlı olmalıyıq. Eyni qaydada kənd təsərrüfatı kooperativləri haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də atılan addlmlar yetərli deyil. Bu işlər ləngidikcə, kənd kooperativlərinin yaradılmasının qarşısını alır. Belə bir halda müəyyən kompensasiyalar verməklə kənd təsərrüfatının inkişafına nail olmaq mümkün deyil. Azərbaycanda kənd təsərrüfatı sahəsində çox ciddi problemlər mövcuddur, əgər bu sahənin inkişafını istəyiriksə, “Kənd təsərrüfatı ili” elan etməkdənsə, problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Yalnız bu halda ölkə üçün strateji əhəmiyyətə malik olan kənd təsərrüfatının inkişafına nail ola bilərik. Çünki kənd təsərrüfatının inkişafı qeyri-neft sənayesinin inkişafı qədər önəmlidir.



Hökumətə təkliflər müxtəlifdir, daha çox monopoliyanın aradan qaldırılması ilə bağlıdır, bu barədə nə deyə bilərsiniz?




Doğrudan da, bütün sahələrdə, həm ixrac-idxal əməliyyatlarında, həm də ölkədaxili iqtisadi fəaliyyətdə inhisarçılığın aradan qaldırılması vacibdir. Xüsusən söhbət məmur oliqarxların nəzarətinin götürülməsindən gedir. İkinci mühüm məsələ sahibkarlığın inkişafı üçün ciddi addımların atılması, sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Ona görə sahibkarlığa olan bütün inzibati maneələrin aradan qaldırılması və yeni fəaliyyətə başlamaq istəyən iş adamlarına ciddi güzəştlərin edilməsi lazımdır. Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu var, fondun vəsaitinin 90 faizə qədəri iri biznesə verilir, orta və kiçik biznesin maliyyələşdirilməsinə çox cüzi vəsait ayrılır. Bu maliyyəni də hansısa arzuolunmaz əlaqələr vasitəsilə əldə etmək mümkün olur.



Hakimiyyət sadaladığınız təklifləri həyata keçirməsə, hansı fəsadlar gözlənilir?

– Artıq bir sıra müəssisələrdə işlərin dayanması prosesi zəncirvaridir. İndiki halda sahibkarlığın inkişafı və inhisarçılığın aradan qaldırılması istiqamətində ciddi addımların atılması çox vacibdir. Ən vacib məsələlərdən biri isə ölkədə təhsil sisteminin qaydaya salınması və bacarıqlı insanlardan idarəetmədə istifadə edilməsidir. Hansı ki, son illərdə geri gedən sahələrdən biri məhz təhsil sistemidir.



Müşahidələriniz nə göstərir, hakimiyyət dəyişikliyə meyllidirmi

?

– Hələ hökumətin diqqəti Avropa Yay Olimpiadasına yönəldiyindən iqtisadi prosesləri nəzarətdə saxlamaqda meyllidirlər. Yəni baş verən proseslər baxımından hökumətin davranışlarında ciddi dəyişiklik görmürük.



Ancaq inzibati yollarla qiymət artımının qarşısı alınır…

– Təbii ki, həm beynəlxalq idman yarışı, həm də parlament seçkiləri hökuməti əhalini narahat edən addımlar atmaqdan çəkindirir. Diqqət edirsinizsə, manatın məzənnəsinin devalvasiya qərarı verildiyi üçün qiymət artımı qaçılmaz olsa da, hökumət müxtəlif inzibati yollarla prosesin qarşısını almağa çalışır. Əgər hökumət iqtisadiyyatın davamlı inkişafı üçün stimullaşdırıcı tədbirlərə getməsə, sahibkarlığın inkişafı və inhisarçılığın götürülməsi istiqamətində addımlar atılmasa, o zaman inzibati yollardan istifadə olunacaq. Ki, bu da son nəticədə faydalı olmayacaq. Çünki inzibati amillərin gücləndirilməsi ticarətin özünə belə zərbələr vurur, bir sıra hallarda müəssisələrin öz fəaliyyətlərini dayandırmağa meylli olduğunu da görürük.



Yəni işsizlər ordusu yarana bilərmi?

– Təbii, bu, qaçılmazdır. Onsuz da sənaye müəssisələrinin dayanması işsizlərin sayını artırır. Son zamanlar vergi təzyiqlərinin artması ticarət sferasında da gərginliyi artırıb. Bu baxımdan işsizliyin səviyyəsinin artması təbiidir.

Ana səhifəXəbərlərİşsizlik ordusu yarana bilər