“Hazırda Azərbaycanda işsizlik sosial sığorta hadisəsi kimi müəyyənləşdirilib. Amma təəssüflər olsun ki, belə olsa da işsizliyin ayrıca bir sığortası yoxdur”.
APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hər il Dövlət Sosial Müdafiə Fondunun büdcəsində işsizlik müavinətinin verilməsi üçün müəyyən qədər vəsait ayrılır: “Məndə olan məlumata görə bu il 5,9 milyon manat vəsait ayrılıb. Əlbəttə əhalisinin sayı 10 milyona yaxınlaşan bir ölkə üçün bu çox aşağı rəqəmdir. Düzdür bizdə işsizliyin səviyyəsi aşağıdır. Ona görə də biz düşünürük ki, dünyanın əksər inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da işsizlik sığortası müstəqil olmalı və hər bir işləyən adam işsiz ola biləcəyi haldan özünü sığortalamalıdır. Eyni zamanda, o, işsiz qalacağı halda hansı məbləğdə işsizlik müavinəti ala biləcəyini və bunun hansı müddətdə davam edəcəyini əvvəlcədən özü bilməlidir”.
Nazir qeyd edib ki, bütün bunları özündə əks etdirən qanun layihəsi hazırlanıb: “Yaxın günlərdə qanun layihəsini hökumətə təqdim edəcəyik. Ondan sonra müzakirələr aparılacaq. Biz bütün hallarda düşünürük ki, məşğulluq və işsizlik məsələlərinin tam çulğalaşması üçün bu çox vacib bir məsələdir”.