“Milyonlarla işsiz sosial müdafiə və məşğulluq tədbirlərindən kənarda qalıb”
Bundan sonra işsizlikdən sığorta fondunun sərbəst vəsaiti investisiyaya yönəldiləcək.
Bu, Prezident İlham Əliyevin yeni qanunvericilik aktına etdiyi dəyişikliklərdə nəzərdə tutulub.
Beləliklə, “İşsizlikdən sığorta haqqında” Qanunda edilən yeni dəyişikliklə Qanuna “sərbəst vəsait” və “investisiya gəliri” anlayışları əlavə edilib.
Sərbəst vəsaitin investisiyaya yönəldilməsinə gəlincə, bu, banklara depozit şəklində qoyulacaq.
Bildirilir ki, əldə olunan gəlirlər isə şəhid ailələri və müharibədə əlillik qazanmış insanların sosial müdafiəsinə, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılmasına, məşğulluq tədbirlərinə sərf olunacaq.
İşsizlikdən sığorta fondunun sərbəst vəsaiti fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıqdır.
Fondun investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir.
“Təpədən dırnağa qədər korrupsiya iyi verən…”
İqtisadçı Qubad İbadoğlu deyir ki, bu addım milyonlarla işsizi sosial müdafiə və məşğulluq tədbirlərindən kənarda saxlayacaq:
“Əvvəla, Azərbaycanda milyonlarla işsiz olduğu, milyonlarla işləyəndən işsizlik sığorta haqqı tutulduğu halda, 2023-cü ildə işsizliyə görə sığorta ödənişləri üzrə 11 mln. manat proqnozlaşdırılıb. Bu, İşsizlikdən Sığorta Fondunun xərclərinin 5,2 faizini təşkil edir. Məsələn, işsizlikdən sığorta ödənişləri üzrə 2021-ci ildə 13 mln. manat proqnoz göstəricisinin 39,2 faizi və ya 5,1 mln. manatı istifadə edilib”.
“Ötən ilin 6 ayında illik 8,5 mln. manat proqnoz göstəricisinin 36,5 faizi xərclənib. Təqdim edilmiş məlumatlara əsasən, 2021-ci ildə işsizlikdən sığortaya görə 3734 nəfərə, 2022-ci ilin I yarısında 2912 nəfərə ödəniş edilib, beləliklə də, milyonlarla işsiz sosial müdafiə və məşğulluq tədbirlərindən kənarda qalıb”, – deyə iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, milyonlarla işsizin kənarda qaldığı prosesdən yığılan pullar əsasən, təpədən dırnağa qədər korrupsiya iyi verən “Özünüməşğulluq tədbirlərinin təşkili”nə yönəlib. Bu da Fondun xərclərinin hardasa 41,1 faizidir:
“Ümumi vəsaitdən 37.4 faizi məşğulluq agentliklərinin və DOST xidmətinin saxlanmasına yönəlib. İşsizlərə sığorta kimi ayrılan vəsaitlərin son illər ərzində Fondun cəmi xərclərində 5-10 faiz təşkil etməsinə baxmayaraq, onun da faktiki olaraq 35-40 faizi xərclənir. Beləliklə də, işsizərin kiçik bir qrupuna aşağı məbləğdə sığorta ödənildiyindən Fondda qənaət yaranır”.
“Əksər işsizə nə sığorta haqqı, nə də iş verilir”
Qubad İbadoğlu bildirib ki, bu səbəbdən də Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi” Qaydasını təsdiq edib:
“Biz sözlə, işsiz adı ilə işləyəndən pul yığılır, cüzi bir hissəsi işsizlərə sığorta haqqı kimi ödənilir, əldə edilmiş qənaət də investisiyaya, məsələn rayonlarda istifadəsiz qalan Olimpiya Kompleksinin tikintisinə yönəldilir. Əksər işsizə də nə sığorta haqqı, nə də iş verilir”.
Azərbaycanda müddətli əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən işdən azad olunan şəxslərin sığorta ödənişi alması üçün tələb olunan staj 30 aydır.
2022-ci ilədək bu rəqəm 35 ay olub.
Eyni zamanda, 2022-ci ilədək sığorta ödənişinin təyin olunması üçün əməkqabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti var idi.
Hazırkı hesablama işdən azad edilən aydan götürülür.
Vətəndaşın əmək müqaviləsinə hansı tarixdən xitam verilibsə, ondan əvvəlki 12 və 24 ay sığorta stajına baxılır, bununla da sığorta ödənişinin təyin olunması prosesi həyata keçirilir. Lakin nə qədər işdən azad olunan insanın sığorta ödənişinə əli çatır, bunu demək çətindir.
İşsizlikdən Sığorta Fondunun 2022-ci ildə büdcəsinin gəlirləri 180 milyon 375 min 536 manat, xərcləri isə 180 milyon 375 min 536 manat olub.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 41,5 milyon manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Rüblük işsizlikdən sığorta daxilolmalarının 30,6 milyon manatı qeyri-büdcə təşkilatlarının hesabına formalaşıb.
Bu isə 1 il əvvələ nisbətən 19 % çoxdur.