”İşsizlər ordusuna yeni insanlar əlavə olunacaq”

Xaricdə təhsil dayandırıldı, tibbi sığorta hələ də yoxdur

Source:


Xaricdə təhsil dayandırıldı, tibbi sığorta hələ də yoxdur

Son 4-5 ildə Azərbaycan bir sıra beynəlxalq yarışlara, müsabiqələrə ev sahibliyi etdi. “Eurovision 2012” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları və indi də Formula 1 yarışları keçiriləcək. Bu yarışmalara görə tikilən Baku Crystal Hall-un, Bakı Olimpiya Stadionunun tikintisində bir xeyli adam işlə təmin olundu. 2015-ci ildən bu yana isə Azərbaycanda tikinti sektoru demək olar ki, dayandı. Səbəb isə dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Milli valyutaya gəlincə, iki dəfə dəyərini itirdiyindən vəziyyət daha da ağırlaşdı. Xüsusən də özəl sektorda olan iş yerləri ya qapandı, ya da işçi ixtisarına getdi. Krizis dövlət müəssisələrində də yan keçmədi. Nazirlik və komitələrin bir-birini tamamlayan şöbələri ləğv olundu. Hətta İqtisadiyyat və Sənaye Nazirliyinin bəzi səlahiyyətləri azaldıldı,nazirliyin adındalı sənaye sözü belə ixtisar edildi. Bu da işsizlərin sayının artması ilə nəticələndi.


İşsizlik – reallıq və dövlət hesabatlarında…

Hökumətin açıqladığı hesabatlarda son 12 ildə 1 milyon 500 min yeni iş yerlərinin açıldığı söylənir.

Ancaq prezident İlham Əliyev ötən il 40 min iş yerinin bağlandığını etiraf edib. Dövlət Statistika Komitəsinin hesabatı da deyir ki, ölkədə işsizlik səviyyəsi hələ də 5 faizin altındadır.


Ölkədə nə qədər işsiz var?

Statistika Komitəsinin yaydığı məlumata görə, bir ildə Azərbaycanda iqtisadi fəal əhali 73 min 600 nəfər artıb və fevralın 1-nə 4 milyon 917 min 900 nəfərə çatıb.

Onlardan 4 milyon 673 min 800 nəfəri əmək fəaliyyəti ilə məşğuldur. Rəsmi statistikaya görə,hazırda 244 min 100 nəfər işsiz var. Bu da ölkədə işsizlik səviyyəsinin 4,96 faiz olması deməkdir.


“İşsizlər ordusuna yeni insanlar əlavə olunacaq”

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan müstəqillik qazanandan sonra əhalinin işsizlik problemini həll etmək üçün əlavə dövlət təşkilatları yaradıldı, ştatlar süni şəkildə artırıldı.Hətta vəziyyət elə bir həddə çatdı ki, dövlət büdcəsi hesabına məvacib alan işçilərin sayı 1 milyon nəfəri ötdü: “Bu gün isə neft sektoru zəifləyib və neftin hesabına açılan iş yerləri bağlanmağa, ixtisarlara getməyə başlayıb. Nəticədə, işsizlərin sayı artıb. 2016-cı il asan bitməyəcək. Dövlət strukturlarında kütləvi ixtisarlar davam edəcək. Deməli, işsizlər ordusuna yeni insanlar əlavə olunacaq”.


Xaricdə təhsil proqramı dayandırıldı

Azərbaycan hökuməti müxtəlif beynəlxalq yarış və müsabiqələrə ev sahibliyi edir, ölkəyə xaricdən qonaqlar gəlməsini istəyir. Ancaq nədənsə azərbaycanlı gənclərin xaricə çıxmasını istəmir. Belə ki, bir neçə həftə öncə təhsil naziri Mikayıl Cabbarov xaricdə təhsil proqramını dayandırdı.

“Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılır. Proqramın yeni formatı hazırlanacaq”, – Mikayıl Cabbarov belə deyib. Nazir qeyd edib ki, yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.


Niyə gənclər oxumaq üçün xarici ölkələrə üz tutur?

Fuad Hacıyev
Fuad Hacıyev

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev musavat.com saytına deyib ki, bunun əsas səbəbi təhsilin digər ölkələrdə daha güclü, keyfiyyətli olmasıdır. Heç kim dana bilməz ki, bizdə təhsil sistemində ciddi problemlər var: “Azərbaycan təhsilində iki problem var – təhsil və sistem… Bir dəfə gənclər “Azərbaycanda təhsil” adlı kitab çap etmişdilər. Kitabda bir kəlimə də yazılmamışdı. Vərəqələr ağ idi. Belə aksiyaların səbəbi təhsili pisləmək deyil, təhsilin daha yaxşı olmasını istəməkdir. Həmin kitab bugünkü təhsilin durumunu göstərirdi”.


1999-cu ildə qəbul edilmiş qanun hələ də işləmir

Azərbaycan vətəndaşının problemləri işsizlik və təhsillə bitmir. Başlıca problemlərdən biri də səhiyyədir. Sadə bir misal çəkək. Azərbaycanda hələ də tibbi siğorta sahəsi tam inkişaf etməyib. Bunun da nəticəsində əksər insanların əli həkimə, xəstəxanaya çatmır. Baxmayaraq ki,”Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanun sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsini təşkil etməlidir. Hər hansı sığorta hadisəsi baş verərsə, əhalinin tibbi və dərman yardımı almasına təminat verməlidir. Ancaq işə yaramır.

Sosial məsələlər üzrə ekspert Azər Quliyev deyir ki, bütün dünyada tibbi sığorta səhiyyə maliyyələşməsinin uğurlu modeli hesab edilir. Lakin Azərbaycan hökuməti bu sistemin tətbiqinə tələsmir: “17 il ərzində tibb sığortanın tətbiq edilməməsi artıq dövlətin bilərəkdən bu işə ciddi yanaşmadığını söyləməyə əsas verir. Halbuki tibbi sığortanın faydaları çoxdur”.

A.Quliyev“İcbari sığorta üzrə Dövlət Agentliyi”nin yaradılması haqqında 2007-ci ildə imzalanmış sərəncamı xatırladır: “Bu agentliyin yaradılması tibbi sığortanın işləyəcəyinə ümid yaratmışdı. Lakin agentliyin fəaliyyəti də tibbi sığorta kimi arxivə gömüldü”.

Hazırda tibbi sığorta sistemindən xarici şirkətlərdə çalışan işçilər istifadə edirlər. A.Quliyev deyir ki, ölkə əhalisinin əsas hissəsi isə tibbi sığortadan kənarda qalıb: “Sığorta islahatları üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. Məsələn, 2012-ci ilin dövlət büdcəsindən 30 milyon manat ayrılıb. Hesab edirəm ki, neftin qiymətinin ən yüksək səviyyədə olduğu illərdə tibbi sığortanın tətbiqi üçün iş görülmədisə, deməli, əhali hələ uzun illər bu sistemdən məhrum olacq”.

Ana səhifəXəbərlər”İşsizlər ordusuna yeni insanlar əlavə olunacaq”