Bakıdakı səfirlik və konsulluq bağlanıb
Bütün dünya üzrə İsrailin səfirlikləri tətil elan edərək, işlərini dayandırıblar.
“The Times of Israel” nəşrinin məlumatına görə, diplomatlar ölkənin Maliyyə Nazirliyinin qərarına etiraz
edirlər.
Nazirlik, diplomatların tədbirlərə çəkilən xərclərin və nəqliyyat xərclərinin özlərinin ödəməli olduqlarını bildirib. Nazirliyin qərarı arxa tarixə, yəni qərardan əvvəl də baş tutan tədbirlərə aid edildiyindən, diplomatların borcları yaranıb.
Qərar həmçinin hərbi attaşelərə də aid edildiyindən, Müdafiə Nazirliyi də bu tətilə qoşulub.
“The Times of Israel” nəşri qeyd edib ki, son 20 ildə İsrailin bütün nazirliklərinin büdcəsinin artdığı halda XİN büdcəsi azalmağa doğru gedib. Hazırda XİN-in illik büdcəsi 367 milyon dollardır.
“Trend” İnformasiya Agentliyinin məlumatına görə, İsrailin Bakıdakı səfirliyi də tətilə
qoşulub.
Səfirlikdən agentliyə verilən məlumata görə, konsulluq xidməti göstərilməyəcək, səfirlik bağlı olacaq.
Diplomatik xidmətdən tətilin Maliyyə Nazirliyinin qərarı ilə bağlı olduğunu təsdiq ediblər və qeyd ediblər ki, başqa seçimləri qalmayıb.