HƏMAS hücumlara müqavimət göstərməyə hazır olduğunu açıqlayıb
İsrail ordusunun Fələstin anklavına havadan və qurudan hücumlarını genişləndirdiyi bildirilir.
HƏMAS İsrailin hücumlarına tam güclə müqavimət göstərəcəyini bildirib.
Bu gün, oktyabrın 28-də isə İsrail çoxdan planlaşdırdığı quru hücumuna başlayıb.
Oktyabrın 7-də 1400 israillinin ölümü ilə nəticələnən HƏMAS hücumundan sonra İsrail həmin silahlıların kökünü kəsməyə söz verib.
Bundan sonra İsrailin Qəzzaya hava hücumu başlayıb. Günlərlə sürən bombardman nəticəsində yüzlərlə insanın öldüyü, minlərlə insanın isə ölkəni tərk etdiyi açıqlanıb.
Qəzzada demək olar ki, internet və telefon xidmətləri kəsilib. Telekommunikasiya firmaları və Fələstin Qızıl Aypara Cəmiyyəti bunun İsrailin bombardmanlarının nəticəsi olduğunu bildirib.
İsrail ordusunun sözçüsü Haqari bildirib ki, oktyabrın 28-də qida, su və dərman daşıyan yük maşınlarının Qəzzaya girməsinə icazə verəcək.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus deyib ki, işıqların kəsilməsi təcili yardım maşınlarının Qəzzada yaralılara çatmasını qeyri-mümkün edib.
“Belə şəraitdə xəstələrin təxliyəsi və ya təhlükəsiz sığınacaq tapması mümkün deyil”, – “X”-də (“Twitter”) belə yazıb. O, həmçinin ÜST-nin işçiləri və səhiyyə müəssisələri ilə əlaqə saxlaya bilmədiyini söyləyib.
Qəzzanı idarə edən Fələstin silahlı qruplaşması onun döyüşçülərinin İsraillə sərhədə yaxın ərazilərdə İsrail əsgərləri ilə toqquşduğunu bildirib.
“Son bir neçə gündə həyata keçirilən hücumlarla yanaşı, quru qoşunları da bu gecə əməliyyatlarını genişləndirir. Gecə ərzində İDF qırıcıları Qəzza zolağının şimalında terror tunelləri, yeraltı döyüş sahələri və əlavə yeraltı infrastruktur da daxil olmaqla 150 yeraltı hədəfə zərbələr endirib. Bundan başqa, bir neçə HƏMAS terrorçusu öldürülüb”, – İsrail hərbçiləri bildirib.
HƏMAS-ın silahlı qanadı olan Əl-Qəssam briqadaları şənbə günü səhər saatlarında bildirib ki, onun döyüşçüləri Qəzzanın şimal-şərqindəki Beyt Hanun şəhərində və Əl-Bureyc şəhərinin mərkəzi bölgəsində İsrail əsgərləri ilə döyüşür.
“Əl-Qəssam Briqadaları və bütün Fələstinin müqavimət qüvvələri təcavüzə tam güclə müqavimət göstərməyə və hücumların qarşısını almağa tam hazırdırlar” – deyə, o bildirib.