İsrail səfirliyi yaxınlığında saxlanılan Əfqanıstan vətəndaşı 10 il həbs cəzası alıb

Fəvzan Musa Xan Bakıda terror aktı planlaşdırmaqda təqsirləndirilir

2023-cü ilin yayında Bakıda İzmir küçəsində – “Hyatt Regency” otelinin yaxınlığında piyada hərəkətdə olan Əfqanıstan vətəndaşı Fəvzan Musa Xanın (Fawzan Mosa Khan) qəfildən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlandığı videogörüntülər yayılmışdı. İddia olunurdu ki, Fəvzan Musa Xan həmin ərazidə yerləşən xarici ölkə səfirliklərindən birində terror aktı törətməyi plandırdığına görə saxlanılıb. Amma konkret hansı səfirlikdən bəhs olunduğu açıqlanmırdı. Sonradan İsrail mətbuatı məlumat yaydı ki, İsrailin Bakıdakı səfirliyindən söhbət gedirmiş.

1990-cı il təvəllüdlü Fəvzan Musa Xanın o vaxtdan Azərbaycanda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3 (bir qrup şəxs tərəfindən silahdan istifadə olunmaqla terrora hazırlıq) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, Fəvzan Musa Xan əvvəllər terror aktlarında iştirakçılıqla əlaqədar iki dəfə Əfqanıstanda həbs olunub. Daha sonra “Taliban”ın təqibindən yayınmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib. 2023-cü il mayın 5-də oradan Azərbaycana gəlib. O, İŞİD terror təşkilatının Əfqanıstandakı qolu olan “Vilayəti Xorasan” birləşməsinin sabiq üzvüdür, partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssisdir.

Həmçinin ittihamda bildirilir ki, Fəvzan Musa ölkə ərazisində yerləşən ABŞ və İsrail diplomatik nümayəndəliklərinə qarşı terror fəaliyyətini həyata keçirmək niyyətində olub. Bu məqsədlə əvvəl İsrail səfirliyinin yerləşdiyi ərazinin müəyyənləşdirib. O ərazinin müşahidəsini aparıb. Səfirliyə qarşı terror aktı törətmək məqsədi ilə maliyyə dəstəyi, bu işə əlavə şəxslər cəlb etmək istiqamətində addımlar atıb.

İttihamda o da qeyd olunur ki, Fəvzan Musa Xanın Bakıda kirayə qaldığı evdən onun terror aktı hazırladığını sübut edən sənədlər, telefonundan danışıqlar tapılıb.

Fəvzan Musa Xan isə ittihamda yazılanlarla razılaşmır, nahaqdan həbsdə saxlandığını iddia edir. O bildirib ki, 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə – Dubaya “Taliban”dan yayınmaq üçün yox, işləyib pul qazanmaq məqsədilə gedib və istədiyinə də nail olub. Orada avtoyuma məntəqəsində və mağazada işləyib, pul qazanıb. Deyir ki, Dubayda yaşadığı dövrdə məscidə də gedib-gəlirdi, İslam dininin Əhli-Sünnə təriqətinin hənəfi məzhəbi üzrə ibadətinə davam edirdi.

Bakıya gəlməyinin səbəbinə gəlincə, onun sözlərinə görə, bunu ona əfqanıstanlı bir tanışı məsləhət görüb. Onun sözlərinə görə, tanışı deyib ki, Bakıda iş tapıb, yaxşı pul qazana bilər. Bu işdə də ona Bakıdakı Abdullah adlı tanışı kömək edəcək. Fəvzan Musa Xanın dediyinə görə, Bakıya gələndə aeroportda onu qarşılamaqdan tutmuş, əvvəl 20 günlük otelə yerləşdirmək, sonra Masazırda kirayə ev tutmağa qədər bütün bu işləri həmin o Abdullah yerinə yetirib.

Evindən tapılan sxem, səs yazısına bağlı sübutları da o, qəbul etmir:

“Mən İsrail səfirliyinin harada yerləşdiyini bilmirəm. Turist kimi şəhərdə gəzmişəm, başqa parklara da getmişəm, oralarda da şəkillər, videolar çəkmişəm. Kirayə qaldığım mənzildən tapılan bir çox şeylər mənim deyil. Açar bir neçə gün Abdullahda olub. Mən nə həbsdə olmuşam, nə də müharibədə”.

Fəvzan Musa Xanın işi üzrə istintaq DTX-nın İstintaq İdarəsində aparılıb. Onun işinə daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Oktyabrın 29-da məhkəmədə onun haqqında hökm çıxarılıb. Hakim Şəlalə Həsənovanın sədrliyilə çıxarılan hökmə əsasən, 34 yaşlı Əfqanıstan vətəndaşı terrorçuluğa hazırlıqda təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərİsrail səfirliyi yaxınlığında saxlanılan Əfqanıstan vətəndaşı 10 il həbs cəzası alıb