HƏMAS hər vurulan binaya görə bir əsir öldürəcəyini deyir
Minlərlə fələstinli oktyabrın 14-də İsrailin gözlənilən quru hücumundan qaçmaq üçün Qəzzanın şimal hissəsini tərk edib.
İsrail isə bu arada daha çox bölgəyə hava zərbələri endirib. Bildirib ki, insanların qaçması üçün iki yolu açıq saxlayıb.
İsrail ötən həftə şəhərlərinə basqın edən, dinc sakinləri güllələyən və girov götürən HƏMAS döyüşçülərinin hərəkətinə cavab verdiyini açıqlayıb. Qəzzaya nəzarət edən HƏMAS qrupunu məhv edəcəyinə söz verib.
Ötən həftə İsrailə edilən hücum nəticəsində 1300-ə yaxın insan həlak olub.
İsrail qüvvələri bundan sonra 2,3 milyon fələstinlinin yaşadığı, HƏMAS-ın idarə etdiyi Qəzza zolağını tam mühasirəyə alıb və boşbalayıb. Qəzza rəsmiləri 2200-dən çox insanın öldüyünü, onların dörddə birinin uşaq olduğunu, 10 minə yaxınının isə yaralandığını bildirib.
İsrail anklavın ən böyük yaşayış məntəqəsi Qəzza şəhərinin daxil olduğu Qəzza zolağının şimal yarısının əhalisinə cənuba doğru hərəkət etmək üçün bu günədək vaxt verib.
İsrail ordusunun sözçüsü polkovnik-leytenant Conatan Konrikus bildirib ki, qoşunlar Qəzza zolağının ətrafında toplaşıb, əməliyyatların növbəti mərhələsinə hazırlaşırlar.
HƏMAS isə fələstinliləri bölgəni tərk etməməyə çağırıb və çıxış yollarının təhlükəli olduğunu bildirib. Oktyabrın 13-də qaçqınları daşıyan avtomobillərə və yük maşınlarına endirilən zərbələr nəticəsində onlarla adamın öldüyü bildirilir.
İsrail isə bildirir ki, HƏMAS insanlardan canlı qalxan kimi istifadə etmək istəyir. Ona görə getmələrinə mane olur. HƏMAS isə bunu inkar edir.
İsrailə edilən hücum yüz minlərlə ehtiyatda olan hərbçini qısa zamandan səfərbər edib.
Qaçırılan israillilərin ailələri onların təhlükəsizliyindən narahatdır.
HƏMAS bildirib ki, İsrailin hava hücumları nəticəsində bir gecədə dörd əcnəbi olmaqla, doqquz əsir öldürülüb. Daha öncə isə İsrailin xəbərdarlıq etmədən vurduğu hər binaya görə bir girovu öldürəcəklərini açıqlamışdılar.