İsrail Qəzzanın mərkəzini hədəfə alıb: 28 fələstinlinin öldüyü bildirilir

Foto: Reuters

İsrailin quru qoşunları Qərbə doğru irəliləyir

İsrail qüvvələrinin Qəzzanın mərkəzi hissəsi və cənubunu hədəf aldığı bildirilir. HƏMAS -İsrail müharibəsi artıq 8 aydır ki, davam edir. İndi isə İsrailin Qəzzanı yenidən bombalaması nəticəsində daha 28 fələstinlinin öldüyü bildirilir. Eyni zamandan İsrailin quru qoşunlarının, tanklarının Rəfahın qərbinə doğru irəlilədiyi bildirilib.

ABŞ-nin dəstəklədiyi Qətər və Misir vasitəçiləri bu həftə hər iki tərəfə müraciət edərək israilli girovların və İsraildə həbsdə olan fələstinlilərin azad edilməsinə çağırıb. Eyni zamanda, bildirilir ki, müharibə humanitar fəlakət gətirib, tezliklə dayandırılmalı, fəsadları aradan qaldırılmalıdır. Danışıqlara yaxın mənbələr hələlik, bu istiqamətdə hər hansı irəliləyiş əldə olunmadığını bildirib. Qəzza səhiyyə rəsmiləri bildirib ki, Rəfahın qərbində tanklardan atəşə tutulma nəticəsində iki fələstinli ölüb, bir neçə nəfər isə yaralanıb. Fələstinli həkimlər Qəzzanın mərkəzinə atılan bombalardan  bir gecədə azı 15 nəfərin öldüyünü bildiriblər.

Bunlar bəlli olan rəqəmlərdir. Həmçinin Rəfahın şimalındakı daha böyük Xan Yunis şəhərində İsrail hava qüvvələrinin bir evə endirdiyi hücumda 8 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında uşaqların olduğu deyilir. Qəzzanın şimalında İsrail hava qüvvələrinin köçkün ailələrin sığındığı məktəb binasına endirdiyi zərbədə isə üç fələstinlinin həlak olduğu açıqlanıb.

İsrailin hesablamalarına görə, ötən il oktyabrın 7-də HƏMAS-ın hücumu 1200-ə yaxın iraillinin ölümünə səbəb olub, 250-dən çox insan əsir düşüb. İsrailin Qəzzanı işğalı və bombardmanı nəticəsində son 24 saat ərzində 77 nəfər də daxil olmaqla ən azı 36 731 nəfərin həlak olduğu açıqlanıb.

Bildirilib ki, bunlar hələ məlum olan rəqəmlərdir, daha çox ölü və yaralı ola bilər. Müharibə ərzində 2,3 milyon əhalinin əksəriyyətinin evindən didərgin düşdüyü deyilir.

Ana səhifəDünyaİsrail Qəzzanın mərkəzini hədəfə alıb: 28 fələstinlinin öldüyü bildirilir