Dağlıq Qarabağ münaqişəsinin son günlərində, atəşkəsə təkid etmək məqsədilə Rusiya Yerevanı Azərbaycana raket atmağa çağırıb.
Ermənistan noyabrda, Dağlıq Qarabağ müharibəsi zamanı Bakını ən azı bir dəfə Rusiya istehsalı olan “İskəndər” ballistik raketi ilə atəşə tutub. Lakin hadisə ilə bağlı məlumat verən yüksək vəzifəli rəsmilərdən biri “Middle East Eye” portalına raketin Azərbaycan tərəfindən vurulduğunu bildirib.
Ermənistan və Azərbaycan noyabr ayında, 6 həftəlik ağır döyüşlərdən və strateji mövqedə yerləşən Şuşa şəhərinin (erməni dilində Şuşi olaraq adlandırılır) Azərbaycan ordusu tərəfindən ələ keçirilməsindən sonra Rusiya və Türkiyənin də vasitəçiliyi ilə atəşkəs imzalayıb.
Yüksək vəzifəli rəsminin sözlərinə görə, Rusiya Ermənistanı “İskəndər” raketlərindən istifadə etməsi üçün cəsarətləndirib və əraziləri sürətlə ələ keçirən Azərbaycanı atəşkəs bağlamağa vadar etmək üçün onların işə salınması üçün maddi dəstək verib.
“”İskəndər” ballistik raketi Yerevan tərəfindən atəşkəsdən bir neçə gün əvvəl birbaşa paytaxta atılıb. Bu, Azərbaycan hakimiyyətini narahat edib. Lakin Azərbaycan ordusunun idarə etdiyi İsrail istehsalı olan “Barak-8" müdafiə sistemi onu vurmağı bacarıb”, – deyə yüksək vəzifəli şəxs bildirib.
“Bu raketlərdən daha çox istifadə vəziyyəti həqiqətən daha çox pisləşdirə bilərdi. Düşünürəm ki, digər məsələlərlə yanaşı, bu da Azərbaycan rəhbərliyini atəşkəsi qəbul etməyə sövq edib”.
Noyabr ayında müharibədə iştirak edən yüksək rütbəli bir erməni hərbçi jurnalistlərə Yerevanın həqiqətən də Azərbaycana yaxın məsafədən raket atdığını söyləyib.
“Bloomberg”in yadığı xəbərdə general-polkovnik Movses Hakobyan, Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri vəzifəsindən çıxarıldıqdan sonrakı müsahibəsində “Bu müharibə zamanı istifadə edildi, amma harada olduğunu deməyəcəyəm”,- deyə qeyd edib.
Müharibə zamanı Rusiya da “vicdanlarının imkan verdiyi qədər” Yerevana hərbi texnika gətirib.
Azərbaycanda “İskəndər” kimi raketləri məhv etmək üçün istifadə edilən 12 atıcı və 75 yer-hava tipli raketləri olan “Barak 8" sisteminin quru versiyası mövcuddur. Sistem 2018-ci ildə Azərbaycan tərəfindən satın alınıb və sınaqdan keçirilib.
9 noyabrda atəşkəsin elan olunmasından bir neçə saat əvvəl sosial mediada yayılan video görüntülərdə Ermənistanın Azərbaycan ərazisinə “İskəndər” raketi atdığı görünür.
Türkiyədəki EDAM Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Can Kasapoğlu MEE-yə bildirib ki, Bakı Dağlıq Qarabağ bölgəsindən “İskəndər” mobil sistemlərinin əhatə dairəsində olub.
“Olduqca inandırıcıdır ki, Ermənilər Azərbaycanı atəşkəs bağlamağa məcbur etmək üçün son vasitə olaraq Bakını “İskəndər” raketi ilə hədəf alıb. “İskəndər”in istifadəsi Azərbaycanın döyüş sahəsindəki texnoloji üstünlüyünün təsiri altında olan Ermənistanın müharibə müddətində çəkindirmə cəhdlərinə uyğun gəlir”.
Münaqişənin əvvəlində Ermənistan ordusu “Toçka” və “Scud” raketləri ilə Azərbaycanı hədəf alıb. Kasapoğlu, vəziyyətin çıxılmaz hala gəldikdə, Ermənistanın “İskəndər” kimi daha inkişaf etmiş modellərə üz tutmasının başa düşülən olduğunu deyib.
“Əlbəttə, digər erməni raketlərinin vurduğu kimi, bu vasitələrin də mülki əhalini hədəf alması müharibə cinayətidir”,- deyə o əlavə edib.
Bu həftə açıq mənbələrdən əldə edilən məlumatlara əsasən
Ermənistanın müharibə dövründə “İskəndər” raketlərindən istifadəsinə dair hesabat dərc etməyi planlaşdıran Kasapoğlu deyib ki, araşdırmalar bu ölkənin atəşkəsə 24 və ya 48 saat qalmış raket atdığını üzə çıxarıb:
“İnanırıq ki, raketlərin idarəetmə mərkəzini ermənilər və rus ordusu birlikdə işlətdiyi üçün ruslar öz rollarını oynadılar”.
Azərbaycan Prezidenti İlham Əliyev keçən həftə bir qrup jurnalistə verdiyi açıqlamada Ermənistanın Azərbaycan ərazisinə çox sayda ballistik raket atdığını və bölgə ölkələrinin onlara istiqamət verə biləcəyini söyləyib.
Oktyabrda erməni raketləri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəf alıb və mülki insanların yaralanmasına səbəb olub. Azərbaycan ən azı 300 km məsafədən atılan iki raketin Bakıya yaxın ərazilərə düşdüyünü bildirib.
Həm Azərbaycan, həm də Ermənistan qüvvələri mübahisəli bölgə olan Dağlıq Qarabağda hərbi cinayətlərdək günahlandırılır.
Erməni gərginliyi
“İskəndər” barədə açıqlamalar, Baş nazir Nikol Paşinyanla hərbi liderlər arasında müharibə dövründə bu raketlərin effektivliyi barədə ictimai müzakirələr aparıldığı, Ermənistanın ötən həftə ciddi siyasi qeyri-müəyyənlik dövrünü yaşadığı bir vaxta təsadüf edir.
Türkiyənin dəstəklədiyi qüvvələr Ermənistanın irəliləməsinin qarşısını aldıqdan sonra Azərbaycan Dağlıq Qarabağda tam qələbə elan edib.
Paşinyan keçən həftə verdiyi bir müsahibədə raketlərin partlamadığına və ya köhnəlmiş olma ehtimalı olduğuna görə cəmi 10 faiz təsirli olduğunu söyləyib.
Onu sözləri silahlı qüvvələrin baş qərargah rəisinin müavini tərəfindən ələ salınıb. Buna görə qərargah rəisinin müavini Tiran Xaçaryan vəzifəsindən uzaqlaşdırılıb.
Cümə axşamı, ordu ultimatum göndərərək Paşinyanın Dağlıq Qarabağdakı məğlubiyyətdən sonra kritik bir anda məntiqli qərarlar qəbul edə bilməməsi səbəbindən istefasını tələb edib.
Paşinyan bəyanatı “çevriliş cəhdi” kimi qiymətləndirib və yüksək səviyyəli hərbi administrasiyanı sıxışdırmağa çalışıb, ancaq Prezident Armen Sarksyandan lazımi dəstəyi ala bilməyib.
Bir neçə gün davam edən etiraz aksiyalarından və hərbiçilər öz mövqelərində qaldığından Paşinyan bazar ertəsi günü sözçüsü vasitəsi ilə vəziyyət barədə “lazımi şəkildə məlumatlandırılmadığını” söyləyərək geri çəkilib.
Müəllif: Raqip Soylu, Ankara