İsrail HƏMAS-ın məktəbdə yerləşən idarəetmə mərkəzini vurub: “100-dək ölən var”

Fələstin-İsrail. Foto: Bartolomiej Pietrzyk/shutterstoc

Mülki Müdafiə Agentliyi onlarla yaralının olduğunu deyir

İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada Əl-Tabain məktəbində yerləşən HƏMAS komandanlıq və idarəetmə mərkəzinə zərbələr endirdiyi bildilir.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.

Qeyd edilir ki, təsirə məruz qalan komanda və idarəetmə mərkəzi terrorçular və HƏMAS komandirləri üçün sığınacaq rolunu oynayıb və buradan İsrail Müdafiə Qüvvələrinə və İsrailə qarşı müxtəlif hücumlar planlaşdırılıb və həyata keçirilib.

Zərbədən əvvəl İsrail ordusu mülki insanlara zərər vurma riskini azaltmaq üçün “çoxsaylı tədbirlər” gördüyünü bildirib.

İsrail Müdafiə Qüvvələri zərbənin nəticələri barədə məlumat verməyib.

Qəzzanın HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyi bildirir ki, məktəbə hücum nəticəsində 90-100 nəfər ölüb, onlarla adam yaralanıb.

Agentliyin sözçüsü Mahmud Bassalın dediyinə görə, üç İsrail raketi fələstinli qaçqınların yaşadığı məktəbə düşüb.

HƏMAS-ın nəzarətində olan Qəzza hökuməti 100-dən çox insanın həlak olduğunu bildirib.

2024-cü il iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Fələstin hərəkatı Haniyənin qətlində İsraili günahlandırıb. İsrail hakimiyyəti HƏMAS liderinin qətlində əli olduğunu rəsmən etiraf etməyib.

Avqustun 6-da Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Yəhya Sinvar terror təşkilatının rəhbəri seçilib.

İsrail hakimiyyəti hesab edir ki, Sinvar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı terror hücumunun əsas təşkilatçılarından biri olub.

Bu hücuma cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb.

Haniyənin öldürülməsindən sonra İsrail İrandan hücum gözləyir.

Bildirilir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei Haniyənin öldürüldüyü gün İsrailə birbaşa zərbə endirilməsi barədə göstəriş verib.

Öz növbəsində, İsrail hakimiyyəti də Tehranın hücum niyyətini təsdiqləyən kəşfiyyat məlumatı aldıqları təqdirdə, İrana qarşı qabaqlayıcı zərbəni müzakirə etdiyi deyilir.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin ən son məlumatında görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin qarşıdurması nəticəsində ümumilikdə 39 mindən çox fələstinli həyatını itirib.

İsrail rəsmilərinin hesablamalarına görə isə HƏMAS və İslami Cihad da daxil olmaqla, silahlı qruplaşmalardan təxminən 14 min döyüşçü öldürülüb və ya əsir götürülüb.

İsrailin məlumatlarına görə, oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna etdiyi hücum zamanı 1200-ə yaxın adam öldürülüb, 250 nəfər girov götürülüb.

Ana səhifəDünyaİsrail HƏMAS-ın məktəbdə yerləşən idarəetmə mərkəzini vurub: “100-dək ölən var”