İctimai bomba sığınacaqları rəqəmsal sistemlərlə təchiz edilib
İsrailin təcili yardım xidməti yeraltı mərkəzdə qan bazası yaradıb. Bələdiyyələr bomba sığınacaqlarının vəziyyətini və su təchizatını yoxlayır.
İsrail aylardır daxili cəbhəsini möhkəmləndirir. Ötən ili oktyabrında HƏMAS silahlı qruplaşması İsrailin sərhədyanı ərazilərinə hücum edib. Nəticədə yüzlərlə insan həlak olub və əsir düşüb. Bu da İsrail-HƏMAS müharibəsinin başlanmasına səbəb olub. Həmin vaxtlardan İsrail daxili müdafiəni gücləndirməyə başlayıb, son həftələrdə isə tədbirlərə diqqəti daha da artırıb.
Baş nazir Benyamin Netanyahu çərşənbə günü orduya yeni çağırışçılarla görüşərkən deyib:
“İsrail vətəndaşlarının ayıq-sayıq olduğunu bilirəm və sizdən bir şey xahiş edirəm – səbirli və soyuqqanlı olun. Biz həm müdafiəyə, həm də hücuma hazırıq, düşmənlərimizi vururuq və özümüzü müdafiə etmək əzmindəyik”.
Apreldə İsrailin hava hücumundan müdafiə vasitələri və beynəlxalq müttəfiqlərin köməyi ilə yüzlərlə İran raketi dəf edilib. Müharibənin başlanğıcında Hizbullah raketlərinin atdığı şimal bölgələrdən on minlərlə insan təxliyə edilib. Bir çox yerli şura sakinlərə qeyri-vacib fəaliyyəti azaltmağı, qorunan ərazilərin yaxınlığında olmağı və böyük toplaşmalardan qaçmağı tövsiyə edib. Şəhərin təhlükəsizlik və fövqəladə hallar departamentinin direktoru Yair Zilberman bildirib ki, Hayfada ictimai bomba sığınacaqları rəqəmsal sistemlərlə təchiz edilib ki, hücum zamanı onların kilidi uzaqdan açılsın. Onlar həmçinin generatorlarla təchiz edilir. Zilberman deyib ki, bir sıra yeraltı dayanacaqlar, ehtiyac olduqda minlərlə sakin üçün kifayət qədər yer olan müvəqqəti sığınacaqlar kimi fəaliyyət göstərəcək.