İsrail BMT-nin Baş katibini “persona non qrata” elan edib

Antonio Quterreş. Foto: lev radin/shutterstock

“İranın hücumunu pisləyə bilməyən kimsə İsrail torpağına ayaq basmağa layiq deyil”

İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin Baş katibi Antonio Quterreşi “persona non qrata” elan edərək ölkəyə girişini qadağan edib.

İsrailli nazir oktyabrın 2-də “X” (Twitter) sosial şəbəkəsində yazıb.

İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən kimsə, demək olar ki, bütün dünya ölkələri kimi, İsrail torpağına ayaq basmağa layiq deyil”, –  deyə İsrael Katz bildirib.

Onun sözlərinə görə, Quterreş də HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə qarşı törətdiyi hücumu pisləməyib və hərəkatın terror təşkilatı elan olunması üçün heç bir səy göstərməyib.

İsrael Katz. Foto: lev radin/shutterstock

İsrail Xarici İşlər Nazirliyinin rəhbəri deyib ki, BMT-nin hazırkı Baş katibi “terrorçuları, təcavüzkarları və qatilləri dəstəklədiyi üçün təşkilatın tarixində “ləkə olaraq qalacaq”.

Oktyabrın 1-də axşam İranın İsrailə raket hücumundan sonra Quterreş “X” səhifəsində Yaxın Şərqdə münaqişənin gərginləşməsini pisləyib və atəşkəsə çağırıb.

Baş katib nə İranın, nə də İsrailin adını çəkib.

İran oktyabrın 1-də İsrailə geniş raket hücumu həyata keçirib.

İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, hərbi əməliyyat HƏMAS lideri İsmayıl Həniyə, Hizbullah lideri Həsən Nəsrullah və Livandakı SEPAH komandiri Abbas Nilfruşanın İsrail tərəfindən öldürülməsinə cavabdır.

İsrail mətbuatının məlumatına görə, İran İsrailə 181-ə qədər ballistik raket atıb.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İran “böyük səhv edib və bunun əvəzini ödəyəcək”.

Ana səhifəDünyaİsrail BMT-nin Baş katibini “persona non qrata” elan edib