Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən gedir. “Report”un xəbərinə görə, İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov “Report”a açıqlamasında bildirib ki, nazirliklə bağlanan müqavilə müddəti bitdiyi üçün kadrların işinə xitam verilməsi faktları var: “Kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək”.
2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi.
İ.İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.
Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil.