İspaniyada sürət qatarlarının toqquşması nəticəsində 39 nəfər həlak olub

Foto: Reuters

İspaniyanın cənubunda iki sürət qatarının toqquşması nəticəsində azı 39 nəfər həlak olub, onlarla insan yaralanıb.

Qəza yanvarın 18-i axşam saatlarında baş verib. Malaqadan Madridə hərəkət edən qatar relsdən çıxaraq qonşu xəttə keçib və Madrid–Uelva istiqamətində gedən qatarla toqquşub. Dəmir yolu operatorlarının məlumatına görə, hər iki qatarda ümumilikdə 400-ə yaxın sərnişin və əməkdaş olub. Toqquşma zamanı qatarların sürətinin təxminən 200 km/saat olduğu bildirilir.

İspaniya Mülki Qvardiyası hadisəni ölkədə son on ildən artıq müddətdə baş vermiş ən ağır dəmir yolu qəzası kimi qiymətləndirir. Təcili tibbi yardım xidmətləri 122 nəfərə ilkin yardım göstərib. Yaralılardan 48-i, o cümlədən beş uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 11 böyük və bir uşağın vəziyyəti ağır qiymətləndirilir və reanimasiya şöbəsində saxlanılır.

İspaniyanın nəqliyyat naziri Oskar Puente bildirib ki, hadisə ilə bağlı istintaq başlanıb və ölənlərin sayı hələ yekun deyil. Nazir baş verənləri “qeyri-adi və izahı çətin” adlandıraraq, dəmir yolu üzrə mütəxəssislərin qəzanın səbəblərindən çaşqın olduğunu deyib.

Qəza zamanı qatarlardan birində olan RTVE telekanalının jurnalisti Salvador Ximenes zərbəni “zəlzələ təsiri” ilə müqayisə edib. Onun sözlərinə görə, hadisə bir anda baş verib və qatar qəfil relsdən çıxıb.

Hadisə yerindən yayılan görüntülərdə bir neçə vaqonun yan tərəfə aşdığı, xilasedicilərin isə deformasiyaya uğramış qapı və pəncərələrdən sərnişinləri çıxarmağa çalışdığı görünür. Axtarış-xilasetmə işləri gecə saatlarına qədər davam edib.

Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir. Madridlə Andalusiya arasında sürət qatarlarının hərəkəti dayandırılıb.

Ana səhifəXəbərlərİspaniyada sürət qatarlarının toqquşması nəticəsində 39 nəfər həlak olub