”İslamiada”da satılan biletlərin sayı açıqlanıb

”Oyunları 59 ölkədən 360 min tamaşaçı izləyib”

Source:
Azad Rəhimov
Azad Rəhimov


”Oyunları 59 ölkədən 360 min tamaşaçı izləyib”

IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb. Gənclər və idman naziri Azad Rəhimov deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək:

“Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib”.

Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib. Komandaların hər birinə 100, məşqçiyə isə 50 min manat veriləcəyini deyib:

”Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik”.

Nazir əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsinə 20 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdu. Nazir qeyd edib ki, işlər tam yekunlaşdıqdan sonra son mərhələdə açılış və bağlanış mərasimlərinin keçirilməsinə xərclənən vəsaitin tam həcmi açıqlanacaq.

Rəsmi açılışı mayın 12-də olan IV İslam Həmrəyliyi Oyunlarının mayın 22-də qapanış mərasimi keçirilib.

Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib.

Gənclər və idman naziri Azad Rəhimov 2016-cı il dekabrın 27-də keçirilən mətbuat konfransında bildirmişdi ki, “Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 milyon dollar xərclənməsi nəzərdə tutulub”.

Ana səhifəXəbərlər”İslamiada”da satılan biletlərin sayı açıqlanıb