İslamda seksizm varmı?

Stereotiplər, izahlar və yanaşmalar…

Source:

Maraqlıdır ki, Allah mələklərə Yer üzərində bəşər xəlq etmək istədiyini xəbər verəndə diqqət çəkən bir ibarədən istifadə edir – xəlifə. Bəşərin yaşam yeri olacaq Yerdə xəlifəmi – canişinimi yaratmaq istəyirəm – deyir mələklərinə. Məni təmsil edəcəklər, Mənə tapınacaqlar, məskən salacaqları yerdə.

Xəlifə bütün bəşəri ehtiva edən sözdür,  daşıdığı məna yükünə görə cinsiyyətə bölmür insan övladlarını. Leksik tərəfinə qalsa, düzdür,  qadın cinsinə (ərəb dilində) aid bir ifadədir.

Gender bərabərliyi deyəndə, təbii ki, qadın və kişi arasında fizioloji bərabərlik nəzərdə tutulmur. Şübhəsiz ki, qadın və kişi arasında bəlli fiziki və psixoloji fərqlər mövcuddur. Demək, gender bərabərliyi prinsipi ancaq ailə və cəmiyyətdə qadın-kişi hüquq bərabərliyini müdafiə edir. Cinsi mənsubiyyətinə görə fərdlər arasında ayrı-seçkiliyə yol verməməyə, onlar üçün bərabər imkan və hüquqların nəzərdə tutulmasına çağırır.

Bəs İslam dini mövzuya necə yanaşır: gender bərabərliyi, yoxsa seksizm?  Və ya bunların heç biri, tamam fərqli bir yanaşma?

İlk baxışda İslam dininin seksizmi və ya daha dar çərçivədə maskulizmi, ataxaqanlığı dəstəkləməsi rəyi formalaşa bilər. Amma dini təlimlərlə daha dərindən tanış olduqca,  məlum olur ki, İslam dininin mövzuya münasibəti heç də belə deyil. Nə yaradılış, nə şəxsiyyət və nə də ali və ülvi dəyərlərə yiyələnmə aspektindən cinslərin digərinə hər hansı bir  məziyyətini qəbul etmir.

Niyə biri digərindən daha üstün sayılsın ki? Nə bir səbəb tapmaq olur bunu təsdiq etmək üçün,  nə də bir dəlil göstərmək mümkündür.

Hər ikisi qara torpaqdan xəlq edilib, biri qızıldan, digəri gümüşdən deyil (4: 1), Həvvanın Adəmin qabırğasından xəlq edilməsi fikri də ən azı bir neçə ayə ilə uyğun gəlmir (30: 21; 12: 72 ). Məlum ayələrdə bildirilir ki, qadın, kişi xəlq edilən maddədən yaradılıb, onun bədən üzvlərindən deyil.

Hər iki cins də  ən gözəl biçimdə, mükəmməl formada xəlq edilib, heç bir zəka, düşüncə fərqi yoxdur aralarında (95: 4; 32: 7).

Biri şər mənbəyi, digəri xeyir mücəssəməsi sayılmır. Heç bir cins anadangəlmə şər toxumu daşımır özündə. Eyni əndazədə şüur və nəfsə sahibdir bəşər, qadın-kişi fərqi olmadan. Şər nəfsin ağlı üstələməsindən sonra həyata keçir, bu isə yaradılışla əlaqəli deyil, dünyaya baxışın, yaşam tərzinin nəticəsidir. Belə isə yaman iş görmə baxımından kişi və qadın eyni potensiyaya malikdir (2: 30. Ayə cinsləri ayırmır, hər ikisinin əlindən xata-bala gələ bilər, anlaşılır). Yeri gəlmişkən, Adəm və Həvvanın cənnətdən qovulmasının birbaşa səbəbkarı qadın – Həvva  deyildi,  hər ikisi eyni dərəcədə günahkardı qadağan edilmiş meyvəni yeməkdə (2: 36).

Əgər cinslərdən birinin digərinə nisbətdə hansısa üstünlüyü varsa (4: 34), bu, cinsi mənsubiyyətlərinə görə yox, ya müəyyən qədər fiziki gücə, ya da məhz yiyələndikləri ali keyfiyyətlərə, etdikləri yaxşı əməllərə görədir (49: 13; 16:97).

Qadın və kişi şəxsiyyət olaraq bərabərdirlər, bu, inkaredilməz bir mövzudur. Amma ailədaxili, ictimai vəzifə və səlahiyyət baxımından dartışılan bəzi məsələlər vardır ki, onların üzərindən mübahisəsiz ötmək mümkün deyil.

Ən əsas sorğu budur ki, İslam dinində qadın və kişiyə dair hansısa bir qanun qəbul edildikdə fizioloji fərqləri, cəmiyyətdəki iqtisadi, ictimai mövqeləri diqqətdə saxlanılır ya yox?

Cavab qətiyyətlə müsbətdir. Ona görə ki, din mütləq bərabərlik üzərində yox, ədalət və məntiq əsasında, hər iki cinsin xeyir və zərərini nəzərə alaraq hökm yürüdür. Buna görə də hər  kəsi gücü, istedadı və bacarığı qədər mükəlləf sayır (2: 286). Bu qanun xaricində inanc adamı heç bir öhdəlik, vəzifə daşımır.  Demək, aydın olur ki, fərdi və ictimai müsuliyyətlər və bunlara dair hüquqlar ancaq sadalanan səciyyələr nəzərə alınaraq müəyyən edilir, nəinki cinsi ayrı-seçkiliyə yol verilərək.  Baxın, din qadının fiziki və psixoloji yönünü nəzərə alaraq ona, məsələn, cihadda iştirak etməyi zəruri saymır. Yaxud kişinin fiziki üstünlüyünü, iqtisadi imkanını nəzərə alıb, ailə xərclərini ona həvalə edir.

Bu da təbii ki, bəzi hallarda fərqli qanunların qəbul edilməsi ilə sonuclanır. Bəs bu fərqli qanun və səlahiyyətlərin sayı, əhatə dairəsi nə qədərdir? Cavab qəti deyil, bəzi yanaşmalara əsasən, bu fərq sayi bir və ya iki ola-olmaya.  Amma əgər ənənəvi yanaşmaları əsas götürsək bu say 10-a qədər uzana bilər.

Gəlin, bu fərqli mövzuları dartışmazdan qabaq müştərək tərəfləri nəzərdən keçirək və görək əks cinslər İslam hüququnda eyni səlahiyyətləri hansı həddə bölüşürlər:

1. Qadın və kişi şəxsiyyət və ona aid olan bütün məsələlərdə bərabərdirlər və birinin digərinə heç bir məziyyəti yoxdur (4: 1; 49:13; 7:189).

2. Bəndəlik və ibadətetmə baxımından biri digərindən heç bir vəchlə üstün deyil (4: 124, 16: 97; 9: 72; 33: 35).

3. Etiqad seçimində hər iki cins tam sərbəstdir (9: 67, 68; 24: 26; 3: 43 ).

4. Demək olar ki, əksər məsuliyyət və vəzifələrdə eyni hüquqlara malikdirlər (2: 183; 24: 2, 31, 32; 5: 38).

5. İctimai-siyasi  fəaliyyət göstərmək hüququna sahibdirlər (60: 10, 12).

6. Hər iki cinsin sərbəst iqtisadi fəaliyyətlə məşğul olmaq haqqı var (4: 7, 32, 33).

7. Ailədaxili hüquq bərabərliyi. Üzərinə düşən öhdəliklərə görə demək olar ki, ana daha çox məziyyətə sahibdir (29; 8; 17: 23, 24; 2: 83; 19: 14; 6:151; 4: 36; 31:14,15; 46:15).

Qayıdaq müzakirə predimetimizin mübahisəli tərəflərinə. Qeyd etdiyimiz kimi, burada artıq fikirlər haçalanır, müəyyən fərqlərin mövcudluğunu qəbul edənlər də var, etməyənlər də. Bu da bizə əsas verir ki, fərqliliyi birbaşa dinə isnad etməyib, hansısa fəqihin çıxarışı hesab edək.

Gəlin, söhbəti daha da uzatmadan, bir neçə müvafiq və müxalif baxışa nəzər salaq:

Mübahisə doğuran mövzulardan biri qanbahası məsələsidir. Əksər fəqihlər qeyd edirlər ki, qadının qan bahası kişinin qanbahasının yarısı qədərdir. Onlar bu fərqliliyi heç də qadın və kişinin şəxsiyyəti ilə əlaqələndirmirlər. Deyirlər ki, bu fərq yalnız iqtisadi əhəmiyyət kəsb edir. Belə ki, fiziki üstünlüyünə görə kişinin qazanc əldə etmə imkanı daha genişdir. Həm də ailənin xərclərini ödəmək kişiyə vacibdir. Qadının iqtisadi gəliri olsa da, onu ailəyə xərcləməyə bilər. Həmçinin, ailə qurarkən kişi qadına mehr də ödəməlidir. Bu da var ki, kişi ailənin təhlükəsizliyini təmin etməkdə daha böyük rol oynayır. Bütün bunları nəzərə alsaq, kişinin qətlə yetirilməsi ilə ailədə böyük bir boşluq yaranır. Din, bu boşluğu  kompensasiya etmək məqsədiylə qadına nisbətdə kişinin qanbahasını iki qat nəzərdə tutur.

Amma müxalif baxış (görkəmli fəqih Yusif Saneini misal göstərmək olar) bu izahı qəbul etmir. Onların fikrincə, kişi və qadının qanbahası eynidir və qarşı tərəfin məlum hökmü müdafiə edərkən gətirdiyi arqumentlər tutarlı sayılmır. Çünki, həmin hökm azyaşlı oğlana, qoca kişiyə də aid edilir. Halbuki nə azyaşlı oğlan uşağı, nə də qoca kişi iqtisadi gəlirə malik deyil, ailənin maddi yaşayışını, təhlükəsizliyini təmin etməkdə heç bir rol ifa etmir. Həm də zaman dəyişib, indi kişilər qədər qadınların üzərinə də ağır iqtisadi yük düşür. Hətta ola bilər ki, bir ailənin və ya bir nəslin bütün maddi xərclərini bir xanım ödəsin. Belə isə, onun yoxluğu da bir ailənin başsız qalması, ağır iqtisadi problemlərlə üzləşməsi deməkdir. Üstəlik, müxalif  tərəf bunu Qurani-Kərimlə də isbatlamağa çalışır.

Dartışılan mövzulardan biri də subay qızın ailə qurarkən atasından icazə almasının adətən şərt kimi göstərilməsidir. Halbuki oğlan üçün belə bir şərt nəzərdə tutulmur. Bir qrup fəqih (İslam hüquqçuları) bunu da qəbul etmir. Onlara görə, yetkinliyə çatmış, atdığı addım haqqında əhatəli düşünə bilən qızın atasından icazə alması məntiqli deyil. Əgər qız dini qaydalara zidd addım atarsa, şübhəsiz ki, onu bu işdən çəkindirmək (pisliklərdən çəkindirmək prinsipini əsas tutularaq) nəinki atasının, həm də anasının, bacı-qardaşlarının, qohumlarının da dini vəzifəsi sayılır.

Quranda (4: 34) qadının fiziki tənbihini nəzərdə tutan hökm də daha çox müzakirə olunan mövzular sırasındadır.

“…(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin;

(yola gəlməzsə) onlardan yatağınızı ayırın;

 və (bu da səmərəli olmazsa) döyün!

Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” – ayədə deyilir.

Əvvala, görək, “özbaşınalıq”da  məqsəd nədir?

İlk əvvəl bilmək lazımdır ki, kişinin evdə qadına hüquqi baxımdan heç bir göstəriş vermək haqqı yoxdur. Nə deyə bilər ki, mənim üçün yemək hazırla, paltarlarımı yu və nə də “evə qonaq gəlib, qarşılamaq lazımdır” və ya “qohum-əqrəbalarıma qayğı göstər”, – kimi göstərişlər verə bilər. Hətta qadın körpəsinə süd verdiyinə görə, ərindən nəsə tələb edə bilər.

Demək, məlum olur ki, “özbaşınalıq” birbaşa ər-arvad münasibətlərinə, ailə ocağının qorunmasına yönəlib. Demək, bura qadının naməhrəm şəxsi evə gətirməsi, evdən kanarda qıcıq yaradan hərəkətlər etməsi, haqqında mənfi fikirlər yaratması və ya ailəni idarə etməkdə səhlənkarlıqlara yol verməsi, ailəyə aid mülkü dağıtması və s. aiddir.

Belə bir oxşar durum yarandıqda kişi nə etməlidir?

Qadına qarşı şiddət göstərməli, olmazın zülmlər etməli?

Yaxud qadını evdən çıxardıb, pis bir adla (məsələn, namusa xəyanət) onu başsız buraxmalı?

Və ya ondan şikayət edib  məhkəmədə hamının gözü qarşısında  rusvay  etməli?

Yoxsa, ailədaxili şəraitdə – yüngül tənbihlə bu məsələyə son verilməlidir?

İslam sonuncu metodu dəstəkləyir. Amma buna əsla məcbur etmir, ər çıxış yolu olaraq məhkəməyə də müraciət edə bilər.

Bununla belə, İslam dəstəklədiyi metoda belə qeydsiz-şərtsiz icazə vermir. Şübhəsiz ki, riayət ediləcək çərçivələr var: nə bir yer qanamalı və nə də göyərməlidir, qısası, tənbih çox xəfif olmalıdır.

 Unutmayaq ki, fiziki tənbih istənilən halda xoşagəlməzdir, amma bu bəzən “ən pis”i “pis”lə aradan qaldırmaq məcburiyyəti üzündən irəli gəlir.

Yeri gəlmişkən, belə bir tənbih kişi üçün də nəzərdə tutulub, amma qadın bunun öhdəsindən gələ bilmədiyinə görə, bu, şəriət məhkəməsinə həvalə edilib.

Bunlardan başqa da bir neçə mübahisəli mövzular vadır ki, hamısına bu yazıda aydınlıq gətirmək uzunçuluq olardı. Odur ki, digər fürsətlərdə ən əsas məsələlərə yenidən qayıdacağıq.

Ana səhifəMənim Fikrimcəİslamda seksizm varmı?