“12 saylı cəzaçəkmə müəssisəsində iqlim şəraiti və coğrafi şərait pisdir – boş ərazidə və daş karyerləri yaxınlığında olduğu üçün toz konsentrasiyası yüksəkdir”
İslam Partiyasının lideri Mövsüm Səmədov sentyabrın 18-də doğmalarına xəbər verilmədən gözlənilmədən başqa cəzaçəkmə müəssisəsinə köçürülüb.
Məlumatı “Turan İA”-a vəkil Anar Qasımlı bildirib. Onun sözlərinə görə, dünən Səmədovun 11 saylı cəzaçəkmə müəssisəsindən (7-ci mikrorayonda) çıxarılıb və geri qaytarılmayıb.
Vəkil məlumatı yoxlamaq üçün sentyabrın 19-da səhər 11 saylı cəzaçəkmə müəssisəsinə gedib. Aydın olub ki, Mövsüm Səmədovu şəhərin hüdudlarından kənarda, Puta qəsəbəsində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Orada iqlim şəraiti və coğrafi şərait pisdir – boş ərazidə və daş karyerləri yaxınlığında olduğu üçün toz konsentrasiyası yüksəkdir.
Vəkil Səmədovun köçürülməsinin səbəbini Penitensiar Xidmətdə araşdırmağa çalışıb. “Özünü təqdim etməyən əməkdaş kobud şəkildə danışmaqdan imtina edib, sualları KİV-ə verməyi təklif edib”, – deyə Qasımlı bildirib.
Penitensiar Xidmətdən “Turan İA” agentliyinə də məhbusun köçürülməsinin səbəbləri ilə bağlı şərh verməkdən imtina edərək, bildiriblər ki, bu, onların səlahiyyətinə aiddir və Cəzaların İcrası Məcəlləsinin 16-cı maddəsinə əsasən mətbuata bu barədə məlumat vermək olmaz.
Lakin sözügedən maddədə KİV-ə məlumat verilməməsi haqqında heç nə deyilmir.
* Mövsüm Səmədov 7 yanvar 2011-ci ildə, Partiya Baş Məclisinin sessiyasında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən beş gün sonra həbs edilib.
Oktyabrın 7-də Səmədov və daha altı AİP fəalı və ruhani hakimiyyəti ələ keçirmək cəhdi, qanunsuz silah saxlamaq və s. cinayətlərdə ittiham edilərək uzunmüddətli həbs cəzasına məhkum edilib.
Səmədov 12 il cəza alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.