İslam Partiyasının sədr müavini: “Həbslər ruhanilərə qarşı repressiyanın davamıdır”

“Profilaktik tədbirlər deyə kimlərinsə saxlanılması, qanunun aliliyinə, insan haqlarına ziddir və Azərbaycanın Konstitusiya normalarına ziddir”.

Foto: Meydan TV


Akif Heydərli: "Saxlanılanların heç biri cinayət əməlinə sahib deyil"

“Oktyabrın 19-da həbs olunanların hər biri ayrılıqda tanınmış şəxslərdir, aralarında ruhani alimlər də var: Sərdar Babayev və Cəlal Şəfiyev. Başlanan həbslər ölkədə ruhanilərə qarşı başlanan repressiyanın davamıdır. Çünki saxlanılanların heç biri cinayət əməlinə sahib deyil və dövlətçiliyə, xalqa qarşı neqativ əməli də müşahidə olunmayıb”.

Bunu İslam Partiyasının sədr müavini Akif Heydərli Azərbaycan Ruhanilər Məclisinin üzvləri – Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun saxlanılmasını Meydan TV-yə şərh edərkən deyib.

Oktyabrın 19-da günün ikinci yarısında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) adlarıçəkilən şəxsləri saxlayıb və onların evlərində axtarış aparılıb.

Bildirilir ki, həmin adamların kompüterlər və telefonlar götürülüb.

Oktyabrın 19-da Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu da saxlanılıb. Amma o, səhərə yaxın sərbəst buraxılıb.


Akif Heydərli: "Repressiya bir nəfərə qarşı yox, müəyyən təbəqəyə qarşıdır"

Akif Heydərli hesab edir ki, bu cür insanların saxlanılması cəmiyyət üçün zərərlidir: “Əgər onların hər biri İslamın təbliği ilə məşğuldursa, deməli, xalqın xeyrinə olan fəaliyyətdədirlər. Bütün bunlar hüquqi-siyasi və əsasən mənəvi baxımdan nəzərə alınmalı, dəyərləndirilməlidir”.

Həbslərin davam edib-etməyəcəyinə gəlincə, Akif Heydərli bildirib ki, repressiya bir nəfərə qarşı yox, müəyyən təbəqəyə qarşı olur: “Son olaylar Azərbaycan cəmiyyətinin bir hissəsinə qarşıdır. Güman ki, davamı da ola bilər, bizlər də hədəfə çevrilə bilərik. Mən baş verənləri səhv sayıram. Çünki indiki zamanda dövlət başçısının hər şeyə həssaslıqla yanaşması, qonşu İran İslam Respublikasıyla yaranmış vəziyyəti çıxışlarında yoluna qoymaq istəyi təqdirəlayiq haldır”.

4bk6b4b67c7d308p6a_800C450.jpg
Akif Heydərli


Deputat: "Profilaktik tədbirdir, ajiotaja ehtiyac yoxdur"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov İrana bağlılıqda şübhəli bilinən şəxslərin dindirilməsini profilaktik tədbir adlandırıb.

Bu barədə deputat Ceyhun Məmmədov "pravda.az" saytına

danışıb

.

O deyib ki, ölkə daxilində fəaliyyət göstərən dini qurumların, müəyyən şəxslərin xariclə əlaqələri, onların xaricdən təlimat alıb-almamaları və digər məsələlər dövlət qurumları tərəfindən hər zaman nəzarətdə saxlanılıb: “İrana bağlılıqda şübhəli bilinən şəxslərin dindirilməsi də profilaktik tədbirdir. Şübhəli şəxsin evində aparılan araşdırılma və dindirilməyə ciddi şəkildə baxılacaq və məsələyə konkret münasibət bildiriləcək. Biz sadəcə olaraq prosesin yekunlaşmasını və rəsmi qurumların məlumatlarını gözləməliyik. Belə tədbirlər bütün dövlətlərdə profilaktik məqsədlə həyata keçirilir. Ona görə də müəyyən profilaktik tədbirlərin həyata keçirilməsi, müvafiq addımların atılması, fikrimcə, normaldır. Yəni ajiotaja ehtiyac yoxdur. Sonrakı dövrdə rəsmi qurumlar məsələ ilə bağlı məlumat verəcək. Əgər ölkə daxilində xariclə əlaqəsi olan dini qurumlar və ya şəxslər varsa, onların fəaliyyəti dövlət qurumları tərəfindən araşdırılaraq müvafiq tədbirlər görüləcək".

15652552915016954001_1000x669.jpg
Ceyhun Məmmədov


Rauf Mirqədirov: "İnsanları həbs etmək üçün kifayət qədər dəlillər olmalıdır"

Siyasi şərhçi Rauf Mirqədirov isə Azərbaycanın dindar kəsiminin arasında İrana meylli olanların az olmadığı qənaətindədir: “İran da bu şəxslərdən, sözsüz ki, həm öz maraqları, həm də Azərbaycanda daxili situasiyanı gərginləşdirmək üçün istifadə edə bilər. Amma bunlar ümumi məsələlərdir. Sadəcə, insanları həbs etmək üçün kifayət qədər dəlillər olmalıdır”.

O, repressiya dalğasının genişlənməsi və bütövlükdə cəmiyyəti əhatə etməsi ilə bağlı fikirləri bölüşmür: “2014-cü ildə də həbslər konkret kəsimi əhatə etdi. O zaman qərbyönlü jurnalistləri, vətəndaş cəmiyyətinin nümayəndlərini həbs edib onları maliyyə və təşkilati resuslardan məhrum etdilər. O vaxt hakimiyyətin Qərblə münasibətlərdə ciddi problemlər vardı. İndi İran İslam Respublikası ilə münasibətlərdə problemlər yaşanır, ancaq bir istiqamətli tədbirlər olduğundan cəmiyyətin bütün təbəqələrini əhatə edəcək əməliyyata çevilməyəcək”.

1478033754_12596605_986768104750481_2097728364_.original.jpg
Rauf Mirqədirov

Rauf Mirqədirov deputat Ceyhun Məmmədovun açıqlamasını "yersiz" sayır: “Çünki burda söhbət insanların həbsindən gedir. Bilirsiniz, bu insanların həsbdə olması üçün kifayət qədər dəlil olmalıdır, əks təqdirdə, azad edilməlidirlər. Qanunun tələbi belədir. Profilaktik tədbirlər deyə kimlərinsə saxlanılması, qanunun aliliyinə, insan haqlarına ziddir və Azərbaycanın Konstitusiya normalarına ziddir”.

Həbs olunanlardan Azərbaycan Ruhanilər Birliyinin üzvü, "maide.az" saytının baş redaktoru Sərdar Babayev 2020-ci ilin fevralında həbs müddəti başa çatdıqdan sonra sərbəst buraxılmışdı.

Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham olunan S.Babayev 2017-ci ildə 3 il azadlıqdan məhrum olunmuşdu.

O, irəli sürülən ittihamı rədd edirdi.

Ana səhifəSiyasətİslam Partiyasının sədr müavini: “Həbslər ruhanilərə qarşı repressiyanın davamıdır”