İslam Partiyasının sədr əvəzinə 16 il həbs cəzası verildi

İlahiyyatçı əlavə edib ki, toplanan ianələr hesabına ehtiyacı olanlara yardım göstəriblər.

Source: Specify Source


“Mənə qarşı dövlətə xəyanət ittihamını təsdiqləyəcək heç bir sübut yoxdur”

Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı İlham Əliyev 16 il azadlıqdan məhrum edilib. Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, onunla birlikdə mühakimə olunan Mehman Rzayevə 14 il həbs cəzası verilib. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə – İranın xüsusi xidmət orqanlarına casusluqda təqsirli bilinib. Hökmdə iddia olunur ki, onlar pul müqabilində İran xüsusi xidmət orqanlarına məlumatlar ötürüb, Azərbaycan əleyhinə iş aparıb.

Hökmdən əvvəl məhkəmədə son sözünü deyən İlham Əliyev isə özünü təqsirli bilməyib. O bildirib ki, dövlətə xəyanət ittihamı əsassızdır. İslam Partiyasının möminlərin ianələri hesabına maliyyələşdiyini deyən ilahiyyatçı İranda olduğunu təsdiqləyib. Onun sözlərinə görə, qonşu ölkədə konfransda iştirak edib. Həmin vaxt ona yardım təklif olunub: “Bir nəfər yardım təklif elədi, razılaşdıq. Digər möminlər necə, onlar da o qaydada ianə verə bilərdilər. Bir neçə ay bizə yardım ediblər. Amma biz öz möminlərimizin hesabına davam gətirmişik”.

İlham Əliyev vurğulayıb ki, heç vaxt Azərbaycan əleyhinə addım atmayıb: “Mənə qarşı dövlətə xəyanət ittihamını təsdiqləyəcək heç bir sübut yoxdur”.

İlahiyyatçı əlavə edib ki, toplanan ianələr hesabına ehtiyacı olanlara yardım göstəriblər.

O, son sözünü ədalətli hökm çıxarılmasına ümidlə başa vurub.

Qısa müşavirədən sonra hökm elan olunub.

İlham Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə çağrılıb və dövlətə xəyanət ittihamıyla həbs edilib.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da uzun illərdir həbsdədir. O, 12 il azadlıqdan məhrum edilib. 2011-ci ildə Mövsüm Səmədovun dövlət çevrilişinə cəhd ittihamıyla həbsindən sonra birinci müavini İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb. Mövsüm Səmədov da təqsirsiz olduğunu, sifarişlə həbs edildiyini deyir.

Azərbaycan İslam Partiyası 1991-ci ildə təsis edilib, bir il sonra dövlət qeydiyyatından keçib. 1995-ci ildə partiyanın sədri Əlikram Əliyevin həbsindən sonra məhkəmə qərarıyla partiyanın qeydiyyatı da ləğv olunub.

Ana səhifəSiyasətİslam Partiyasının sədr əvəzinə 16 il həbs cəzası verildi