“Əlli ölkə ilə bağlı təsdiqi almışıq və onlar oyunda iştirak edəcəklər. Qalan 7 ölkə gələ bilmir. Bəzilərinin maliyyə ilə bağlı problemləri var. Biz çalışırıq ki, onlara kömək edək, onları da bu oyunlara cəlb edək”- Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində bunları deyib.
İslam Həmrəylik Oyunlarında Azərbaycanın xərclərini qarşılamağa boyun olduğu 7 ölkədən dördünün adı açıqlanıb. Özbəkistan, Misir, Livan, Küveyt oyunlarda iştirak etmək istəmirlər. Amma nazir onların xərclərini qarşılamağa hazır olduqlarını deyir.
“Bir neçə yüz min dollardan söhbət gedir”- iqtisadçı Natiq Cəfərli bu xərclərin milyonlarla ölçülmədiyini dilə gətirir. Amma ölkədəki iqtisadi vəziyyətə görə 7 ölkənin xərclərinin qarşılanmasının cəmiyyətdə qıcıq yaratdığını vurğulayır.
“Bir neçə ölkənin, o cümlədən Küveytin burada təmsil olunması (çox varlı ölkədir N.C.) bu ölkənin də xərclərini Azərbaycanın üzərinə götürməsi sırf sosioloji və psixoloji olaraq cəmiyyətə çox mənfi təsir göstərir. Ölkədə bu qədər problemlərin olduğu bir şəraitdə bir neçə komandanın xərclərinin Azərbaycanın ödəməsi cəmiyyət tərəfindən yaxşı qarşılanmır”.
İslam Oyunları Əməliyyat Komitəsindən bildirilir ki, oyunlardan əvvəl 500 min bilet satışa çıxarılacaq. Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli isə deyir ki, hökumət çəkdiyi xərcləri turistlərlə geri qaytara bilməyəcək. O, “Evrovision”, Avropa Oyunları, Formula 1 yarışlarında belə ölkəyə planlaşdırıldığı qədər turist gəlmədiyini deyir.
“Hər dəfə bu oyunlardan əvvəl Azərbaycan hökuməti deyir ki, Azərbaycana dəfələrlə çox turist gələcək, amma sonrakı statistikalarda biz görürük ki, bunun heç bir əsası yoxdur. Bundan belə nəticəyə gəlmək olar ki, Azərbaycan hökuməti ancaq bu oyunları siyasi məqsədlərlə istifadə edir. Təxmini ortalamaya görə sonuncu ildə Azərbaycana ay ərzində orta hesabla təxminən 200 min turist gəlibsə, Avropa Oyunları zamanı 240 min olub. Bu, turizm və gəlir əldə etmək baxımından elə bir ciddi rəqəm deyil”.
Gənclər və idman naziri Azad Rəhimov mayın 12-dən 22-dək Bakıda keçiriləcək İslam Oyunlarına 100 milyon dollar xərcləyəcəklərini nəzərdə tutduqlarını deyib. Bu, ötən il açıqlanan məbləğdir. 2017-ci ilin büdcəsindən yarışlara ayrılacaq xərclər isə göstərilməyib. Natiq Cəfərli deyir ki, Gənclər və İdman Nazirliyinə əlavə olaraq 230 milyon manat vəsait ayrılıb. Güman olunur ki, bu vəsaitin böyük hissəsi İslam Oyunlarına xərclənəcək. İqtisadçı bildirir ki, nə qədər də çox turist gəlsə, bu ölkənin çəkdiyi xərcin borcunu ödəməyəcək.
“Sırf oyunlarla, idman yarışları ilə turist cəlb eləmək mümkün deyil. Bunu hətta çox böyük yarışmalar, olimpiadalar da sübut eləyib. Məsələn, Braziliyada, Yunanıstanda keçirilən olimpiadalar sübut elədi ki, hətta çox böyük yarışlar belə çəkilən xərcləri sırf turistlərin hesabına geri qaytarmağa imkan vermir”.
Gənclər və Turizm Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib ki, 7 ölkənin bütün xərcləri qarşılanmayacaq. Sözcü bildirir ki, bir neçə ölkədən 5-10 nəfər idmançı gəlməlidir, nazirlik onların xərclərini qarşılayacaq. Amma oyunlara ayrılan ümumi məbləğ açıqlanmır.
“İslam Həmrəyliyi Təşkilatı ilə danışıq gedir ki, onların yol xərcini ödəsin. Böyük ehtimal ki, belə olacaq. Biz isə onlara müəyyən faizlə qidalanmada kömək edə bilərik”.
Azərbaycan hökuməti sonuncu dəfə 2015-ci ildə Avropa Oyunlarına görə ölkəyə gələn qonaqların xərclərini qarşılamağı öhdəsinə götürüb.