”İslam Hərbi Alyansı NATO koalisiyasına ekvivalent sayıla bilməz” (yenilənib)

Zərdüşt Əlizadə: “Alyansa daxil olmaq Azərbaycan üçün yalnız diplomatik meydança imkanlarını genişləndirir”

Source:


***


14.40. Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə APA-nin yaydığı xəbəri təkzib edib.


Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev agentliyə bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.


“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”, – deyə H. Hacıyev vurğulayıb.


***


Zərdüşt Əlizadə: “Alyansa daxil olmaq Azərbaycan üçün yalnız diplomatik meydança imkanlarını genişləndirir”

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

APA-nın “dunyanews.tv” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, İslam Hərbi Alyansına daxil olmaq Azərbaycan üçün yalnız diplomatik meydança imkanlarını genişləndirir:

“Lakin bu meydançada hansısa qərar qəbul etmək, əməli iş görmək şansı çox aşağıdır. Çünki islam ölkələri arasında həmrəylik yoxdur, çoxu parlaçalanıb, müxtəlif güclərə işləyir, aralarında çəkişmələr və hətta müharibələr var.

Yəmən Ərəb Respublikası alyansın digər üzvü Səudiyyə Ərəbistanı və ətrafı tərəfindən bombalanır. Yaxud İran İslam Respublikasının Səudiyyə Ərəbistanı ilə münasibətlərini göstərmək olar. Nəhayət, alyansda kifayət qədər hərbi potensialı olan dövlət yoxdur. O cümlədən, İslam Hərbi Alyansı NATO koalisiyasına ekvivalent sayıla bilməz, əksinə, bir çox alyans üzvü NATO dövlətlərinin əlində alətdir”.

Ana səhifəXəbərlər”İslam Hərbi Alyansı NATO koalisiyasına ekvivalent sayıla bilməz” (yenilənib)