İslam dininin qədim Misirdəki kökləri

İslam dinində əksər görüşlərin yəhudilik və xristianlığın

Source:
Maatın tərəzisi
Maatın tərəzisi

I Yazı

İslam dinində əksər görüşlərin yəhudilik və xristianlığın dini mənbələrindən gəlməsi normal qəbul edilə bilər: bu dinlər monoteist (təkallahlı), profetik (peyğəmbərli) və kitablı dinlər kimi eyni din ailəsinə mənsubdur.

Ancaq islam dininin hər zaman lənətlədiyi politeist, yəni çoxallahlı, bütpərəst dinlərdən götürdükləri də kifayər qədərdir. Bu məqalə islam dinində – allahın insanı palçıqdan yaratması; bu dünyanın fani sayılması; ölülərin yenidən dirilməsi; cənazə mərasimlərinin təşkili: ölünün yuyulması, ağ kəfənə bükülməsi, mizan-tərəzi, ölünün mühakimə edilməsi; islamda ürəyə, qəlbə hədsiz əhəmiyyət verilməsi; cənnət açarı ideyasının kökü; ölünü qarşılayan inkir-minkirin kökü; ölünün yaşından asılı olmayaraq cənnətdə gəncləşməsi; cənnət təsvirləri: seksual xidmət göstərən hurilər, cənnətdəki qızıl qablarda verilən yeməklər, süd çayları, kölgəli ağaclar; qiyamət günü: İsrafilin suru, yəni zurnası, ölülərin dirilməsi; islamda pişiyin hörmətli canlı sayılmasının səbəbləri; şeytanın əvvəl mələk olması və s. bu kimi – bir çox kult, təsəvvür və ideyaların qədim Misirdəki köklərinə həsr olunur.

İnsanın palçıqdan yaradılması

Bilindiyi kimi, insanlar – daha doğrusu, ümumi elmi qənaətə görə qadınlar – neolit dövründə, yoğrulmuş torpağa forma verməklə dulusçuluğu kəşf etmişlər. Bu kəşf – insanın və dünyanın yaranması ilə bağlı mifik təsəvvürlərdə dəyişikliklərə səbəb oldu. Tanrını antropomorf – insan formasında xəyal edən qədim insan belə fikirləşməyə başladı:

“Biz gildən müxtəlif şeylər düzəltdiyimiz kimi, tanrılar da bizi beləcə gildən düzəldib”.

İnsanın yoğrulmuş torpaqdan düzəldilməsi haqqında ilk dəfə Sumer mətnlərində yazılır. Misir mifologiyasında isə tanrı Ptah artıq bir dulusçu kimi göstərilir və həm dünyanı, həm də insanları yumurta

formalı palçıqdan yaradır.

Dulusçu, Ptah
Dulusçu, Ptah

Qədim Misirin ölülər kitabında belə bir cümlə var:

“O, insanları və tanrıları əlləri ilə döndərib çıxardan böyük usta, baş dulusçudur; o, insanları və tanrıları bir dulusçu çarxının üzərində şəkilləndirmişdir”.

Ölülər kitabı cənazə mərasimlərində oxunan, adamları ölümdən sonrakı həyata hazırlayan, ölənə o biri dünyada yol göstərən mətnlər toplusu idi.

“Quran”da da insanın gildən, torpaqdan yaranması haqqında çoxlu ayələr vardır. Bəzilərinə baxaq:

“Biz həqiqətən insanı (süzülmüş) palçıqdan yaratdıq” (Əl-Muminun: 12). “İnsanı saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan o yaratdı” (Ər-Rəhman: 14). “Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq.” (Əl-Hicr: 26).

Cənnət və cəhənnəmin yeri

İslam dinində insanın yaradılışı ilə bağlı təsəvvürlərin qədim Misirin mifik dünyagörüşü ilə uzlaşdığını gördük. İndi isə insanın ölümü, ölümdən sonrakı həyatı ilə bağlı islami görüşlərin qədim Misirdəki izlərinə nəzər salaq.

Misirlilərə görə iki dünya vardı: Tattu – aşağı dünya, Abtu – yuxarı dünya. Qədim Misir mətnlərinin birində ölünü nəzərdə tutan belə ifadəyə rast gəlinir: “Ruh göyə, bədən torpağa.”

Qədim misirlilər inanırdılar ki, insanlar öldükdən sonra Duat deyilən yerə gedirlər. Orada onlar mühakimə edilirlər. Doğrular Osirisin cənnətinə, yəni göyə qalxırlar. Sorğu-sualdan üzü ağ çıxmayanları isə yer altında qorxulu aqibət gözləyir.

“Quran”da cənnət və cəhənnəmin konkret yeri haqqında bir şey yazılmasa da, islam dini təsəvvürlərinə görə də cənnət göylərdə, cəhənnəm isə yerin altındadır.

Cənazə mərasimləri

Qədim Misirdə ölümlə bağlı bütün mərasim və kultlar ölünün yenidən doğulmasını və Osirisin cənnətinə getməsini təmin etmək üçün idi. Bundan ötrü, ilk növbədə, ölü, Qaz gölündə çimizdirilirdi. Məqsəd o idi ki, tanrıların qabağına çıxmazdan qabaq onun ruhu təmizlənib parıldasın. İslamda da ölünün çimizdirilməsi ənənəsi var.

İslamda ölünün ağ kəfənə bükülməsi ənənəsinin kökü də Misirdədir. Misirlilər mumiyanı ağ rəngli kətanla sarıyırdılar. O zamanadək tək Misirdə deyil, dünyanın müxtəlif yerlərində ölünü, yenidən doğulsun deyə, qırmızı rənglə boyayırdılar. (İndi də bəzi yerlərdə, məsələn, Hindistanda ölünü qırmızı rəngə boyama, ya da qırmızı kəfənə bükmə ənənəsi qalmaqdadır.) Qəbir və torpaq – ana bətni kimi təsəvvür edildiyinə görə, yenidəndoğumun məkanı sayılırdı. Yenidəndoğumun simvolik rəngi qırmızı idi. Ruhun göylərə qalxıb orada yenidən doğulacağına inam yarandıqdan sonra, ölünü – göyləri simvolizə edən ağ rəngli parçalara bükməyə başladılar.

Qədim misirlilər ölüdən pis iy gəlməməsi üçün ona çoxlu ətir-yağlar vururdular (Ümumiyyətlə, parfümeriya sənayesi qədim Misirə borclu olmalıdır). Mənbələrdə ondan çox ətir-yağ adı çəkilir. İslam dinində ölüyə vurulan sidri-kafur bu ənənənin davamıdır. Dilimizdə ölüm sözünün kökü olan öl söz hissəciyinin etimologiyasının qədim türkcəmizdə islaq, nəm, yağ mənası verməsi təsadüfi deyil. Çünki qədim türklərdə də ölü nəmləndirilib, yağlanırdı. İndiyədək bəzi regionlarda qəbrin üstünə su tökmək ənənəsi qalır. Yeri gəlmişkən, qədim misirlilərlə qədim türklərin daha bir kulturoloji əlaqəsini göstərmək istəyirəm. Misirin ölülər kitabında yazılır:

“Qəbirə uzanacağın o günü düşün. Bir axşam sədir yağı və ana tanrı tərəfindən toxunmuş sarıqlarla urvatlandırılacaqsan. Basdırılma günündə gözəl ağıçı qadınlar cənazə alayının qabağında gedəcəklər və başlarına qərb qobusunun narın qumlarını səpəcəklər”. Qədim türklərdə də cənazə mərasimləri ağıçı qadınların müşayəti ilə olurdu. Yasda iştirak edənlər başlarına kül səpirdilər. Dilimizdəki bu deyimlər həmin ənənənin qalığıdır:

“Başına kül olsun”, “külümü qoyum təpənə, “başıma haranın külünü töküm?” və s.

Mizan-tərəzi və ürək

“Quran”da “Əl-Əraf” surəsi 8 və 9-da deyilir:

“O gün (qiyamət günü) əməllərin tərəzidə çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır! Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir”.

Burada hansı tərəzidən söhbət gedir? Tərəzidə ağır gəlmək, yüngül gəlmək nə deməkdir?

Qədim misirlilərə görə ölüm və cənazə tanrısı Anibus ölünü, mühakimə edilməsi üçün, Osiris başda olmaqla tanrıların qarşısına gətirir. Burada Maat adlı, əlində tərəzi olan bir qadın-tanrı var. Tərəzinin bir gözünə Maatın tükü qoyulur, o biri gözünə isə ölünün ürəyi. Ölü mumiyalanarkən onun bütün orqanları çıxarıldığı halda, ürəyi tərəzidə çəkiləcəyinə görə özündə saxlanılırdı. Kimlərin ki, ürəyi tükdən yüngüldür, onlar doğulmaq üçün Osirisin cənnətinə, göyə çıxacaqlar. Kimlərin ki, ürəyi tükdən ağırdı, onlar yer altına göndəriləcək və orada Ammit adlı ilan onları sonsuza kimi yeyəcək. Ürək – vicdanın, şüurun, insanın əməllərinin simvoludur. Ürəyi tükdən yüngül olanlar – Maa Kheru-lar, yəni doğru səslilər, doğrular, təmizə çıxmışlar – yenidən doğulma şansı qazanırdılar.

Ana-tanrı Maatın adının mənası doğru, gerçək deməkdir. O, ədalət tanrısıdır, həmişə başında bir dəvəquşu tükü ilə təsvir edilir. Maatın əlindəki tərəzini sonralar qədim yunanların ədalət ana-tanrısı Femidanın əlində görürük.

Femida
Femida

Maat həm də günəşin hər gün müəyyən olunmuş yerdən tam və nizamla doğmasını və batmasını təmin edən qayda, qanun, ədalət və intizamın tanrısı idi. O kişi-tanrı Ra-ya yol göstərirdi. (Təkcə Misirdə deyil, başqa xalqlarda da nizam, harmoniya, ədalət, qayda-qanun tanrıları qadın cinsində olmuşlar. Məsələn, Harmoniya, Dissiplina – başlanğıcda ana tanrıların adı idi, sonralar müstəqil söz kimi işlədilməyə başladı.)

İslam dinində mizan-tərəzi anlayışının kökündən bəhs etdik, bir neçə kəlmə də islamın ürəyə, qəlbə münasibəti haqqında danışaq.

Qədim insanlar ürəyi insan bədənin əsas mərkəzi, düşünmə məkanı sayırdılar. Bu yanaşmanın izləri dilimizdəki bəzi ifadələrdə qalmışdır: “Ürəyimdə fikirləşdim”, “ürəyimə damdı” və s.

Misirin ölülər kitabındakı bir bölmənin adı belədir:

“Ölən adamın ürəyinin aşağı dünyada ondan alınmasına icazə verməmə.” Mətnlərdə ürəyi tərəzidə çəkilərkən Ani deyir: “Ürəyim – anam, ürəyim – anam. Sayəndə var olduğum anam”.

Ölülərin göyə qalxan ruhları, “Göyün anası” sayılan Nutun qolları arasında olarkən, ana-tanrı İsis mumiyaçılara həmin ölülərin bədənlərinin çürüməməsi üçün qaydaları öyrədir. Qədim Misirdə mumiyaçılar cəsədin daxili orqanlarını götürürdülər. Ölünün beyni isə burun deşiklərindən bir alət vasitəsilə sorulub çıxarılırdı. Dörd vazada saxlanılan daxili orqanları dörd tanrı qoruyurdu. (Yeri gəlmişkən, burada da vazalar ana bətninin rəmzi idi. Etrüsklərdə də yandırılmış ölünün külləri yenidən doğulsun deyə, xüsusi vazalara qoyulurdu.)

Mumiyalama zamanı ürək öz yerində, yəni cəsədin içində qalırdı. Misirin ölülər kitabında yazılır: “Öz ürəyin səninlə olacaq”.

“Aşağı dünyada ürəyindən uzaq düşmək” misirlilər üçün ən böyük təhlükələrdən biri idi.

“Quran”da ürəklə, qəlblə bağlı xeyli cümlə və ifadələr var:

“Allah onların qəlblərini möhürləyib”, “qəlbləri pərdəlidir”, “qəlblərində əyrilik olanlar”, “qəlbləri təmizləmək”, “onlar, yəni kafirlər, ağızlarıyla qəlblərində olmayanı söyləyirdilər”, “qəlblərinizin bilə-bilə yönəldiyi işlərdə günah vardır”, “Allah onların qəlblərini azdırmışdı”, “… qəlbləriniz qıfıllanmışdı” və s.

Cənnətin açarı

İndi isə qədim misirlilər üçün çox vacib olan bir simvolun üzərinə işıq salaq. Ankh, Onza, Senb adlanan bu çoxadlı və çoxmənalı simvolun izahı – sağlıq, güc, sirlərin açarı, həm də İsis düyünü deməkdir. Ana-tanrı İsis bilindiyi kimi, həm də sehr, cadu tanrısıydı. İslam dini sehri, cadunu özünə alternativ saydığına görə hər zaman ona qarşı çıxmışdır. Məhəmməd peyğəmbərin zamanında İsis düyünü və cadu ərəblərə əlbəttə ki, tanış idi. “Quran”da deyilir:

“(Ey Məhəmməd) de ki: yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, düyünlərə üfürən, (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən, dan yerini ağardan Rəbbimə sığınıram”. (Əl-Fələq: 1-5)

İsis düyünü həm də cənnətin açarı hesab edilirdi.

Bu simvolik alət həm düyün, düyünləmək, bağlamaq, həm də açar, açmaqla bağlıdır.

Mumiyaların üzərinə qoyulan İsis düyününün başqa bir mənası həyatla, diriliklə bağlıdır. İsis düyünü həm də həyat açarıdır. Qədim misirlilərə görə İsis ölümsüzlük dərmanını kəşf edib. İsis düyününün üst tərəfindəki deşikli dairə əbədiyyəti ifadə edir. Dairə – nə başlanğıcı, nə də sonu olan mükəmməl bir fiqurdur. Əbədi ruhu da (əslində yenidəndoğumu) təmsil edir.

İsis düyünü
İsis düyünü

Yeri gəlmişkən, sonralar dinlər patriarxallaşdıqca, bu açarı kişi cinsində təsəvvür edilən tanrı və ya ilahi personajların əlində görürük: qədim Romada Yunus – dünyaya gələn və dünyanı tərk edən ruhların giriş və çıxış qapısının tanrısı idi, açma və örtmə gücünün açarları onda idi. Xristianlıqda da bu açar kişi cinsinin nümayəndələrindədir, məsələn, İsa, onu tanıyan həvarisi Petrosa deyir:

“Göylərin hegemonluğunun, krallığının açarını sənə verəcəyəm” (Matta, 16/18-20). Və beləcə Petros baş mələk Mixaellə cənnət qapılarının və açarlarının qoruyucusu olur.

İslami təsəvvürlərə görə isə allah cənnətə giriləcək tək qapının açarını Məhəmməd peyğəmbərə verib. Onun peyğəmbərliyini tanımayan, qəbul etməyən, yəni, müsəlman olmayan kimsələr cənnətə girə bilməzlər.

İran-İraq müharibəsində Xomeyni, əsgərləri inandırmışdı ki, şəhid olacaqları təqdirdə birbaşa cənnətə düşəcəklər. Bunun təminatı kimi onların boyunlarından “cənnət açarı” asılırdı.

Cənnət açarı
Cənnət açarı

Axirət təsvirləri

İslam dinindəki axirət dünyası təsəvvürləri ilə qədim Misir dünyagörüşündəki cənnət-cəhənnəm təsəvvürləri arasında da çoxlu uyğunluqlar var.

Qədim misirlilərə görə ölünü o dünyada əməllərinə görə ya acıqlı, ya da gülərüz tanrılar qarşılayırdı. Tanrıların adını bilmək olduqca vacib idi, ilk imtahan buradan başlayırdı. Orada ölüdən tanrıların adı soruşulurdu. Ölü, tanrıların hamısının adını bilməli idi, yoxsa cənnəti itirirdi.

Bu proses islamda belədir: Əhli Sünnəyə görə, Münkər və Nəkir (İnkir-Minkir) ölüdən onun Rəbbinin, dininin və peyğəmbərinin adını soruşur. Yəni, kəlmeyi-şəhadəti. Mömin adam bu suallara asan cavab verər, amma kafir verə bilməz. Cənnətə gedəcək mömin qiyamət gününədək yatızdırılır, kafir isə dərhal cənənnəmə göndərilir.

Cəhənnəm

Yuxarıda dediyimiz kimi, qədim misirlilərə görə ölümsüz həyata layiq olmayanların ürəyini Ammit adlı, ilana bənzər qorxunc varlıq, nəhəng ağzı ilə yeyir. İslamın cəhənnəm təsvirində, “Quran”da yazılmasa da, ilanlardan danışılır. Ümumiyyətlə, yeraltında yeyilmə ideyası daha qədimdir, sonralar yeyilmə odda yandırılma ilə əvəz edildi, ana bətni simvolu olan çuxur və qır qazanı da neqativləşdirilib içi odla dolduruldu. İslam cəhənnəminin əsas cəhəti odla bağlıdır.

Xristianlığın Misirdə yerləşməsindən sonra VII əsrdə yaşayan Keft piskoposu Pisen-tiosun həyatından bəhs edən bir kitab yazılıb. E. A. Wallis Budgeyə görə həmin kitabda köhnə və yeni cəhənnəm təsvirləri belə sintez edilir: “…Günahları çox olan bəziləri …. indi Amentidədirlər (yəni qədim ölülər diyarında), bəziləri daha qıraqdakı qaranlıqda, bəziləri odlu çuxur və xəndəklərdə, bəziləri də od çaylarının içindədirlər”.

(ardı var)

Ana səhifəMənim Fikrimcəİslam dininin qədim Misirdəki kökləri