İslam dininin qədim Misirdəki kökləri – II Yazı

CƏNNƏT

Source:
Pişikli Freyya
Pişikli Freyya
Pişikli Freyya
Pişikli Freyya


CƏNNƏT

Cənnət ideyası da islam dini ilə qədim Misirin çoxtanrılı etiqad sistemi arasındakı ortaq nöqtələrdən biridir.

Misirin “Ölülər” kitabında cənnət axar su ilə təsvir edilir.

“Quran”da da qırx dəfəyə yaxın “altından çaylar axan cənnətlər” ifadəsi işlədilir. Ancaq cənnətin içində də çaylar var. Onlardan biri də “dadı dəyişməyən süd çayları”dır (Məhəmməd: 15). Niyə “süd çayları”?

Qədim misirlilərə görə Nil çayının eynisindən göydə də var. Yerdəkindən fərqli olaraq göydəki Nil çayından axan adi su deyil, inək görünüşlü ana-tanrı Hathor-Nutun məməsinin südüdür. Cənnətdə yenidən doğulanlar, həmin bu göydəki çayın südünü, başqa sözlə, ana-tanrı Nutun südünü içmək şansı qazanırlar. Buna görə də Ölülər kitabında onlara “ağızları doymuş xoşbəxtlər” deyilməkdədir.

Göydə süd çayının olmasına inam, sonralar mənsub olduğumuz qalaktikaya Süd yolu (Milky Way) adı verilməsinə gətirib çıxartdı. “Qalaktika” (γάλακτος – qalaktos) – qədim yunanca süd deməkdir.

Yeri gəlmişkən, “göydə süd (çayı, yolu, gölü)” motivi qədim türklərin mifik təsəvvürləri ilə də səsləşir: türk xalqlarının mifologiyasına görə göyün üçüncü qatında Süd gölü var. Doğulacaq uşaqların ruhları oradadır; Süd ana, (Umay, Kübey, Aysıt, Yayıq variantları da var) həmin göldən bir damla süd gətirib, ana bətnində yeni yaranmaqda olan uşağı (başqa variantda yeni doğulmuş körpəni) mayalandırır.

Cənnət təsəvvürlərindəki başqa bir oxşarlıq cənnət sakinlərinin yaşları ilə bağlıdır.

Qədim misirlilərə görə Osirisin cənnətinə gedənlər, hansı yaşda olurlarsa olsunlar, ana-tanrı İsisin qoynunda gəncləşirlər. “Ölülər” kitabında yazılır: “… gəncliklərini təzələdikləri yer …”

İslamın hədis kitablarında cənnət əhlinin, hamısının qocalı-gəncli eyni yaşda – 33 yaşında olduqları göstərilir. Göründüyü kimi, bu görüş də orijinal deyildir.

Misirin “Ölülər” kitabında cənnət nəzərdə tutularaq yazılır: “… firon, əncir ağacının kölgələrində sərinlənən “doğru adamlardan” biri olacaq”.

“Quran”da da möminlərin sərin kölgəliklərdə dincəlmələri ilə bağlı çox sayda ayə vardır.

HURİLƏR, YEMƏK, İÇMƏK…

Qədim misirlilər, kişi cinsində olan mumiyaların yanına, onlara o biri dünyada seksual xidmət göstərəcək çılpaq, iri yançaqlı, ayaqları sındırılmış qadın fiqurları qoyurdular. Bu fiqurlar öz mumiya “ağa”larını xoşlamadıqları halda, ayaqsız olduqlarına görə heç hara qaça bilməyəcək, sonsuzadək onların yanında qalacaqdılar. Tapılmış arxeloji faktlar göstərir ki, kişi mumiyaların seksual xidmət üçün nəzərdə tutulan belə fiqurlardan “hərəmxana”ları vardı.

İslam dinində də qadın-kişi münasibətlərində (həm bu dünyada, həm də o dünyada) qadını passiv, itaət etməli olan seks xidmətçisi kimi görürük. Qadınlardan fərqli olaraq kişilərin istəkləri ön plandadır: “Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin”. (Əl-Bəqərə, 223). O biri dünyada mömin kişilərə “zövcəlik” edən cənnət hurilərinin də əsas vəzifəsi seksual xidmətçilik olduğuna görə onların öz istəklərinin, öz arzularının olması heç ağıla belə gətirilmir.

Qədim Misirdə kişi mumiyaların, heykəldən də olsa bir hərəmxanalıq seksual xidmətçiyə sahib olduğunu yuxarıda dedik; müsəlman möminlər də onlardan geri qalmır, bəzi hədislərdə cənnətməkan kişilərin 70-dən çox huriyə sahib olacağı yazılır.

Misirin “Ölülər” kitabına görə, cənnətlik ölülərin aclıqdan qorxmasına gərək yoxdur, onlar tanrıların yanındadır, orada bol çörək, ət, içki, rahat həyat vardır; xidmətçi qadınlar, katiblər, ağ mərmərdən hazırlanmış qablarda qızarmış qazlar, eləcə də cürbəcür quş ətləri, şərab, pivə və s. kimi içkilər, ud çalan qadınlar (ud səsi pis təsirləri qovan sehrli bir musiqi aləti sayılırdı), qayıqlar və arabalar, onları xəstələndirən və narahat edən şər ruhlardan qorunmaq üçün xüsusi amuletlər, üzərlərinə taxacaqları dualar…

İndi isə “Quran”dakı cənnət təsvirlərinə baxaq: daş-qaşla bəzənmiş, astarları qalın ipəkdən olan yumşaq, hündür döşəklər və taxtlar, yaşıl balışlar, su, süd, şərab, bal axan çaylar, qızıl və incilərlə bəzənmiş ipək və atlas paltarlar, möminlərin taxacağı qızıl və gümüş bilərziklər, ləl-cəvahiratlar, qızıldan məcməyi və qədəhlər, sərin kölgəliklər, cürbəcür meyvələr və quş ətləri, məmələri təzəcə tumurcuqlamış, ağappaq yumurta kimi, irigözlü, heç qocalmayan, inci kimi bakirə hurilər…

İslam cənnətində qədim misirlilərin cənnətindən fərqli olaraq, musiqi yoxdur. Ümumiyyətlə, musiqi islamda haram sayılır, özündən əvvəlki dini ritualların tərkib hissəsi olduğuna və həmin dinləri xatırlatdığına görə qəbul edilmir. Məsələn, İranda islam inqilabından sonra musiqi qadağasının ardınca uzun müddət musiqiçilər təqib olundu, hələ də musiqiyə münasibət birmənalı deyil.


İSRAFİLİN SURU, ÖLÜLƏRİN DİRİLMƏSİ

Misirin “Ölülər” kitabında yazılır ki, dirilmə günündə, daha dəqiqi, Osirisin dirilmə günündə, İsis və Horus ölülərə “qalx və oyan” deyəndə, onlar dirilib Osirisə doğru uçacaqlar. Həmin vaxt Ptah adına surlar, zurnalar çalınacaq.

İndi isə bu görüşlərin islamda necə əks olunmasına baxaq.

Bilindiyi kimi, islam dininə görə, ancaq allahın bildiyi bir gündə dünyanın sonu gələcək, həmin gün allah bütün ölüləri dirildəcək. Bu günün adı islam terminologiyası ilə “qiyamət” adlanır. Qiyamət – qiyam etmək, ayağa qalxmaq deməkdir, burada ölülərin ayağa qalxması, dirilməsi, oyanması nəzərdə tutulur. İsis və Horusun “qalx və oyan” əmrinin izləri islamın qiyamət anlayışında açıq şəkildə özünü göstərir.

“Quran”da yazılır: “Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar! “(Əz-Zümər, 68)

“Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar”. (Yasin, 51)

Ölülərin diriləcəyi Osirisin dirilmə günüdə, Ptah adına çalınan sur və zurnalar islam ədəbiyyatına “İsrafilin suru” kimi keçib.


MUMİYALAMA İLƏ ÖLÜLƏRİN DİRİLMƏSİ ARASINDAKI ƏLAQƏ

Qədim Misirdə ölüləri iki formada mumiyalayırdılar. Birinci, fetus forması idi: uşağın doğuşa qədər ana bətnindəki duruşu. (Bir ara islam saytları belə fetus formalı mumiya fotolarını savadsızcasına yayıb deyirdilər ki, bu, allaha ibadət edən firon mumiyasıdır). Ölünü fetus formasında dəfn etməyin tarixi neandertal insandan başlayaraq küp qəbirlərədək gəlir. Əvvəlki yazıda deyildiyi kimi, qəbir, torpaq, eləcə də küp – ana bətni kimi düşünüldüyünə görə ölüləri bəri başdan ana bətnindəki kimi yarı bükülü formada basdırırdılar; ölü yenidən doğulsun deyə.

Fetus formalı mumiya
Fetus formalı mumiya

İkinci üsulda isə misirlilər ölünün bədənini parçalara ayırır, hətta başını (şər tanrı Set, Osirisin başını üzdüyü kimi) üzüb, odda yandırırdılar. Ancaq sonralar onlar dəfn prosesində, Osirisin tikələrə parçalanan bədənini nümunə götürməkdən vaz keçirlər, o biri dünyaya bütöv, xarab olmamış bədənləri ilə getmək istəyirlər.

Mumiyalama ənənəsinin arxasında dayanan məntiqin biri də bu ola bilərdi: ruh ölməzdirsə, yeni bir bədəndə dünyaya gələcəksə, bəs əvvəlki bədən nə olacaq? Olmaz ki əvvəlki bədən də ölməz olsun? Ruh elə özünün tərk etdiyi bədənə qayıtsın? Təxminən belə: “Öz bədənimdə dünyaya gəlmək istəyirəm”. Qədim misirlilər bədən məsələsində haradasa bir az materialist düşünüblər; nağdı qoyub nisyə dalınca getməyiblər.

Mumiyalama ilə yenidəndoğum ideyası aradan qalxmadı, ancaq sarsılmış oldu. Misirlilər yenidən doğum ideyasına yeni bir məna qatdılar. Ölmüş adam yer üzündəki ölümlü ana bətnindən deyil, göy üzündə göyün özü olan ana-tanrı Nutun bətnindən öz bədənlərində yenidən doğulacaqdır. Bədən isə çürüməməlidir, çünki ruh geri qayıdanda bədənə yenidən yerləşə bilməlidir. Dağılmış cəsəddə isə bu mümkün ola bilməz. Sonralar mumiyalama ideyasından – əvvəlki bədənə dönmə, öz bədənində dirilmə – təkallahlı dinlərin yenidən diriliş ideyası meydana gəldi. Bildiyimiz kimi, təkallahlı dinlərdə ölü öz bədənində təkrar dirilir, dünyaya gəlir. Onun yenidən doğulmaq (dirilmək) üçün anaya, ana bətninə ehtiyacı yoxdur.

Min illər boyunca misirlilər ölməz, əbədi bədəndə diriləcəklərinə inanmışlar. Misirlilər xristian olduqdan sonra da mumiyalama işini davam etdirmişlər.

Sonralar xristian keşişlər, misirliləri inandırırlar ki, onsuz da ölülər skelet halında olsalar da diriləcək, mumiyalama gərəksiz və artıq bir işdir. Keşişlər deyirdilər ki, “Diriliş günü mən onu, bədəni çürüməyən xilaskardan (İsadan) təhvil alacağam”. (E. A. Wallis Budge) Və bununla da, mumiyalama sənəti aradan qalxdı, “Osiris ölülərin tanrısından ölü bir tanrıya çevrildi” (E. A. Wallis Budge). İsa Osirisin yerinə keçdi. Horusu əmizdirən İsisin yerinə İsanı əmizdirən Məryəm gəldi.


QƏDİM MİSİRLİLƏRƏ VƏ İSLAMA GÖRƏ PİŞİK

İslam ölkələrində, kökü qədim misirlilərə gedib çıxan bir ənənə də pişiyə hörmət ənənəsidir.

Qədim Misirdə pişik elə müqəddəs sayılırdı ki, hətta pişiklərin qoruyucusu olan ayrıca qadın-tanrı vardı: Bastet. Onun bir adı da pişik səsinin imitasiyasından yaranan Mau idi.

Pişikbaşlı Bastet
Pişikbaşlı Bastet

Misir miflərinin birində deyilir ki, amansız, sərt, cəzaçı, qorxuducu, döyüş və qoruma qadın-tanrısı Saxmet bir gün atasından küsüb səhraya gedir və aslana dönür. Ölkəyə düşmənlər hücum edəndə onun köməyinə ciddi ehtiyac yaranır. Belə olanda ata-tanrı Ra qızı Saxmeti geri qaytarmaq üçün ağıl tanrısı Totu onun üstünə göndərir. Tot Saxmeti dilə tutub bir çayda çimizdirir. Çiməndən sonra Saxmetin qəzəbi sönür, sakitləşib yumşaq, fağır bir pişiyə çevrilir.

Qədim Misirdə günəşin yandırıcı, yaxıb qovurduğu vaxtının simvolu aslan başlı Saxmet, ilıq vaxtının simvolu isə pişik başlı Bastet idi.

Qədim Misirdə pişiyin olduqca dəyərli, ali sayılmasının nəticəsi kimi, bir çox tanrı pişik başlı təsvir edilirdi. Səbəbini yazaq.

Əkinçiliyin kəşfindən sonra taxıl anbarlarındakı siçan və siçovulların əsas qənimi pişiklər idi. Bu baxımdan qədim Misirdə pişik elə dəyərli idi ki, hətta onu öldürənə ölüm cəzası verilirdi. Yarımtanrı sayıldıqlarına görə ölən pişiklər də mumiyalanırdı.

İslam dinində də pişiyin xüsusi, hörmətli heyvan sayılması məlumdur. Ancaq bu, peyğəmbərin pişiyə olan sevgisi ilə əlaqələndirilir. Hədislərə görə peyğəmbər Uhud səfərində qarşısına çıxan pişiyi qorumaq üçün ordunun yolunu dəyişir. Səfərdən qayıdanda o, həmin pişiyi özüylə götürür və ona Müəzza adı qoyur. Peyğəmbər bu pişiyi o qədər sevərmiş ki, bir dəfə paltarının üstündə yatdığını görüb onu oyandırmaqdansa, əbasının həmin hissəsini kəsir. Hətta onun “pişiyi sevmək imandandır” deyə bir hədisi də vardır.

Başqa bir hədisdə deyilir ki, peyğəmbər bir dəfə əshabələrindən birinə rast gəlir və görür ki, onun qucağında nəsə var. Peyğəmbər həmin adamın qucağındakı nəsnə ilə maraqlanır, o da peyğəmbərə çuxasındakı pişik balasını göstərir. Peyğəmbər deyir ki, bundan sonra sənin adını pişiyin atası, yəni, Əbu Hureyre qoydum.

Həmin bu Əbu Hureyre – pişik atası – bir hədisdə pişiyini ac saxlayan bir qadının cəhənnəmdəki əzablarından danışırmış. Deməli, ərəblərdə də, qədim Misirdə olduğu kimi, pişiyə olan pis münasibətin cəzasız ötüşməyəcəyinə inam varmış.

Mən uşaqlığımda eşitmişdim ki, pişiyi peyğəmbər sığallayıb deyə o hündür bir yerdən yerə düşəndə kürəyi üstə düşmür. Sonralar o sığalın səbəbini hədislərdə oxudum, yazılır ki, namaz vaxtı peyğəmbəri az qala bir ilan çalacaqmış, pişik ilanı tutub peyğəmbəri xilas edir. Peyğəmbər də onu sığallayır, o sığala görə də pişiklər müqəddəsdir və kürəkləri yerə dəymir.

Deyim ki, islam dini, pişiyə olan isti münasibəti başqa heyvanlara bəsləmir. Məsələn, kərtənkələ öldürməyin savablığı ilə bağlı bir hədis var.

Yeri gəlmişkən, təkallahlı dinlər meydana gələndən sonra pişiyin bəxti islam ölkələrində gətirdi, ancaq xristian ölkələrində əksinə oldu. Avropada bərəkət və doğum tanrısı – ana-tanrı Freyyanın sevimli heyvanı pişik idi. Avropa dillərində həftənin beşinci günü həmin bu ana-tanrının adını daşıyır: Freitag (almanca), ya da Friday (ingiliscə). Bir vaxtlar Xristian keşişləri ana-tanrının bu simvoluna elə nifrət edirdilər ki, onları cadugərlərin köməkçisi sayır, hətta inkvizisiya dövrlərində cadugərlərlə birgə tonqallarda yandırırdılar.


MƏLƏYİN ŞEYTANA ÇEVRİLMƏSİ, DÜNYANIN FANİLİYİ, MÜRTƏDƏ ÖLÜM

İslama görə şeytan əvvəl mələk idi. Ancaq sonralar şər qüvvəyə çevrilir. Bu ideya da orijinal deyil.

Misir mifologiyasında şəri təmsil edən tanrı Set əvvəllər qardaşı Osiris kimi xeyir qüvvə olub. Sonralar o, qaranlığı və şəri təmsil etməyə başlayıb.

İslamda dünyanın faniliyinin dönə-dönə vurğulanması bu dinlə bağlı deyil. Bu dünyadakı həyat misirlilərə görə keçici idi. Əsas həyat yuxarıdakı dünyada, ikinci dəfə doğulduqdan sonrakı həyatdır.

İslamda “mürtədə ölüm” ənənəsi var. Hələ Məhəmməd peyğəmbərin sağlığında müsəlmanlığı qəbul edib, sonra çıxanlar öldürülməli idilər. Bunun kökləri qədim Misirdə inisiasiya mərasimlərinin qaydalarına gedib çıxır. Misirdə bir inisiasiya mərasimindən keçib, sonra üzvlükdən imtina edən, sirri yayar deyə öldürülürdü.

Nəhayət, bu yazı ilə göstərdik ki, islam dini öz başlanğıcını, iddia edildiyi kimi, ilahi mənbədən deyil, çoxqatlı rahibə və rahib ordusunun yaratdığı bütpərəst dinlərdən götürüb. Ancaq bu, təkcə qədim Misirlə məhdudlaşmır. Sonrakı yazılarda islam dininin başqa qədim kulturalardan götürdüklərindən də bəhs edəcəyik.

Ana səhifəMənim Fikrimcəİslam dininin qədim Misirdəki kökləri – II Yazı