”İslahatlar olmayacaqsa, investorlar da gəlməyəcək”

“Vəziyyət getdikcə mürəkkəbləşir və hakimiyyət nələrin baş verəcəyini təsəvvür etmir”

Source:
Gubad İbadoqli
Gubad İbadoqli
Gubad İbadoqli
Gubad İbadoqli


“Vəziyyət getdikcə mürəkkəbləşir və hakimiyyət nələrin baş verəcəyini təsəvvür etmir”



Həftə prezidentin 26 yanvar konfransıyla başladı, ardınca nazirlərin, komitə sədrlərinin mətbuat konfransı ilə davam etdi, sonda beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatları açıqlandı. Bu mənada yola saldığımız həftə iqtisadi xəbərlərlə zəngin keçdi.





Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğluyla söhbətimizdə də səslənən fikirlərin doğurduğu suallara cavab almağa çalışdıq.


– Qubad bəy, maliyyə naziri Samir Şərifov və prezident İlham Əliyev “Financial times” qəzetinin Azərbaycanın 4 milyard dollar almaq istəyilə bağlı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankıyla (DB) danışıqlar aparması haqda məlumatını təkzib etdilər. Qəzetin yazdığını Facebook-da ilk dəfə siz yaydığınız üçün istərdik məsələni şərh edəsiniz…

– Mən danışıqların olduğunu düşünürəm. Ola bilər  danışıqların predmetində təcili yardım paketindən söhbət getməsin. Danışıqların predmetini Azərbaycanın strateji layihələrinin maliyyələşdirilməsi təşkil edə bilər. İkinci, təkziblər də birmənalı deyildi. Maliyyə nazirinin təkzibində söhbət 1 milyarddan gedirdi, yəni 4 milyard yox, az ola bilər. “Financial times” qəzetinin dəqiqləşdirilməmiş məlumatı dərc edəcəyini düşünmürəm. Yəqin ki, məlumatı mötəbər mənbələrdən almışdılar. Mənim özümdə də əlavə məlumatlar var ki, Azərbaycan Maliyyə Nazirliyi ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu arasında danışıqlar başlayıb. Təbii ki, hansı məbləğdə kreditin cəlb edilməsi haqda məlumatsız idim. Bəlkə də bu məsələ danışıqların predmetinə daxil deyil. Ancaq sual yaranır; DB və BVF ilə başqa hansı mövzu haqda müzakirə aparmaq olar ki? Hər iki beynəlxalq maliyyə kredit institutu eyni mərkəzdən idarə olunur, əsas məqsədləri ölkələrə texniki və maliyyə yardımı göstərməkdən ibarətdir. Bu qurumlar investor yox, kreditor olaraq çıxış edirlər. DB həm də Dünya Ticarət Təşkilatı da deyil ki, Azərbaycanın hansısa istiqamətdə islahatların keçirilməsini müzakirəyə çıxartsın. DB və Azərbaycan hökuməti arasında indiyə qədər isti münasibətlər olub, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi bu bankın idarəçiliyindədir. Sadəcə, bir az məntiqsiq görünürdü ki, indiki halda valyuta ehtiyatlarımız mövcud olduğu şəraitdə bu qədər kreditin cəlb edilməsinə nə ehtiyac var.


– Doğrudan da, ehtiyac varmı?

– Ehtiyac var. Ancaq Azərbaycana investisiya strateji öhdəliklərini yerinə yetirmək üçün lazımdır. Söhbət həmin kreditin qaz kəmərinin tikintisinə, Avrasiya Nəqliyyat Dəhlizinin açılışına yönəltməkdən gedir. Hökumət bu istiqamətdə müəyyən danışıqlar aparır, danışıqlar yalnız DB və BVF ilə yox, Asiya İnkişaf, Avropa Yenidənqurma və İnkişaf banklarıyla aparılır. Amma beynəlxalq maliyyə institutları kreditləri müəyyən şərtlərlə verirlər, ona görə hökuməti əvvəlcə bu şərtlər qane etməlidir. Onlar kredit verəndə islahat, şəffaflıq və başqa məsələlərlə bağlı müəyyən tələblər irəli sürürlər. İkinci məsələ odur ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın investisiya reytinqini yenidən qiymətləndirəcəklər. Əgər kredit reytinqi aşağı düşərsə, hökumətin cəlb etdiyi kreditlərin faiz dərəcəsi artacaq. Güman ki, tələsik danışıqlar da bununla bağlıdır, yəni beynəlxalq reytinq agentliklərinin qərarından əvvəl aparılır ki, daha ucuz və uzunmüddətli kredit cəlb etmək mümkün olsun. Bir daha deyirəm, ölkənin investisiya və kredit resurslarına ehtiyacı var. Bunu təmin etmək üçün hökumət Səudiyyə Ərəbistanıyla danışıqlara da getmişdi, Çində də bu istiqamətdə müəyyən müzakirələr olmuşdu. Amma bu gün Çin iqtisadiyyatının geriləməsi, neftin qiymətinin düşməsi səbəbindən Səudiyyə Ərəbistanının gəlirlərinin azalması hökumətin əməkdaşlığında konkret nəticələri qoymağa imkan vermədi. Çin və Səudiyyə Ərəbistanı kimi ölkələr kredit verəndə şəffaflıq, hesabatlılıq, islahat xarakterli tələblər qoymurlar. Hökumət də elə təşkilatlarla işləmək istəyir ki, bu istiqamətdə hansısa şərtlərlə üzləşməsin. İndiki halda hökumət həmin dövlətlərdən müsbət cavab almayıbsa, məntiqli görsənir ki, istənilən şəraitdə investisiya olan öhdəliklərini yerinə yetirmək üçün BVF və DB ilə danışıqlar aparması üçün zərurət yaranmışdı.



Məlumat yayılandan sonra mətbuatda və sosial şəbəkələrdə daha çox o fikir üstünlük təşkil edirdi ki, Azərbaycan üçün bu institutlardan kredit almaq sərf etmir, çünki həmin qurumların daxil olduğu ölkələr heç də həmişə böhrandan çıxmır.

– BVF kifayət qədər təcrübəli proqram dəstəyinə malikdir. Ancaq onların da maraqlarının və şərtlərinin olduğunu nəzərə almaq lazımdır. Azərbaycan da öz milli iqtisadiyyatının maraqlarını nəzərə alaraq BVF ilə əməkdaşlıq məqbul hesab oluna bilər. Çünki vəziyyət getdikcə mürəkkəbləşir və hakimiyyət nələrin baş verəcəyini təsəvvür etmir. İqtisadiyyatdakı hadisələr zəncirvari şəkildə davam edəcək və imkanlarımızın tükənməsilə nəticələnəcək. Bu halda BVF ilə əməkdaşlıq zərurətə çevrilə bilər. Bir çox ölkədə BVF-nin kreditləri hesabına keçid dövrü müvəffəqiyyətli olub, başqa ölkələrdə uğursuzluq da qeydə alınıb. Ona görə yerli şəraitin nəzərə alınması əhəmiyyətli məsələdir. Əgər BVF başqa ölkələrdəki reseptini Azərbaycana tətbiq edəcəksə, ölkəmiz yaxşı nəticə əldə edə bilməyəcək. Ancaq BVF-nin təkliflərini dinləmək və yerli xüsusiyyətləri də nəzərə almaqla onun rasional tərəflərini götürüb böhrandan çıxış paketini hazırlamaq olar. Artıq Demokratiya və Rifah Hərəkatı olaraq iqtisadiyyatda əsas və təxirəsalınmaz təkliflər paketini hazırlamışıq, 8 istiqamətdə 64 addımdan ibarətdir. Yanvarın 31-də sənədin tam mətni açıqlanacaq, bu, bütövlükdə böhranın qarşısını almaq və vəziyyətdən çıxarmaq üçün əhəmiyyətli ola bilər.



Prezident 26 yanvar konfransında və ondan da əvvəlki müşavirədə beynəlxalq investorları dəvət etməyin vacibliyini vurğulamışdı. Amma son iki gündə iki xəbər medianın diqqətində oldu: Beynəlxalq Şəffaflıq Təşkilatı hesabatında Azərbaycanı “Qafqazın korrupsiya çempionu” elan etdi, ikinci, “Standard and Poor’s” reytinq agentliyinin Azərbaycanın kredit reytinqini BB+səviyyəsinə endirib. Bu isə “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır. Belə olduqda beynəlxalq investorlar Azərbaycana maraq göstərəcəkmi?

– Ümumiyyətlə, ölkədə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində çox işlər görülməlidir. Hökumət beynəlxalq investorları cəlb etmək üçün böyük özəlləşdirmə layihəsini gündəmə gətirib. Bu da kifayət qədər həssas məsələdir, çünki indki halda ümumdaxili məhsulun böyük hissəsi özəl sektorda formalaşır, dövlət sektoru böyük çəkiyə malik deyil. Fəaliyyətdə olan dövlət müəssisələrinin əksəriyyətinin zərərləri və beynəlxalq kredit təşkilatları qarşısında öhdəlikləri var. Bunlar əsasən əhaliyə xidmət göstərirlər, söhbət “Azenerji”dən, “Azərsu”dan, “Azəristiliktəhcizat”dan, “Azərişıq”dan, “Azəriqaz”dan, dəniz, hava, dəmiryolu nəqliyyatından, Azərpoçt, Aztelecom-dan gedir. Bunların özəlləşdirilməsi ilk baxışdan cəlbedici görünür. Əvvəlki özəlləşdirmə təcrübəsini və investisiya mühitini əsas götürsək, beynəlxalq investorlaq maraqlı olmayacaq. Çünki həmin şirkətlərin özəlləşdirilməsi onların göstərdikləri xidmətlərin qiymətlərini bahalaşdıra bilər ki, bu, əlavə sosial gərginlik yaradar. Bu gün “Azenerji”, “Azərsu”kimi xidmət göstərən təşkilatların əhaliyə satdıqları məhsulun qiyməti maya dəyərilə müqayisədə ucuzdur. Ölkəyə gələn investorların şərtlərindən biri həmin istiqamətdə tariflərin bahalaşması olacaq. Digər özəlləşdirmə istiqamətini isə maliyyə bazarında görürəm, bank və sığorta bazarını nəzərdə tuturam. Amma investorların gəlməsi üçün bu bazarda islahatlar aparılmalıdır. Bütün hallarda xarici investorların qeyri-neft sənayesində fəaliyyət imkanları çox ehtimal olunmur. Səbəb inhisarçılıq, dövlətin nəzarətedici və tənzimləyici orqanlarının qeyri-məhsuldar, qeyri-səmərəli fəaliyyətidir. Qəti desək, islahatlar olmayacaqsa, investorlar da gəlməyəcək, əksinə mövcud investorların ölkədən getməsi gözlənilir. Bu dəqiqə Azərbaycandan həm kapital, həm də investorlar çıxır. Çünki ölkənin əsas ödəniş vasitəsi milli valyutanın gerçək dəyəri bəlli deyil. Yenə də milli valyutanın qiymətini Mərkəzi Bank (MB) müəyyənləşdirir. Halbuki, MB dekabrın 21-də hərraclar keçirəcəklərini, tələb və təklif proporsiyaları əsasında manatın məzənnəsini müəyyənləşdirəcəyini bəyan etmişdi. Təəssüf ki, manatın gerçək məzənnəsi nə investora, nə də istehlakçıya bəlli deyil. Bax, bu qeyri-müəyyənliyə görə investor və hətta istehlakçı iqtisadiyyata yatırım qoymayacaq. Xüsusən də manatın gerçək məzənnəsinin bəlli olmaması səbəbindən bu proses ləngiyə bilər. Görün, hansı zamanda Beynəlxalq Şəffaflıq Təşkilatı Azərbaycanı “Qafqazın korrupsiya çempionu” elan etdi və “Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın kredit reytinqini aşağı saldı, əlavə olaraq, gizli iqtisadiyyatın da səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, sadaladığım amillər investorların ölkəyə gəlişinə problemlər yarada bilər. Regionlardakı aksiyalar da investorların qərar verməsi üçün əhəmiyyətli məsələlərdən biridir. Əsasən də sosial konfliktlər olan ölkələrə investorlar az maraq göstərirlər.



Qubad bəy, Gömrük Komitəsinin sədri Aydın Əliyevin “Azərbaycan idxala mövsümi rüsumlar və kvota tətbiq etməyə hazırlaşır” açıqlamasını indiki duruma adekvat sayırsınızmı?

– Konseptual olaraq doğrudur. Azərbaycanda çevik gömrük tarif tənzimləmə sistemi həyata keçirilməlidir, söhbət daxili bazarın himayəsindən gedirsə, biz çalışmalıyıq ki, xarici bazarın konyukturasını nəzərə alaraq özümüzün gömrük tarif siyasətini daha çevik həyata keçirək. Təəssüf ki, indiyə qədər gömrük tarif siyasəti bazarın formalaşmasında, idxal əməliyyatlarının tənzimləməsində əhəmiyyatlı rol oynamayıb. Səbəb də inhisarlarla bağlıdır və buna görə  gömrük rüsumları, tarif siyasəti nominal xarakter daşıyırdı. Bizdə olan məlumata görə, artıq idxal əməliyyatlarında gömrük rüsumlarının tətbiqi prosesinə başlanıb, bu mənada tənzimləmənin mövsümü xarakter daşıması düzgün yanaşmadır. Amma bunu da hansısa korporativ maraqlarla həyata keçirəcəklərsə, neqativ təsirlərini görəcəyik. Əslində, bu prosesi gömrük yox, Nazirlər Kabineti aparmalıdır, komitə icraedici orqan kimi tətbiq etməlidir. Məsələ ondadır ki, gömrükdə şərti qiymətlər komitənin özü tərəfindən hazırlanır. Yəni ölkəyə mal gətiririksə, malın gömrük dəyərinin müəyyənləşməsi üçün onlar hazırladıqları cədvəldəki uyğun qiyməti əsas götürürlər. Bu da düzgün yanaşma deyil, çünki qiymət cədvəli yeniləşdirilmir. Əslində, şərti qiymət cədvəlinin tərtibi və təsdiqlənməsi Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməlidir. Əgər gömrük orqanları şərti qiymət cədvəli hazırlayırlarsa, yaxud mövsümü olaraq rüsumları dəyişmək və onu tənzimləmək səlahiyyətinə malik olacaqsa, bu, həm də maraqlar konflikti yaradacaq. Ona görə bu işlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini vurğuladım. Bunun üçün daxili və xarici bazarın konyukturasının həm qiymətləndirilməsi, həm də monitorinqi aparılmalı və onun əsasında qərarlar verilməlidir. Komitə sədri kvotalardan da danışıb, məncə, qeyri-gömrük kvotalar vasitəsilə bazarı tənzimləmək uğurlu yanaşma deyil. Əslində, ölkəyə məhsulların daxil olması üçün daxili bazarda rəqabət mühiti yaradılmalıdır. Komitə sədrinin açıqlamasından bəlli olur ki, ölkədə yerli istehsal bərqərar olub, daxili istehlak bazarın formalaşmasında yerli istehsalın rolu əhəmiyyətli dərəcədə artıb və biz gömrük tarifləri vasitəsilə yerli istehsalı qoruyuruq. Amma mən 26 yanvarda prezidentin keçirdiyi konfransda da yerli bazarla bağlı səsləndirdiyi məlumatlara inanmıram. Məsələn, Azərbaycanın özünü süd məhsullarıyla 80, ət məhsullarıyla 90 faiz təmin etməyi haqda məlumatlar səhih deyil. Biilirsiniz, məlumatlar qeyri-dəqiq olanda, həyata keçirilən idxal-ixrac siyasəti də səmərəli olmayacaq. Ona görə birinci vəzifə kimi məlumatlar dəqiqləşdirilməlidir. Biz istehlakçı olaraq mağazinə daxil olarkən hansı məhsulun yerli və ya xaricdən gətirildiyini çox asan şəkildə müəyyənlışdiririk. Mən Azərbaycanda kərə yağı istehsalının perspektivini görmürəm, çünki xaricdən gətirilən yağlar yerli yağlarla müqayisədə daha ucuz başa gəlir və keyfiyyətli olur. Bu mənada kərə yağı bazarında yerli istehsalın 80 faiz olması məlumatına inanmıram. Belə olanda, çevik mövsümü idxal rüsumlarının tətbiqindən əvvəl İqtisadiyyat Nazirliyi yerli ekspertlərlə birgə monitorinqlər, araşdırmalar və qiymətləndirmələr həyata keçirib gerçək vəziyyət ortaya qoymalıdır.



Aydın Əliyevin çıxışından belə anlaşıldı ki, o, komitənin başqa nazirliyə birləşdirilməsinin əleyhinədir…

– Bu məsələdə bizim hansı prizmadan yanaşmamızın əhəmiyyəti çoxdur. Əgər idarəetmə xərclərinin səmərələşdirilməsi, qeyri-məhsuldar fəaliyyətlərin ixtisarı məqsədiylə bunu ediriksə, ehtiyac var. Çünki Gömrük Komitəsi və Vergilər Nazirliyinin dövlət büdcəsinin formalaşmasında rolu getdikcə artır. Bəlkə 5 il əvvəl bu qurumların böyük əhəmiyyətindən danışmağa ehtiyac olmazdı. Neftin qiymətinin aşağı düşdüyü indiki halda istəməzdim ki, iki qurumun müstəqilliyinə xələl gətirilsin, yəni hansısa quruma birləşdirilsin. Bu gün onların dövlət büdcəsini doldurmaq rolları artır. Keçid dövründə bu çətinliklərin mövcud olması iqtisadiyyatda böhranı daha da dərinləşdirər.


– Siz komitə sədrinin brokerləri inhisarçı olmamaları barədə fikrini necə şərh edərdiniz?

– Əslində, broker konsepsiyası normaldır və bütün inkişaf etmiş ölkələrdə tətbiq olunur. İş adamının hər bir saatı qiymətli olduğundan onların broker şirkətləri  vasitəsilə gömrük orqanları ilə əməkdaşlığı daha səmərəli olur və prosesi tez yekunlaşdırır. Normal ölkələrdə idxal-ixracla məşğul olan şəxslər belə xidmətlərdən istifadə edirlər. Amma biz gömrük brokerləri konsepsiyasını inhisarçılığın gücləndirilməsi və bazarda möhkəmləndirilməsi məqsədilə istifadə etdik. Yəni tətbiqi düz olmadı.



Nazir Samir Şərifovun dollar kreditlərinə güzəşt olmayacağı barədə fikrini əsaslı sayırsınızmı?

– Bazar iqtisadiyyatı baxımından nazirin fikrində həqiqət var. Ancaq bazarda fövqəladə hal baş verdiyindən hakimiyyət vətəndaşı müdafiə etməlidir. Çünki fors-majordan əziyyət çəkən Azərbaycan vətəndaşıdır. Yaranmış şəraitdə vətəndaşların xərclərinin kompensasiya olunması və ödənilməsi hakimiyyətin üzərinə öhdəlik qoyur. Problemin həlli üçün ən yaxşı variantlardan biri kredit tətillərinin verilməsi idi. Kredit tətilləri 3 ildən 5 ilə qədər verilə bilər. Amma qanunvericilikdə müəyyən dəyişikliklərə də ehtiyac var. Qanunvericilikdə şirkətlərin müflis olması üçün hüquqi əsaslar olduğu halda vətəndaşların müflis olmasıyla bağlı hüquq əsaslar yaradılmayıb. Əgər məhkəmə fiziki şəxs olaraq krediti ödəmək imkanımın olmadığını təsdiqləyirsə,müəyyən dövr üçün krediti qaytarmaq planını kredit tətillərinə uyğun qurmaq olar. Mərkəzi Bank rəhbəri dedi ki, 5 min dollara qədər kreditlər 250 milyon vəsait tələb edir. Amma bu xərci MB bir həftədə havaya sovurdu. Yəni böyük məbləğ deyil, sadəcə, hakimiyyəti qərarın sonrakı fəsadları narahat edir. Düşünürlər ki, qərar verilsə, 5 min dollardan çox borcu olan müştərilərin də təklifləri gündəmə gələr. Hökumət bu narahatlığa görə kredit güzəştinə çox da meylli deyil. Əgər fors-major situasiyası olmasaydı, hökuməti anlamaq olardı. Amma bir gecədə nədən valyuta ilə krediti olan adamlar bu qədər xərcə düşməlidirlər?! Onların ödəmək qabiliyyəti yoxdursa, bu, bank sektorunu çökdürə bilər. Hökumət bu məsuliyyəti dərk etməlidir. Ümumiyyətlə, bir çox ölkələrdə valyuta krediti valyuta gəliri olmayan vətəndaşlara və şirkətlərə verilmir. Təəssüf ki, Azərbaycanda əksinə olub və Mərkəzi Bankla Maliyyə Nazirliyi gedişatı yalnız müşahidə edib.


– Bəs Mərkəzi Bankın sədrinin güzəştlərin maliyyə pozuntusu yaratması barədə dedikləri əsaslıdırmı?

– Düşünmürəm. Əgər bank uçot və statistikası düzgün tərtib olunubsa, MB maliyyə pozuntusuna yol vermədən prosesi tənzimləyə bilər.



Yekun olaraq bir məqama diqqətinizi yönəltmək istərdik, son vaxtlar hökumət rəsmiləri “güman ki, ilin ikinci yarısı neftin qiyməti artacaq”, yaxud “gələn il neftin qiyməti qalxacaq” deyə açıqlamalar verir. Və hazırda neftin qiyməti 35 dollar civarındadır. Rəsmilərin açıqlamaları Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsini xatırladır. Bu mənada ümid və gümanlar, qiymət artımı iqtisadi böhrana müsbət təsir edə bilərmi?

– Qiymət artımının ciddi təsiri olacağını düşünmürəm. Təbii ki, psixoloji və maliyyə təsiri var. Əgər ilin ikinci yarısı neftin qiyməti artarsa, son nəticədə müsbət effekt verər və bu gün iqtisadiyyatımızın buna ehtiyacı çoxdur. Amma orta və uzunmüddətli dövr baxımından yanaşdıqda, Azərbaycan iqtisadiyyatının nicatı neftin qiymətinin artmasında deyil. Çünki ölkədə neft hasilatı aşağı düşüb və hasilat xərcləri də artıb. Bu nöqteyi-nəzərdən neftin qiymətinin artması gəlirlərin əhəmiyyətli dərəcədə çoxalmasıyla nəticələnməyəcək. Ancaq ilin ikinci yarısında qiymətlərin artması barədə deyilənlər fərziyyədir, bunu təkzib edən kifayət qədər proqnozlar da var. Ümid edək ki, iqtisadiyyatı böhrandan çıxarmaq üçün normal şərait olacaq. Çünki böhran ən çox Azərbaycan vətəndaşına təsir edir, onu yoxsullaşdırır.

Ana səhifəXəbərlər”İslahatlar olmayacaqsa, investorlar da gəlməyəcək”