“Böhrandan İmkana Yol Xəritəsi” hazırlandı
Fevralın 6-da Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin rəhbərlik etdiyi Strateji Düşüncə Mərkəzi (SDM) “Böhrandan İmkana Yol Xəritəsi” adlı sənədi müzakirəyə çıxarıb.
Müsavat Partiyasının mənzil-qərargahında keçirilən müzakirələrdə partiya funksionerləri, SDM-ə daxil olan ekspertlər və ictimai xadimlər iştirak ediblər. “Yol xəritəsi” Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi böhrandan çıxması üçün 8 strateji istiqaməti əhatə edir. Sosial strategiya yoxsul təbəqəyə yardımın göstərilməsindən tutmuş, işsizliyin səviyyəsinin azaldılması, əhalinin kredit probleminin həllinə qədər kompleks tədbirləri nəzərdə tutur. Təxirəsalınmaz iqtisadi tədbirlər korrupsiyaya qarşı mübarizəni, biznesin və azad iqtisadiyyatın inkişafı üçün əlverişli mühitin yaradılmasını əhatə edir. Təxirəsalınmaz siyasi tədbirlər siyasi məhbusların azad edilməsini, azadlıqların bərpası, siyasi, ictimai təşkilatlar və KİV-in azad fəaliyyəti üçün şəraitin yaradılmasını nəzərdə tutur. Xarici siyasət sahəsində avroatlantik birliyə, ÜTT-yə beynəlxalq inteqrasiya nəzərdə tutulur. Ölkə Konstitusiyasının yeni versiyasının hazırlanması üzrə komissiyanın yaradılması və bu ilin yazında konstitusiya referendumunun keçirilməsi təklif edilir. 2016-cı ilin payızında növbədənkənar parlament seçkilərinin, 2017-ci ildə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi təklif olunur. Tədbirdə İsa Qəmbər bildirib ki, “Yol xəritəsi” ideyasının reallaşması 2018-ci ildə qeyd ediləcək Azərbaycan Demokratik Respublikasının 100 illiyi, yenilənmiş ölkənin demokratik məcrada inkişafı üçün real imkanlar yaradır.
Milli Strateji Düşüncə Mərkəzinin sədri bildirib ki,hazırladıqları sənəd birbaşa hakimiyyətə yox, cəmiyyətə ünvanlanıb.
“Sənədin ideyası ondan ibarətdir ki, ölkədə köklü demokratik dəyişikliklər baş vermədən böhrandan çıxmaq mümkün deyil. Sistem dəyişməlidir. Bunun üçün ciddi konstitusiya islahatına ehtiyac var. Biz sənəddə prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması, parlamentin səlahiyətinin genişləndirilməsi təklif edilir. Yol xəritəsi”nin birinci hissəsi təcili addımlar paketindən ibarətdir. İnsanlarımızı böhranın zərbəsindən qorumalıyıq. Bunun üçün tədbirlər görülməlidir. Hakimiyyətin kiçik güzəştləri vəziyyəti dəyişə bilməz.”
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki İlham Əliyev ölkədə böhranın olmadığını iddia etməkdənsə, ən az itkilərlə böhranda çıxmağın yollarını düşünməlidir:
“Bu gün ölkədə dəyişikliyin nə vaxt və necə olacağı mövzusu əsas müzakirə mövzularından biridir. Bizim irəli sürdüyümüz təkliflər Azərbaycanın milli mənafelərinə, cəmiyyətin də, hakimiyyətinin də maraqlarına uyğundur. Qəbulolunmaz təkliflər yoxdur bunların içərisində. Hakimiyyət dəyişikliyinin dinc yolunu təklif edirik. Bunlar kompleks təkliflərdir.”
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646