İşıqsız qalan qadının arzuları (VİDEO)

İllərin çöhrəsinə bəxş etdiyi saysız qırışlara, yorğunluğa baxmayaraq, o, hər gün daha artıq əzmlə yaşamaq uğrunda mübarizə aparır. 15 il əvvəl övladı olmadığı üçün boşanmağa məcbur olan Şikarə İsayeva deyir ki, artıq 5 ildir Hövsan qəsəbəsindəki bu zibillik ərazidə məskunlaşıb.

Onun kiçik komasını gün işığı belə aydınlada bilmir. Hər gün küçələrdən komasındakı peçi alışdırmaq üçün çör-çöp yığsa da, deyir ki, bu peçin də təhlükəli olduğu ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyindən xəbərdarlıq alıb. Öz əlləri ilə qurduğu bu kiçik komanın ən böyük problemi isə işığının olmamasıdır.

Şikarə İsayevanın sözlərinə görə, kimsə ona kömək etmək istəyəndə, bəzi qonşuları həmin adamın qarşısını kəsib, deyir ki, bu qadının bacısı da var, qardaşı da. Əslində isə hər kəs öz həyatını yaşayır, elə özü də kimsəyə yük olmaq istəmir.

Artıq hava qaralır. Bu isə o deməkdir ki, gündüzlər belə qaranlıq otağına girməmək üçün küçələri dolaşan qadın komasına qayıtmağa məcburdur. Ona görə də, o, gecənin düşməsini arzulamır.

Suraxanı Rayon İcra Hakimiyyətindən Meydan Tv-yə bildiriblər ki, Şikarə İsayevanın işıq problemini “Bakıelektirkşəbəkə” həll edə bilər.

“Bakıelektrikşəbəkə”nin sözçüsü Tanrıverdi Mustafayev isə deyir ki, qadın mütləq yaşadığı ərazinin ona aid olmasına dair istənilən bir sənədi quruma təqim etməlidir.

Qadının vəziyyəti isə məlumdur. Sənədsiz komasının nə zaman işıqlaşacağını bilməyən, reportaj daxilində olsa da , qaranlıqdan çıxan qadın arzularla yaşayır.

Ana səhifəVideoİşıqsız qalan qadının arzuları (VİDEO)