İşıqlı adamların Azərbaycanda dəfn olunmasını istəmirəm

Bir neçə gün öncə Müslüm Maqomayevin vəfatından 9 il ötdü.

Source:

Bir neçə gün öncə Müslüm Maqomayevin vəfatından 9 il ötdü.

Bugünlərdə isə Bakının mərkəzində Tamara Sinyavskayanı gördüm. O, hər il Bakıya gəlir, Fəxri Xiyabana gedir…

Müslüm Maqomayevin dəfn günü yaxşı yadımdadı. O gün bizə işdən erkən getməyə icazə verdilər. Bu jest şirkət rəhbərinin böyük insanın ruhuna ehtiramı deyildi. Sadəcə dəfndə prezidentlə birgə çoxlu dövlət məmuru, xarici qonaqlar iştirak edəcəkdi və bu izdiham şəhərdə mütləq tıxac yaradacaqdı. Şirkətdə çalışan əcnəbilərin Bakı tıxacında hövsələsi daraldığı üçün rəhbərlik bunu məcburən etmişdi. Ofisdə kimsə tez getməyimizin səbəbini soruşdu. Bəndəniz dərhal “Müslümü dəfn edirlər” dedikdə, indi adını xatırlamadığım birisi Maqomayev barəsində nalayiq, etikadan kənar zarafat etdi. Lağlağanın yumşaq mənası, “mənə nə, əsas odu evə iki saat tez çatacam”-idi. Çox pis oldum. Məsələnin faciəli tərəfi o idi ki, bu alçaq boşboğazlığa otaqda bir-iki adam istisna olmaqla yerdə qalanlar qəşş edib gülmüşdü.

Müslüm Maqomayevi, kosmik isteda malik insanı, mənsub olduğu millətin bəzi nümayəndələri hələ də anlamırdı. Tanımırdı. Həmin hadisədən sonra, hər dəfə Maqomayevin adı çəkiləndə, yaman utanıram. Utanıram ki, o insanların arasında, o kollektivdə işləmişəm.

Müslümü qoyuram kənara. Bəyəm başqalarının qədrin bilmişik? Büstü sökülən Müşfiqə görə sosial şəbəkədə mərəkə düşmüşdü. Guya bunlar Müşfiq aşiqləridir, şairin kitabların ətək-ətək alırlar, şeirlərin gecə-gündüz oxuyurlar. Hətta Müşfiqi yenidən güllələmək istəsələr, sinələrin sipər kimi qabağa verib şairi qoruyacaqlar. Ziyalılara ehtiram bildirmək, sosial şəbəkədə yazmaqla olmur, əməl olmalıdır. Onun kitablarını almaq, uşaqlara oxutdurmaq gərəkdir. Və bu təkcə Müşfiqə, Cavada, Cavidə, Haqverdiyevə, Üzeyir bəyə aid deyil. Məsələn, niyə Mirzə Cəlilin Tiflisdə yaşadığı evi, işlətdiyi mətbəəsinin binasını hökumət restavrasiya edib, orada muzey açmır? Hökumət eləmir, bəs biz nə vaxt tələb etdik? Yiyəsiz it-pişiklərə görə məktub yazıb, petisiya imzalatdıra bilirik axı. Hökumət də sağ olsun, it-pişik üçün babat sığınacaq tikir. İndi də yığışıb məktub yazaq ki, bəs Azərbaycanın ən demokrat, maarifpərvər nümayəndələrindən biri, yazıçı Mirzə Cəlilin Tiflisdə ev muzeyinə ehtiyacımız var. Sonra Təhsil Nazirliyi sərəncam versin, məktəbliləri ildə bir dəfə muzeyə ekskursiyaya aparsınlar. Şagirdlərə göstərsinlər, danışsınlar, öyrətsinlər, sevdirsinlər. Bilsinlər, Mirzə Cəlil necə bir şəxsiyyət, hansı dühaya malik olub.

Yoxsa bizim nəsil kimi, Mirzə Cəlil yaradıcılığının özəyi olan “Molla Nəsrəddin” jurnalını lətifələr toplusu bilirdik. Jurnalın tarixini məktəbi bitirəndən on il sonra bilmişəm. On il, bu bədbəxtçilikdir. Hələ mən yaxşıyam, şəxsi təşəbbüsüm sayəsində oxuyub, araşdırmışam. Mənimlə birgə məktəbi bitirən insanların əksəriyyəti indiyəcən bilmir. Məktəb yoldaşlarım bir kənara, çıxın şəhərə, on nəfərdən soruşun “Molla Nəsrəddin” haqqında, üç adam düz cavab verə bilməyəcək. Sevgisizlik, qeyri-ciddi yanaşma, hamısı bilməzlikdən gəlir.

Bakıda bir-iki ziyalımızın pis-yaxşı ev muzeyi var. Əlinizi ürəyinizin üstünə qoyub and için, hansı birində olmusuz? Ümumiyyətlə, uşaqları teatra, muzeyə, rəsm sərgisinə, operaya, baletə nə vaxt aparmısınız? Bakıda kinoteatrlar uşaqla dolu olur. Futbol, voleybol, güləş yarışlarına uşaqlar gedir, amma mən sadaladığım yerlərdə uşaqlar görünmür. Bir kərə taksidə gedirdim, yanımda sərnişin dedi ki, uşağı teatra aparıb. Taksist təəccüblə soruşdu ki, oğlan uşağıdı? Sərnişin dedi ki, hə, oğlan uşağıdı, nə olub ki? Sürücü qımışdı, dedi, oğlan uşağını heç teatra apararlar? Sürücünün fikrincə, teatra gedən oğlan uşağı ya homoseksual böyüyəcək, ya da qızbibi.

İndi düşünün, o sürücünün öz uşağı necə yaşayır, hansı tərbiyəni alır.

Yayda “N” kəndinə hüzrə getmişdim. Qəbirstanlığa çatanda gördüm ortada bir məqbərə var. Dedilər, ağır seyidin məqbərəsidir. “Kəndin rusyətdə işləyən imkanlı adamları atışıb, seyid üçün məqbərə tikiblər”- molla bu cümləni elə fərəhlə dedi ki, özü ilə bərabər bəndənizin gözləri yaşardı. Fikirləşdim ki, indi gedib o imkanlı adamlardan birinin qapısını döyəsən, deyəsən, gəl gedək Tiflisə, Mirzə Cəlilin evini təmir edək, adamı qapıdan iti qovan kimi qovar. Mirzə Cəlil bir ömür molla, axund, falçı, seyid tayfası ilə vuruşdu, onların cəmiyyəti qaranlığa, cahilliyə sürüklədiyini isbatladı. Çifayda? Gələcək nəsil onlara məqbərə tikdirir. Mirzənin evi isə xarabazar olub. Gərək ki, həyatın acı ironiyası bax budur.

Ötən il oxuduğum məktəbə gedib, bir-iki müəllimə baş çəkdim. Yaxşı yadımdadı, mən məktəbdə oxuyanda ədəbiyyat otağında yazıçıların, fizika otağında Mendeleyevin, Nyutonun, biologiya otağında qarnıyırtıq qurbağanın posteri, göyərçinin, dovşanın, insanın skeleti olardı. İndi isə sinif otaqlarında qarnıyırtıq qurbağanı, Mendeleyevi və Nyutonu “ata və oğul” portreti əvəz edir. Maraqlandım ki, bəs şəkillər, plakatlar, skelet hanı?

Düşdük məktəbin zirzəmisinə.

Aman tanrım, gördüklərim məni iflic etdi. Qarnıyırtıq qurbağa, insan skeleti, farmalinə salınmış embrion, Mendeleyev, Nyuton, Azərbaycan ziyalıları. Hamısı zirzəmiyə yığılıb. Sınıq-salxaq partalar, iri hörümçək toru, toz-torpaq, şüşəsi çatlaq pəncərə, havası ağır, nəmişlik qoxan məktəb zirzəmisi. Boz səhnə dekorasiyası önündə isə nimdaş ramkaya salınmış kədərli ziyalılar. Kimlər yox idi orda, Haqverdiyev, Hacıbəyov, Nizami, Füzuli, Natəvan, Nəsimi. Azca irəlidə, şkafın arxasında, sanki hamıdan utanaraq gizlənmiş böyük Mirzə Cəlilin çərçivəsiz portretin tapdım. Mirzənin alnına iri hərflərlə, ağ boya ilə “7r QAZ” sözü yazılmışdı. Tükürpədici mənzərə idi. Yəqin ki, hansısa sinif o biri sinifdən bu yazıyla acığını çıxırdı. Sanki Mirzə nə vaxtsa bu yazının yazılacağını duyurmuş. Ona görə hər cür məşəqqətlərə qatlaşıb, cəmiyyəti avamlıqdan qurtarmağa çalışırdı.

Şəkili zirzəmidən götürüb, restavrasiya edib, otağımda divardan asdım. Amma o mənzərə indiyədək ağlımdan çıxmır.

Keçən ay alim Lütfi-zadəni Bakıda son mənzilə yola saldılar. Hərçənd ki, kişini bizim camaat bir partiya öldürüb-diriltmişdi. Hələm bəziləri, Lütfi-zadə irilikdə insanı patriotsuzluqda, vətəni sevməməkdə ittiham etmişdi.

Güya bunlar intellektualdır. Gəl ki, tutub yaxasından soruşsan ki, Lütfi-zadə kim olub, nəylə məşğul idi, nə icad edib, nə yazıb, nə pozub, durub üzünə baxıb, gözlərini döyəcəklər.

Balaca bir çevrəni çıxmaq şərtilə, Azərbaycan cəmiyyəti budur. Sağlığında qiymət verməyib, öləndən sonra dalınca olmayanı, bilmədiyini demək. Özü də çəkinmədən, utanmadan. Bu ölkədə“N” qədər belə hadisə ilə üzləşmişəm. O qədər danışılası, yazılası sözüm var ki. Qısası, istəməzdim Lütfi-zadənin nəşi burda gömülsün.

Təkcə Lütfi-zadənin yox, Müslümün, Mirzə Cəlilin və cəmi ziyalıların ki, qürbətdə yaşayıb yaradıblar. Çünki onların burda dəyərini bilən olmayıb. Mirzə Cəlil Tiflisdə daha təhlükəsiz yaşayırdı. M.Maqomayevi Rusiyada bizdən qat-qat çox sevirdilər. Lütvi-zadəni ABŞ-da daha çox qiymətləndiriblər. Bizim cəmiyyət çörəkpulu aşiqidir, bu adamlar onun nəyinə gərək?



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİşıqlı adamların Azərbaycanda dəfn olunmasını istəmirəm