İşıqlar kəsiləndə sosial şəbəkələrdə nə yazdılar?

Hadisəni ciddiyə alan, ələ salan, hökuməti müdafiə edən də oldu

Source:
Bakıda işıqlar sönən zaman
Bakıda işıqlar sönən zaman


Hadisəni ciddiyə alan, ələ salan, hökuməti müdafiə edən də oldu

Başa çatan həftə Azərbaycanın qaranlığa qərq olması ilə yadda

qaldı

.  Belə ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasındakı blokların birində yanğın baş verdi və Azərbaycanın əksər rayonları, eləcə də Bakı işıqsız qaldı. Problem 2 gün davam etdi. Nəticədə metroda hərəkət dayandı, su kəsildi, əhali problemlərlə üzləşdi.

Baş verən hadisələrə yalnız mediada deyil, sosial şəbəkələrdə də müxtəlif reaksiyalar oldu.

Meydan TV hadisə ilə bağlı sosial şəbəkələrdəki maraqlı, informativ xarakterli paylaşımları bri araya toplayıb:


Mehriban Rahimli

“Göyçayın özündə, kəndlərində işıq, qaz, “Azercell” yoxdu. Bir sözlə, ibtidai içma quruluşudu. Yəni, adam nə yemək yeyə, nə su içə bilir, AC yox, duş yox və sair. Allahın lənətinə gələsiz!!!”


Kamran Mahmudov

“İşıqlar söndü. Bir yaşlı qadın liftdə qalıb. FHN-in “qaynar xətt”i cavab vermir. Nə edə bilərik?”


Altay Göyüşov

“Bütövlükdə işığı sönən ölkə eşitmişdiniz? Eşidin. Analoqumuz yoxdur”.


Mustafa Hajibeyli

 “Mingəçevirdə baş transformator yenidən sıradan çıxıb. Bütün ölkədə işıqlar sönüb. Metroda qatarlar tunellərdə qalıb. İnsanlar tuneldə qatardan düşüb canlarını qurtarırlar – böyük təlaş var. Yollarda tıxaclar yaranıb. FHN deyir ki, metrodan adamları çıxarırıq. İnsanlar liftlərdə qalıb. Su təchizatı dünəndən bərpa olunmayıb. Hökumət xəbər yayır ki, hər şey prezidentin nəzarətindədir”.


İnarə Rafiqqızı

“Axşam metroda işıqlar sönəndə, havasızlıqdan boğulanda elə bilirdim son anlarımdı. Elə bil məşhər ayağındaydıq. Hər kəs xilas yolu axtarırdı…

Bir daha əmin oldum ki, insan son nəfəsində belə özünü deyil, doğmalarını, ən çox sevdiklərini düşünərmiş. Canından çox sevdiklərini…


Esmira Cavadova

“Məhəllə” filmində Qüdrət necə deyir: “Arvad, aftafanı götür, şlanqa etibar yoxdu”. İndi Bakı metrosu da ona dönüb. İnarə, nəbadə metroya girəsən, ölünü tunellərdə axtarası halım yoxdu”.


Bəxtiyar Haciyev

““Nizami” metrosunun qarşısında idim. Tuneldə qalanlar çıxdıqca, üzlərinə su vururdular. Üzlərindəki qorxu, həyəcan, kədəri görəndə vətəndaş kimi mən utandım. Görəsən, onillərlə kreslolarında oturub beyni piylənənlər azca da olsa, utanırmı bu duruma görə?”


Həbib Müntəzir

“Cənab prezidentin nəzarətə götürdüyü işıqlar ölkəboyu yenidən kəsildi”.


Yadigar Sadıqov

“Media guya insanları sakitləşdirmək üçün xəbər verir: “Vəziyyətə möhtərəm prezident nəzarət edir”.

Halbuki mən şəxsən məhz bundan qorxuram. Müəllimin nəzarət etdiyi hər şey bərbad günə düşür. Elə ən pisi odur ki, müəllim həddindən artıq çox şeyə nəzarət edir”.


Cəmil Həsənli

“2-3 günün istisi ölkənin elektrik şəbəkəsini sıradan çıxardı. İlham Əliyev şaxələnmiş iqtisadiyyat barədə bəlağətli nitqlər irad edir. Əvəzində hakim ailə şaxələnmiş korrupsiya şəbəkəsi qurub. Bu şəbəkə ölkənin çırağını söndürəcək qədər təhlükəli həddə çatıb. Pambığında insanlar kütləvi zəhərlənir, vaxtı keçmiş kimyəvi zəhəri ölkəyə gətirənləri qoyub fermeri, briqadiri, gözətçini tuturlar. Barama qurdunu məktəbdə, bağçada bəsləyirlər. Elektrik şəbəkəsi bir günün içində sıradan çıxır və ölkə Kərbəla çölünə çevrilir. 25 ildən çoxdur Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğal altında, Lələtəpənin “qələbə simfoniyası” televiziylardan düşmür. Hansını deyəsən? Söhbət işıqdan getmir, söhbət 25 ildir ölkəni zülmətə qərq edən, bu zülmətdə milləti işığa həsrət qoyan bir hakimiyyətdən gedir, korrupsiyalaşmış, kriminallaşmış anti-milli hakimiyyətdən”.


Gülaga Aslanlı

“Ölkənin vahid elektrik şəbəkəsinin çökdüyü işarələri var.  Mingəcevir SES və İES, Şəmkir SES, Şirvan və Şimal İES, Astara, Xaçmaz, Şəki və digər modul elektrik stansiyalarının eyni zamanda xarab olması ehtimalı çox azdır.

Sadəcə bu ölkəni idarə edənlər nə yaz yağışına, nə yay istisinə, nə payız sısqasına nə də qışın şaxtasına hazır deyillər.

Elektrik enerjisinin və suyun kəsilməsində xidmətləri olan insanlara orden və medalların verilməsi məqsədəmüvafiq olardı.!?”


Cəmilə Abdullayeva

“28 may metrosunun qabagindan kecirəm, həqiqətən çox pisdir vəziyyət. 1,5 saata yaxın vaqonlarda qalanlar olub, əsas da qocaları, usaqları və hamilə qadınları tibbi yardım əməkdaşları xərəklərdə çıxarırlar. Canını sevən ən azı 1 həftə metroya, nə də liftə minməz. Həqiqətən çox acınacaqlı vəziyyətdir”.


Anar Məmmədli

“Son bir sutka ərzində iki dəfə elektrik kəsilib və ölkə üzrə ciddi enerji böhranı yaranıb. Amma resmi orqanların verdiyi açıqlama tutarsız və şübhəlidir. Daha dolğun izahat verilməlidir. Ölkə vətəndaşlarından üzr istənilməli, dəymiş ziyanın ödənilməsi və cavabdehlərin cəzalandırılması barədə tədbirlər planı açıqlanmalıdır”.


Rasim İlyas

“Pifaqoru tanımayan mühəndislər enerji sistemində işləyəndə belə olur”


Farid Cafarov

“Belə çıxır ki, ölkə yeganə elektrik stansiyasından enerji ilə qidalanır. Ölkə hər hansı bir fövqalada halı nəzarə alıb alternativ elektrik podstansiyası ilə təmin olunmayıb. Onda belə çıxır ki, erməni rahat bir raket zərbəsi ilə bütün ölkəni ifliç və tam yararsız hala gətirə bilər. Bax buna görə yazırdım ki, axmaq-axmaq ordu günü keçirib və kiməsə ordumuzun gücünü göstərməsi heç bir məntiqə sığmır. O qədər vacib məsələlərə pul ayırıb ölkənin strateji ehtiyaclarını qarşılamaqdansa, bu ölkə (ölkədə mövcud olan cəmiyyətlə) F1 yarışları, İslam oyunları və s. keçirib xoşbəxtlik hissi yaradır. Allahdan rəhm diləyirəm bu ölkəyə. Səbirli olaq!”


Nərmin Nöqtə

“Metroda halı pisləşən, liftdə qalan, tuneldə qalan, xəstəxanada şəraitsiz vəziyyətdə qalan vətəndaşlarla bağlı paylaşım görəndə mən öz vətəndaşlığımdan utanıram. Bu qədər səriştəsizlik, məsuliyyətsizlik qarşısında təhlükəsizliyimizi kimə, necə etibar edək?”


Aslan İsmayilov

“Yazanda ki, ölkədə idarəçilik itirilib, bəziləri məni qərəzdə ittiham etdi. Son günlər baş verənlər tək hakimiyyətin itirilməsi deyil, bu, qanunsuzluq da deyil, bu dərəbəylikdir, dəhşətdir. Sonu çox faciəli olacaq. Məhkəmələrdən başım açılan kimi ətraflı yazacam.

Bütövlükdə Azərbaycanda işıqların sönməsini hakimiyyət rəsmiləri havaların isti keçməsi ilə əlaqələndirdilər. Bu əsaslanmanın absurdluğundan danışmaq istəmirəm. Zülmətin səbəbi barədə öz fikirlərimi bölüşürəm. Bunun tək bir səbəbi var – ölkəni başdan ayağa bürümüş KORRUPSİYA!”


Elçin Zahiroğlu

“Ölkədə işıq problemi tam həll edilmədən insanları metroya buraxmaq təkcə məsuliyyətsizlik deyil, anormallıqdır, vətəndaşlarımıza qarşı qəsddir. Belə bir vəziyyətdə generatorların niyə işləmədiyi, alternativ variantların niyə işə düşmədiyi hələ əsas sual deyil; insanları təşvişə salmaq, onların sağlamlığı ilə oynamaq haqqını sizə kim verib?”


İlham Shaban

“Günün lətifəsi…

Hazırda “Azərenerji” ASC-nin balansında 36 elektrik stansiyası var… 8 bloklu elektrik stansiyasının 1 blokunda qəza baş verib və bütün ölkə İŞIQSIZ qalıb”.


Natiq Cavadli

“AXC-Müsavat hakimiyyəti zamanı axşamlar işıqlar söndüyündən millət küçələrə çıxa bilmirdi”


Telli Pənahqızı

Görəsən bol günəşimizdən (bu yay da ki, maşallah, adamı diri-diri qovurur), küləyimizdən ( adımız üstümüzdə: Bakı küləklər şəhəridir) niyə enerji düzeltmirik ki? Əhalisinin sayı 10 milyonu aşan, qonaq-qarası ildən-ilə çoxalan ölkəmizdə bu barədə niyə düşünən yoxdur? Camaata İmam Hüseyn müsibəti niyə yaşadırsınız? İşıqsız, susuz…


Rasim Babayev

“Deyirlər, indi layiqli qızın cehizində mütləq generator da olmalıdır”


Maarif Çingizoğlu

“Bayaq “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisinin BBC-yə müsahibəsinə baxdım. Ölkə qaranlığa qərq olub, adam suallara ironiya ilə cavab verirdi. Oxuduğu, işlədiyi yerlərə baxdım, görməsəydim, o müsahibəni eşitməsəydim, onunla fəxr edərdim. Amma heyf, çox heyf. Müxbirə də tez-tez deyir: “bəlkə yekunlaşdıraq?”. Normal ölkədə bu hadisəyə görə bu qurumu ləğv edərdilər, ironiya ilə danışan adamlarsa gedərdi başqa bir işin dalınca”.


Şahin Cəfərli

“İşıqlar yenə getdi.  Çox adam yumorla, satira ilə yanaşır, amma bu məsələ ciddi milli təhlükəsizlik problemidir”.


Azər Elşadoğlu

“Ölkədə rəsmən fövqalədə vəziyyətdi. Bu millət ən yüksək instansiyalardan bir açıqlama, hesabat vermə haqq edir. Bəsdirin, MİS müdirləri səviyyəsində bu xalqla məzə çırtdatdız. Yazıq bu istidə metroda qalanların halına. Yazıqdı bu xalq, vallah, yazıqdı”.


Ceyhun Bayramov

Bundan sonra Azərbaycana hansı turist gələr?


Rüzgar Mövsüm

“Bayaq əmimlə telefonla danışıram. Soruşuram ki, işıqlarınız yanır? Deyir: “Hə. Bayaqdan qaranlıqda tualetdə oturmuşam”. Deyirəm, bəs deyirsən işıqlar yanır, qaranlıqda niyə oturmusan? Lampa xarab olub? “Yox”,- deyir: “Tualetdə işığı yandırmağa ehtiyat eləyirəm. Birdən Mingəçevirdə “şotçik” atar”.


Şahvələd Çobanoğlu

“Görürsünüzmü nə qədər bacarıqsızdırlar? Neft pulu ilə orda-burda abadlıq parıltısı yaratmağa bacarıq deyirsiz?”


Tofiq Yaqublu

Xalq, bir daha əmin oldun ki, İlham Əliyev ölkəni idarə edə bilmir? Başına çarə qılmalısan.


Kəskin tənqid və etiraz xarakterli statuslarla yanaşı, əks mövqeli statuslar da yazıldı:


Taleh Şahsuvarov

 “Dostlar, başa düşürük, hava istidir. Onu da bilirik ki, elektrik kəsintisi sosial həyata ciddi təsir göstərir. Bax, bizim evdə də hazırda elektrik kəsilib. Amma anlamaq lazımdır ki, bu qəzadır. Qəza baş verib və onu aradan qaldırmaq üçün tədbirlər görülür. Elektrik verilişi bərpa olunan kimi daha geniş yazacam. Amma hazırda sizin emosiyalarınızla oynayan, müxtəlif çağırışlar edən, ictimai rəydə çaşqınlıq yaratmaq istəyən şəxslərə qarşı etinasız olun. Onlar Azərbaycan xalqının mənəvi işıq stansiyasına girmiş qara pişiklərdir”


Fatimə Paşayeva

 “Dədə-babanız elektrik işığı yandırıb, mobil telefon işlədib, televizora baxıb? Bu “dözümlə” hara qədər gedə bilərsiniz? Yaxşı ki, sərhəd bölgəsində yaşamırsınız. İlan mələyən yerlərdə kondisioneri olmayanların halını düşünün və səbr edin. Müvəqqəti olan işdir. Guya bunlar “krutoy” olub, ömür boyu internet işlədiblər. Elə danışın ki, ağzınıza çullu dovşan yerləşsin”.

Ana səhifəXəbərlərİşıqlar kəsiləndə sosial şəbəkələrdə nə yazdılar?