”İşıq məhbusları”nın istintaqı yekunlaşıb

Vəkil: ”Onların əməlində heç bir cinayət tərkibi yoxdur”

Source:
Elchin Sadiqov
Elchin Sadiqov


Vəkil: ”Onların əməlində heç bir cinayət tərkibi yoxdur”

Biləsuvarın qaçqın şəhərciyində elektrik enerjisinin kəsilməsinə etiraz edən 5 nəfər cəbrayıllı köçkününün istintaqı yekunlaşıb. Məlumatı vəkil Elçin Sadıqov yayıb. O, cinayət işi ilə artıq tanış olduqlarını deyib:

”Zəruri sənədlərin surətləri bizə verildikdən sonra cinayət işi baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndəriləcək. Tam əminliklə bildirirəm ki, ”işıq məhbusları”nın əməlində heç bir cinayət tərkibi yoxdur. Onlara qarşı cinayət işinin açılması, həbs edilmələri İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) digər maddələri ilə yanaşı sərbəst toplaşmaq azadlığı hüququna müdaxilədir”, – deyə vəkil bildirib.

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.

Əvvəlcə aksiyada iştirak edən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıldı. Sonra onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürüldü.

Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verildi.

Ana səhifəXəbərlər”İşıq məhbusları”nın istintaqı yekunlaşıb