Yeri yaranan İşçi Qrupunun iclasında iştirak edən Mirvari Qəhrəmanlı addım atmağın tərəfdarıdır
Oktyabrın 22-də Azərbaycanda siyasi məhbuslar üzrə İşçi Qrupunun yaradılması ilə bağlı Milli Məclisdə toplantı keçirilib. İclasda Prezident Administrasiyasının Hüquq şöbəsinin müdiri Fuad Ələsgərov və parlamentin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bərabər, bir sıra QHT-lərin nümayəndələri iştirak ediblər. İştirakçılardan biri – Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-nin suallarını cavablandırır.
–
Mirvari xanım, Milli Məclisdə keçirilən toplantıda hansı məsələlər müzakirə olundu?
– Mən ancaq özümə aid suallara cavab verəcəm. Mənə iki gün əvvəl zəng edib dəvət edəndə dedilər ki, yeni qrup yaranır və bu, bir növ dialoq xarakteri daşıyacaq. Eyni zamanda, oktyabrın 21-də Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muijineksi ilə məsələ müzakirə olunarkən bu formatın İşçi Qrupu şəklində fəaliyyət göstərəcəyi qərara alınmışdı. Ancaq əvvəlcədən deyim ki, qrup siyasi məhbuslarla əlaqəli deyil, İşçi Qrupu insan hüquqlarına həsr olunub. İnsan hüquqları böyük məfhumdur, indi isə onun metodologiyası hazırlanmalıdır, bunun üçün müxtəlif təkliflər olub. Bundan başqa, qrupun fəaliyyəti geniş olmalı və bu istiqamətdə memorandum imzalanmalıdır. Milli Məclisdə keçirilən toplantıda da bunlar müzakirə olundu. Tədbirdə Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin, Respublika Prokurorluğunun rəsmiləri, parlament üzvləri və QHT nümayəndələri iştirak edirdi. Katibliklər yarandı, katibliyə Əfv Komissiyasının üzvü Könül İsmayıllı, Səadət Bənənyarlı və Sahib Məmmədov seçildi. İşçi Qrupunun həmsədri isə Fuad Ələsgərovla Səməd Seyidov seçildi, vətəndaş cəmiyyətindən Novella Cəfəroğlunun üçüncü həmsədr kimi namizədliyi təklif olunsa da, o, etiraz etdi, razılaşmadı. Qrup iki həmsədrlə qaldı. Bundan sonra bütün təkliflər katibliyə göndəriləcək, çünki tədbirdə çoxlu sayda təkliflər səsləndi. Bunlar əsasında qrupun metodologiyası hazırlanacaq.
–
Bəs hansı iştirakçılar Xədicə İsmayılın toplantıya qatılmasına etiraz edib?
– Xeyr, belə söhbət olmayıb. Sadəcə, Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muijineks demişdi ki, hökumətlə danışıb Xədicə xanımın iştirakının razılığını alıblar. Düzdür, toplantıda bəziləri Xədicə İsmayılın onları təhqir etdiyini dedi, amma Nils Muijineks bildirdi ki, Xədicə xanım iştirak etsə, yaxşı olar. Məsələ ondadır ki, iclasda QHT-lərdən asılı bir şey yox idi. Mən belə başa düşdüm ki, Xədicə xanımın Facebook-da yazdığı bəyanat narazılıq yaradıb. Bəyanat orda səsləndiriləndən sonra qərara alındı ki, xanım jurnalist hələlik toplantıda iştirak etməsin.
–
Bu məsələni kim daha çox qabartdı?
– Çox xahiş edirəm, mənə bununla bağlı sual verməyin. Çünki bu barədə danışıldı, mən konkretləşdirə bilmədim.
–
Bəs sizin bundan sonra iclası tərk etməyiniz barədə deyilənlər doğrudurmu?
– Elə şey olmayıb. Bilirsiniz ki, ölkədə durum çox ağırdır. O cümlədən, vətəndaş cəmiyyətinin vəziyyəti çox ağırdır, hər yerdən basqılarla qarşılaşırıq. Ona görə işıq gələn tərəfdən istifadə etmək lazımdır ki, hakimiyyət sonra “biz addım atdıq, amma onlar maneçilik törədirlər” – deyə bizi ittiham etməsin. İndi Xədicə İsmayılın yazdığını bəhanə edəcəklər ki, hələ başlamadan bu cür mövqe sərgiləyir.
–
Amma onu iclasa buraxmayıblar, baxmayaraq ki, dəvət olunub…
– Səbəb onun Facebook-da yazdığıdır. Onlar da dedi ki, hələ addım atmadan, ittihamla rastlaşırlar.
–
Fuad Ələsgərovla Səməd Seyidovun bu məsələyə reaksiyası oldumu?
– Onlar moderator kimi yalnız dinləyirdilər.
–
Bəs kimlər Xədicə İsmayılın toplantıya gəlib-gəlməməsini qabartdılar?
– Mən toplantıda stenoqram etməmişəm. Hələ iş başlamadan heç nə demək olmaz, çünki bu, xələl gətirər.
–
Sizin yeni quruma ümidiniz varmı?
– Hər halda addım atmaq lazımdır. Ötən il ARDNŞ-də vətəndaşların işdən çıxarılmasıyla bağlı tədbir vardı, biz bəzi QHT-lərlə məsələni çözməyə çalışdıq. Alınmayanda artıq mediayla birgə məsələni ictimailəşdirdik. Əgər yeni qrupun fəaliyyəti geniş olacaqsa, nəsə etmək lazımdır ki, ortalığa iş qoyulsun.