“Komendant hər ay şəhərcikdən 80 min manatadək pul yığır”
Masazırdakı “Yeni Bakı” şəhərciyinin (“İlin Dörd Fəsli” MMC-yə məxsus yaşayış binasında) sakinləri komendant tərəfindən işıqlarının qanunsuz kəsilməsindən şikayətçidirlər. Onlar bu şəhərcikdə bir sıra hüquqlarının pozulduğunu deyirlər:
“Burada Mənzil Məcəlləsinin tələblərinə məhəl qoyulmur. Biz qanunvericiliyə uyğun olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) təsis etməklə yaşadığımız kompleksin idarəetməsini öz üzərimizə götürmək istəyirik. Lakin “İlin Dörd Fəsli” şirkəti buna mane olur. Şirkət şəhərcikdə qanunsuz olaraq qurduğu komendant sistemi vasitəsilə hər ay 80 min manatadək pul yığır. Sakinlərdən hər kvadratmetrə görə 40 qəpik kommunal haqqı tələb edir. Məsələn, 100 kvadratmetr evi olan ayda 40 manatadək pul ödəməlidir. Bu məbləği ödəməkdən imtina edən sakinlərin işıqları söndürülür”.
Sakinlər bildirirlər ki, “Azərişıq” hələlik şəhərciyə qanuni sayğac quraşdırmayıb. Komendant tərəfindən hər ay mənzillərə imzasız, peçatsız elektrik enerjisi istifadəsinə görə vərəqlər paylanır. Həmin vərəqlərdə yazılan məbləğ 5 gün ərzində ödənməsə, sakinlərin işıqları kəsilir.
MTK sakinin sayğacına müdaxilə edə bilərmi?
“Videoda da açıq-aydın görünür. Tikinti şirkətinin nümayəndəsi ixtiyarı olmadığı halda vətəndaşın işığını kəsir. O, sayğacların olduğu qutunun qapısını kilidləyib və sakinin sayğacına müdaxilə edir. Sayğacın – heç bir texniki səbəb olmadan – elektrik cərəyanından ayrılmasına icazə verilirmi? Özünü sakinə təqdim etməkdən yayınan şəxsi hansı hüquqi məsuliyyət gözləyir?”
“Bizə Arif Paşayev himayədarlıq edir”
Şəhərcik sakinləri tikinti şirkətinin əlindən təngə gəldiklərini söyləyirlər. Bildirirlər ki, komendant sistemindən tutmuş, kommunal haqqının bahalığına, toplanan vəsaitlər müqabilində VÖEN-siz qəbzlərin verilməsinə, normal xidmət göstərilməməsinə, sakinlərin sayğaclarına qanunsuz müdaxilə, “kupça”ların verilməsinin gecikdirilməsi, rüşvət, özbaşınalıq və s. – onları bezdirib:
“Yaranmış vəziyyətlə bağlı çoxsaylı müraciətlərimizə rəğmən, nəinki şikayətlərimizə baxılır, əksinə sakinləri hədələyərək, təhqir edərək, “bilirsiniz bizim arxamızda kimlər dayanır? Hara istəyirsiniz şikayət edin, sizi pulla basdırarıq, sizi asarıq, kəsərik” və s. kimi ifadələrlə sakinlər təhqir edilir. Bizim narahatçılığımız təkcə bununla yekunlaşmır. Arxanızda kim dayanır? – sualı verəndə deyirlər ki, “bizə Arif Paşayev himayədarlıq edir”. Onu da qeyd edək ki, sakinlər olaraq, eyni problemi su təchizatı ilə bağlı məsələdə də yaşayırıq. Su sayğaclarımız da “Azərsu” tərəfindən qeydiyyata alınmayıb” – daha bir sakin deyir.
“Kimsənin işığı kommunal borcuna görə kəsilməyib”
Məsələyə münasibət öyrənmək üçün “Yeni Bakı” şəhərciyinin komendantı Ehtiram Yusifovla əlaqə saxladıq. Komendant sakinlərin dediklərini təkzib etdi. Bildirdi ki, onların dedikləri şər-böhtandır, əsası yoxdur:
“İndiyə qədər kimsənin işığı kommunal borcuna görə kəsilməyib. Sadəcə, bir neçə sakin var. Bilmirəm məqsədləri nədir. Hər yerə şikayət edirlər. Özü də deyəsən imkanları yoxdur, var. Çünki biz aztəminatlı ailələrin siyahısını çıxarıb şirkət rəhbərliyinə vermişik. Onlara güzəşt edirik. Bura Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr, ailə başçısını itirmişlər və s. daxildir”.
O ki qaldı “Azərişıq”, “Azərsu”, “Azərqaz”-ın şəhərdəki sayğacları qeydə almasına, komendant bildirdi ki, bu, onlara da sərf edir: “Sayğacların qeydə alınması bizim üçün də xoş olar. Müəyyən texniki problemlər var. O da həll olunacaq. Kubçaların verilməsi də bu yaxınlarda baş tutacaq. Biz reyest xidmətinə müraciət etmişik. Bugünlərdə kubçalar paylanacaq”.
Yeni Bakı sakinləri akademik Arif Paşayevə müraciət ünvanladı
Sakinlər rəhbərliyin vaxtaşırı şəhərciyin sahibinin Arif Paşayevin olduğunu söyləməsini nəzərə alıb, yaranmış problemləri ilə bağlı ona müraciət də ünvanlayıblar:
“Yaranmış vəziyyətin ciddiliyini dərk edərək, “Yeni Bakı” şəhərciyinin sakinləri kimi sizi məlumatlandırmağı özümüzə borc bilirik. Bir qrup şəxs sizin adınızdan sui-istifadə edir. Biz bilirik ki, görkəmli akademikin adının belə çirkin işlərdə tez-tez hallandırılması bir qrup dələduzun qanunsuz əməllərindən xəbər verir. Ümid edirik ki, şikayətləri (əgər sizə çatacaqsa) oxuduqdan sonra sizin adınızdan sui-istifadə edənlərin əməlləri ilə bağlı lazımi qərar verəcəksiniz!
Böyük ümidlərlə, “Yeni Bakı” yaşayış kompleksinin sakinləri!”
“Biz də insanların əziyyət çəkməsini istəmərik”
Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azərişıq” ASC-yə müraciət etdi. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, “Yeni Bakı” şəhərciyində onların bir abonenti var. O da MTK-dır: “Elektrik enerjisindən istifadə qaydaları ilə bağlı texniki şərtlər var. Görünür MTK həmin şərtlərə tam əməl etməyib deyə sayğaclar qeydə alınmayıb. MTK binaları tam təhvil verməlidir. Təhvil verdiyi zaman isə bizim qoyduğumuz şərtlərin hamısına əməl olunmalıdır ki, biz həmin yaşayış massivini qeydə alaq. Yoxsa biz də insanların əziyyət çəkməsini istəmərik. Biz onların daxili işinə də müdaxilə edə bilmirik. Nəticədə, belə bir vəziyyət yaranıb. MTK texniki şərlərə əməl etsin, biz qeydə alaq”.
“Görünür hansısa texniki şərti yerinə yetirməyib”
“Azərsu”-nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, təkcə, “Yeni Bakı” deyil, “Azərsu”-nun bir çox o vəziyyətdə korporativ binaları var:
“Bunların hər birində bizim bir abonentimiz var. Görünür “Azərsu”-nun qoyduğu qayda-qanunlara tam şəkildə əməl etməyiblər. Ona görə də abonentlərin sayğacları kodlaşdırılmayıb. Bina tikilməzdən əvvəl “Azərsu”-ya plan verilib, tutaq ki, 100 mənzil olacaq, daxili anbar olacaq, mənzillər sayğacla təmin ediləcək və s. Biz də binalar tam hazır olandan sonra baxış keçirib, mənzillərdəki sayğacları kodlaşdırmalıyıq. Görünür, hansısa texniki şərti yerinə yetirilməyib. Nəticədə tək abonent MTK olaraq qalıb”.