”İşığımı, suyumu kəsiblər, məhsulum yanacaq”

Kənd sakini borcunu ödəyə bilmədiyini deyir

Source:


Kənd sakini borcunu ödəyə bilmədiyini deyir

“Yoldaşım ürəyindən əməliyyat olundu. İrana apardım, o qədər xərcim çıxdı ki, su nasosunun xərclədiyi enerjinin pulunu ödəyə bilmədim. Əlimə düşdükcə, 100-200 manat verirəm. Bu il məhsulun yetişən vaxtı gəlib motoru xətdən ayırdılar, suyumu təmiz kəsdilər. İki dəfə icra başçısının, iki dəfə də işıq idarəsi müdirinin qəbulunda oldum. Dedilər, yox e, hissə-hissə olmaz, hamısını birdən ödəməlisən. Yoxsa suyunu verməyəcəyik”- Qobustanın Poladlı kəndinin sakini Xanmirzə Nuruşovun sözləridir.

Xanmirzə Nuruşov Meydan TV-yə bildirib ki, əgər 10 gün ərzində suyu verməsələr, bütün məhsulu yanacaq:

“Prezidentə teleqram vurdum, Mehriban Əliyevaya yazdım, xeyri olmadı. Dedilər, neyləyirsən elə, suyu açan deyilik. Özüm də Alternativ Enerji Mənbələri Dövlət Agentliyində çalışıram. İş yerimdə 10 aylıq əmək haqqım durur. Agentlik də mənim adımdan işıq idarəsinə müraciət etdi. Bildirdi ki, bizdə pulu var, ödəyəcəyik az-az. Yenə təsiri olmadı, suyu birləşdirmədilər”.

Xanmirzə Nuruşov

Xanmirzə Nuruşov deyir ki, ailəsinin əsas dolanışığı bağdan-bostandan, meyvə ağaclarından çıxır. Məhsul yansa, gələn il dolana bilməyəcəklər:

“Ərik ağaclarım məhv olub getdi. İndi sıra nar ağaclarındadır. 650 ədəd ağacdır. İllərdir əziyyətini çəkib yetişdirmişəm. Çox yaxşı da məhsul verirlər. Suyu verməsələr, qurusa, bilmirəm bundan sonra ailəmi nə ilə necə dolandıracağam. Gözləyirəm, 10 günə insafları olsa, suyu qoşsalar, həmin ağaclardan məhsul götürülməsinə ümid etməyə dəyər. Qoşmasalar, o ağaclardan heç nə gözləmək lazım deyil. Ümumi borc 1400 manat idi, 200 manatını verdim, qalıb 1200-ü. Deyirəm, sentyabr-oktyabra qədər möhlət ver, məhsul götürüb hamısını birdən ödəyim. Vermədilər…”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qobustan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin sənədlərlə və vətəndaşların şikayətləri ilə bağlı iş şöbəsindən bildiriblər ki, Xanmirzə Nuruşov başçının qəbulunda olub, dinlənilib. Ona güzəşt olunaraq borcunun müəyyən bir hissəsinin ödənməsi təklif olunub:

“Deyilib ki, qalan məbləği də hissə-hissə ödəsin. Ancaq o, heç bir qəpik də ödəməyib. Bununla yanaşı, şikayət ərizəsi yazıb. Ağsaqqal adamdı, bizim də böyük hörmətimiz var, ancaq reallıq budur”.

Qobustanın İşıq İdarəsinin növbətçi elektrik mühəndisi  Sahib Bayramov isə bildirdi ki, Xanmirzə Nuruşovun borcu yeni yaranmayıb, 3 ildir ki bu durumdadır:

“Həmin şəxs pul ödəyən deyil. 2 ildir bu vəziyyətdədir. Hər dəfə gəlib deyir işıq verin, məhsul satılan kimi borcumu ödəyəcəm, ancaq ödəmir. Hər il bu proses təkrarlanır. Hər halda onunla yenə danışıb nəsə etməyə çalışarıq”.

Ana səhifəXəbərlər”İşığımı, suyumu kəsiblər, məhsulum yanacaq”