Kabulda baş verən hücumda ən azı 7 nəfər yaralanıb
İslam Dövləti (İŞİD) ekstremist qruplaşması bir əfqan jurnalisti və bir texniki işçinin ölümü ilə nəticələnən yerli televiziya stansiyasının işçilərini daşıyan mikroavtobusun partlayışına görə məsuliyyəti öz üzərinə götürüb, – RFE/RL xəbər verir.
Mayın 30-da axşam saatlarında paytaxt Kabulda baş verən hücumda ən azı 7 nəfər yaralanıb.
Özəl “Xurşid TV”-nin icraçı direktoru Məhəmməd Rəfi Rafiq Sediqi deyib: “Bizim əməkdaşımız, iqtisadiyyat müxbiri Mir Vahed Şah və texniki əməkdaş Şafiq Amiri şəhid olub”.
Hökumət qüvvələri və Taliban silahlıları ilə döyüşən İŞİD qruplaşması son illər Əfqanıstanda baş verən ölümcül hücumların bir çoxunun məsuliyyətini öz üzərinə götürüb. Qruplaşma 30 may partlayışına dair heç bir səbəb göstərməyib.
ABŞ, Avropa Birliyi və NATO hücumu qınayıb.
Keçən il Kabulda baş vermiş bənzər hücumda “Xurşid TV”-nin daha iki əməkdaşı öldürülmüşdü və iki nəfər yaralanmışdı.
Taliban və İŞİD keçmişdə də müxbirlərə hücum edib.
Keçən il Taliban əfqan mediasına “Taliban əleyhinə bəyanatlar” yayımlamağı dayandırmaqla bağlı xəbərdarlıq etmişdi.
Əfqanıstan jurnalistlər üçün dünyanın ən təhlükəli yerlərindən biri hesab edilir.