Onlar barələrində olan hökmdən apelyasiya şikayəti veriblər
Bakı Apelyasiya Məhkəməsində İŞİD-in tərkibində vuruşmuş azərbaycanlıların məhkəməsi başlayıb. Onlar – Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovdur.
Barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.
APA yazır ki, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 3-ə təyin edilib.
Keçirilən anti-terror tədbirləri nəticəsində qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələrlə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində ölkənin hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan vətəndaşları – E.Əzizov, N.Quliyev, R.Bədəlov, İ.Əzizov, B.Şirinov, E.Mirzəbəyov və Ə.Şamxalov şübhəli şəxs qismində tutulublar.
Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əzizov 14 il, N.Quliyev 11 il 6 ay, İ.Əzizov 14 il, B.Şirinov 13 il 6 ay, Ə.Şamxalov 2 il 6 ay, E.Mirzəbəyov 7 il, R.Bədəlov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Apelyasiya şikayətində onlar cəzalarının azaldılmasını istəyiblər.