Mənbə: Meydan TV

İŞİD-ə qoşulmaqda ittiham olunan azərbaycanlılara hökm oxundu

Azərbaycanlılar aldadılıb Suriyaya aparıldıqlarını deyirlər

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan iki azərbaycanlıya - Əfqan Aslanov və Bilal Aslanova hökm oxunub. Hər biri bu əmələ görə 9 il azadlıqdan məhrum edilib.

Onlar məhkəməyə ifadələrində aldadıldıqlarını bildiriblər. Deyirlər ki, Suriyaya gedəndə orada tamam başqa işlə məşğul olacaqlarını düşünüblər. Çünki əvvəldən onlara bu barədə başqa cür məlumat veriblər.

Bilal İsmayılovun dediyinə görə, Suriyaya getmək söhbətini ilk dəfə məsciddə eşidib. Onlara deyiblər ki, Suriyadan Türkiyəyə keçən qaçqınlar üçün qurulan çadırlarda insanlara yardım edəcəklər. B.İsmayılov bildirir ki, Suriyaya çatanda aldadıldığını başa düşüb və buna görə oradakılara narazılığını bildirib: “Aqilə dedim ki, bir bomba ilə hamımız məhv olarıq. Bu, nədi bizi gətirmisən?”

Təqsirləndirilən şəxslərin sözlərinə görə, onlar Suriyaya 8 nəfər gediblər. Orada onları Aqil kimi tanıdıqları, ləqəbi “Muhammed” olan bir azərbaycanlı qarşılayıb.

B.İsmayılovun sözlərinə görə, onları bir evə salıb, oradan çıxmağa da imkan verməyiblər. Orada cəmi 15 gün qaldığını, aşpaz işlədiyini deyən B.İsmayılov bildirib ki, bir nəfərdən geri qayıtmaq üçün kömək istəyib. Həmin adam da ona yardım edib, sərhədə aparıb: “Türkiyədə bir məsciddə imama yalvardım ki, mənə kömək eləsin. O da sağ olsun, elədi. Günəmuzd iş tapdım.

İki aya yaxın işləyəndən sonra həm özümə paltar aldım, həm də bir az pul yığıb Azərbaycana qayıtdım”.

Digər təqsirləndirilən Əfqan Aslanovun sözlərinə görə, gedəndə ona Türkiyəyə keçən suriyalı qaçqınlara sərhəddə kömək edəcəklərini deyiblər. Gedib durumun fərqli olduğunu görəndə isə orada milliyyətcə ərəb olan bir nəfərə qayıtmaq istədiyini deyib. O da razılıq verib.

Onların hər ikisi 2014-cü ildə qayıdandan sonra keçmiş MTN-ə çağrılıblar. Orada onları dindirib buraxıblar.

Onlar beş ildən çoxdur ki, Suriyadan qayıtmışdılar. Məhkəmədə də hakimdən xahiş ediblər ki, ötən müddətdə heç bir cinayət törətmədiklərini, övlad sahibi olduqlarını nəzərə alıb, onlara yüngül cəza verilsin.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t0uzry

Ən çox baxılan