Vəkil: “Körpənin və Begümün sağlamlığından narahatıq, geri dönmələrini istəyirik”
4 il əvvəl iki yoldaşıyla birlikdə İŞID-a qatılmaq üçün Suriyaya gedən İngiltərə vətandaşı Şamima Begüm 9 aylıq hamiləykən geri dönmək istədiyini söyləmişdi. Begüm Suriyadakı qaçqın düşərgəsində bir körpə oğlan dünyaya gətirib.
Begümün ailəsinin vəkili Məhəmməd Tasnime Akunjee “Radio 4”-ə danışaraq ailənin doğumun yaxşı keçməsi səbəbilə çox xoşbəxt olduğunu, həm Begümün, həm də körpənin vəziyyətinin yaxşı olduğunu söyləyib. “Ancaq digər iki uşağının ölümünü nəzərə aldıqda, körpənin və Begümün sağlamlığından narahatıq, geri dönmələrini istəyirik,” – deyib.
15 yaşında İŞID-a qatılan Begüm ötən həftə “Times”ə açıqlamasında təəssüflənmədiyini, amma 9 aylıq hamilə olduğunu və İngiltərədə körpəsini dünyaya gətirmək üçün geri dönmək istədiyini söyləmişdi.
Ardından “Sky News”a danışan Begüm bundan əvvəl doğulan iki uşağını Suriyadakı aclıq və xəstəlik səbəbilə itirdiyini ifadə edərək, “Başıma gələn şeylər üzündən insanların mənə simpatiya duyması lazımdır. Son 4 il ərzində yalnız bir ev qadınıydım. Təhlükəli bir şey etdiyimin heç bir dəlili yoxdur,”- deyə qeyd edib.
Begüm Suriyada qaldığı düşərgədən “Times” qəzetinə verdiyi müsahibədə, İngiltərədən birlikdə qaçdığı digər iki məktəb yoldaşından birinin də bombardmanda öldüyünü söyləmişdi. Onun digər dostunun taleyi qeyri-müəyyəndir.
Suriyaya qaçdığı zaman Begüm 15 yaşında olub. O, həyat yoldaşının başqa bir suriyalı qruplaşmaya təslim olduğunu söyləyib. Özü də Suriyanın şimalında təxminən 39.000 qaçqının yaşadığı bir kampda qalır.
İngilis hökuməti Suriyaya İŞİD-ə qatılmağa gedən vətəndaşlarının İngiltərəyə dönmələrini istəmədiyini açıqlayıb.