Həbsdən şikayət edənlər hədələndiklərini bildirirlər
Bakıdan İŞİD-ə maliyyə yardımında ittiham olunan 11 nəfər məhkəmə qarşısına çıxarılıb. Amma onlar günahsız olduqlarını deyirlər. Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan hakim Səbuhi Hüseynova birgə müraciətlərini təqdim edərək, cinayət işində adıçəkilən, amma ortada olmayan Tural adlı şəxsin müəyyənləşdirilməsini istəyiblər.
Təqsirləndirilən 11 nəfər bunlardır: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli. Onlara qarşı Cinayət Məcəlləsinin167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) və 214-1 (terroru maliyyələşdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidir. Samir Qurbanov bildirib ki, 1 il 6 aydır heç bir günahı olmadığı halda, həbsdədir. Onun istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında fərq var. İstintaqdakı ifadəsində ittihamı qəbul edib. O, təzyiqlər nəticəsində belə bir ifadəyə razılıq verdiyini bildirib.
S.Qurbanovun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu Tovuzda tutub Bakıya gətiriblər: “Gətirəndə məni döymədilər. Amma hədələdilər. DTX-da yerdə bir nəfər var idi, ağız-burnu qan içində idi. Elə döymüşdülər ki, sir-sifəti vəziyyətdə pis gündə idi. Anladım ki, deyilənləri eləməsəm, mən də o vəziyyətə düşə bilərəm. Psixoloji təzyiqlərə görə razılaşdım. Əslində isə orada yazılanlar yalandır”.
Təqsirləndirilən şəxslərdən Cavid Əmənovun valideynləri prezidentə və başqa dövlət orqanlarına müraciət edərək, oğlunun günahsız olduğunu vurğulayıb, bu işə ədalətli baxılması üçün kömək istəyib.
S.Qurbanov deyir ki, həmin müraciətdən sonra bu işdəki digər təqsirləndirilən şəxslərin ailə üzvlərinə qarşı təzyiq olub: “Ailə üzvlərimizi aparıb saxlayıblar, təzyiq ediblər ki, bundan sonra heç kim şikayətçi olmasın”.
Cinayət işinin materiallarında Tural adlı şəxsin adı çəkilir, dini-ekstremizmi təbliğ edən materialların onun vasitəsilə yayıldığı, Suriyaya göndərilmək üçün pulun ona verildiyi iddia olunur. Təqsirləndirilən şəxslər həmin Turalın müəyyənləşdirilib məhkəməyə çağrılmasını tələb edirlər. S.Qurbanov onların bu haqda birgə müraciətini məhkəməyə təqdim edib.
Təqsirləndirilən şəxslər onu da bildiriblər ki, onlar mütəşəkkil dəstə kimi təqdim olunur. Amma bir-birini tanımırlar.
Hakim məktubun cinayət işi materiallarına əlavə edilməsinə razılıq verib. Bildirib ki, məhkəmə bu məsələ ilə bağlı qərar verəcək.