İshaq Rabin – sülhün qurbanı

İshaq Rabin. Foto: Wiki və Tatohra/shutterstock

Yadigar Sadıqlı

(birinci hissə)

4 noyabr 1995-ci il, Tel-Əvivin İsrail şahları meydanında mitinq keçirilir. Aksiya hökumətin Fələstin Azadlıq Təşkilatı (FAT) ilə imzaladığı və Fələstin dövlətinin yaradılmasına prinsipcə razılıq verdiyi Oslo razılaşmalarına dəstək məqsədilə təşkil olunub. Tribunada çıxış edən natiq də sülhü təbliğ edir:

Bu yol – çətinliklər və ağrılarla dolu yoldur. İsrail üçün ağrısız yol yoxdur. Amma sülh yolu savaş yolundan daha üstündür. Bunu mən sizə bir zamanlar hərbçi olmuş … və Tsahal əsgərləri ailəsinin ağrılarını görən adam kimi deyirəm. Onlar üçün, uşaqlarımız üçün, mənim timsalımda nəvələrimiz üçün, istəyirəm ki, hökumət hərtərəfli sülhə nail olmaq üçün bütün fürsətlərdən, bütün imkanlardan istifadə etsin…

Bu mitinq İsrail xalqına, bütün dünyadakı yəhudi xalqına, ərəb dünyasında bir çoxuna, elə bütün dünyaya İsrail xalqının sülh istəməsi, sülhü dəstəkləməsi haqda siqnal olmalıdır. Buna görə sizə təşəkkür edirəm”.

Yadigar Sadıqov
Foto: Meydan Tv

Bu sözləri deyən şəxs İsrailin Baş naziri İshaq Rabindir. O, 27 il İsrail odrusunda xidmət edib və ən ali hərbi posta – Baş qərargah rəisi və ən ali rütbəyə – raf aluf (general-leytenant) rütbəsinə qədər yüksəlib. Məhz onun başçılığı altında ordu Altıgünlük müharibədə parlaq qələbə qazanıb ki, hərb tarixinin ən heyrətamiz zəfərlərindən biri hesab olunur.

Amma indi o, özünün dediyi kimi sülh üçün savaşır. Məhz o, Oslo razılaşmalarına imza atıb və buna görə özünün xarici işlər naziri Şimon Peres və tərəf-müqabili, FAT sədri Yasir Ərəfatla birlikdə 1994-cü ilin Nobel sülh mükafatına layiq görülüb. Məhz Rabin İordaniya ilə sülh sazişi imzalayaraq Misirdən sonra ikinci ərəb ölkəsi ilə diplomatik münasibətlər qurmağa nail olub.

Amma o, üzərinə götürdüyü bu missiyanı sona çatdıra bilməyəcək. Sitat gətirdiyim nikbinlik dolu nitqindən bir neçə dəqiqə sonra mitinqi bitirib avtomobilinə doğru gedən zaman ultrasağçı yəhudi tərəfindən güllələnərək həyatını itirəcək. O, Misir prezidenti Ənvər Sadatın 14 il əvvəl yaşadığı taleni yaşayacaq – sülhün qurbanı olacaq.

                              ***
İshaq Rabin 1922-cil martın 1-də Britaniya mandatı altında olan Fələstinin mərkəzi Qüdsdə anadan olub. Onun valideynləri Rusiya imperiyasından köçmüşdülər. Anası Roza Koen 1890-cı ildə indiki Belarusun Mogilyov şəhərində, atası Nehemiya Rabiçev 1886-cı ildə Kiyev yaxınlığında anadan olub. Onlar 1920-ci ilin aprelində baş verən ilk ciddi ərəb-yəhudi toqquşması zamanı tanış olublar və bir il sonra evləniblər. İshaqın özündən 3 yaş kiçik Rahel adlı bacısı da vardı.

Rusiya imperiyasından köçən, demək olar, bütün yəhudilər kimi, Roza və Nehemiya da sol siyasi görüşləri bölüşürdülər, Ahdut HaAvoda partiyasının və həmin 1920-ci il toqquşmalarından sonra yaranan Haqana silahlı təşkilatının üzvü idilər.

Xərçəng xəstəliyi səbəbindən 1937-ci ildə anasını itirən İshaq elə həmin il Kaduri kənd təsərrüfatı məktəbinə daxil olur. 1936-1939-cu illərdə yəhudilərin Fələstinə köçünə qarşı Böyük ərəb üsyanı baş verir. Bu zaman İshaq da Haqana üzvü olur. Sonralar o, bu barədə yazır:

İlk məhəbbətin yaşandığı yaşda, 16 yaşımda mənə tüfəng verdilər ki, öz həyatımı qoruyum və təhlükə zamanı, təəssüf, öldürüm… Mən elə bilirdim, qızmar Yaxın Şərqdə su mühəndisliyi mühüm peşədir, amma əlimə silah almaq məcburiyyətində qaldım”.

İkinci dünya müharibəsi illərində Fələstinin almanlar tərəfindən işğal təhlükəsi yarandı. Bu dövrdə ingilislərin razılığı ilə yəhudilərdən ibarət Palmax deyilən həmlə dəstələri yaradılır. Palmaxın vəzifəsi Fələstinin müdafiəsində ingilislərə yardımçı olmaq idi. Rabin də 1941-ci ildə bu təşkilata üz olmaqla hərbi karyerasına başlayır. Təhlükə sovuşandan sonra ingilislər Palmaxın buraxılmasını istədilər, təşkilat isə qeyri-leqal fəaliyyətə keçdi.

1945-ci ilin payızında Fələstin yəhudiləri Britaniya mandatına qarşı üsyana qalxdılar. Bu üsyanın ilk səs-küylü aksiyası qanunsuz yəhudi miqrantların saxlanıldığı Atlit həbs düşərgəsinə Palmaxın hücumu oldu. Oktyabrın 10-da həyata keçirilən və 208 yəhudinin düşərgədən qaçıb gizlənməsi ilə nəticələnən əməliyyatın planını məhz Rabin hazırlamışdı.

Birinci ərəb yəhudi müharibəsi zamanı (1947-1949) Rabin Palmaxda, daha sonra İsrail müdafiə ordusunda (Tsahal) xidmətini davam etdirir. Döyüşlər başlayanda o, Palmaxın əməliyyat şöbəsinin rəisi, bitəndə isə Cənub cəbhəsinin komandan müavini idi.

Müharibə dövründə onun şəxsi həyatında mühüm hadisə baş verir: 1948-ci ilin iyulunda Leya Şlossberq ilə evlənir. Gələcəkdə onların Yuval adlı oğlu və Daliya adlı qızı olacaq.

***

Yəhudilərin “Müstəqillik müharibəsi”, ərəblərin isə “Nəkbə” (fəlakət) adlandırdıqları savaş bitəndən sonra Tsahalın bir çox zabitləri tərxis olunaraq mülki həyata döndülər. Rabin isə uzun götür-qoydan sonra hərbi karyerasını davam etdirməyi qərara aldı.

Sonrakı illərdə o, Tsahalda bir sıra yüksək vəzifələr tutur, ordunun qurulmasında və silahlanmasında, zabitlərin peşə hazırlığının yüksəldilməsində, hərbi doktrinanın yaranmasında önəmli rol oynayır. Nəhayət, 1963-cü ilin dekabrında ən yüksək hərbi posta yiyələnir – İsrail ordusunun 7-ci Baş qərargah rəisi olur.

Bir çoxunun fikrincə, Rabin bu vəzifəni çoxdan tutmalı idi, amma Baş nazir David Ben-Qurionla münasibətlərinin yaxşı olmaması mane olurdu. Yalnız Levi Eşkol baş nazir olduqdan sonra Rabin Baş qərargah rəisi təyin edildi.

Onun bu vəzifəni tutması həssas dövrə düşdü. Yaxın Şərqdə baş verənləri əvvəllər uzaqdan izləyən SSRİ 1960-cı illərin əvvəllərindən ərəb dövlətlərini, xüsusən də Misir və Suriyanı ən müasir silahlarla təchiz etməyə başlamışdı. İsrail hökuməti və Baş qərargah da buna adekvat tədbirlər görməli idi.

Rabin bu işi öhdəsindən bacarıqla gəlir. O, Tsahalı nəinki müasir silahlarla təchiz edir, həm də hərbçilərin onları mənimsəməsinə nail olur ki, ərəblərin çoxu haqqında bunu demək olmaz. Rabin tank qoşunlarının gələcək müharibədə önəmli rol oyanayacağını proqnozlaşdıraraq onların hazırlığına xüsusi diqqət ayırır və bu proqnoz özünü doğruldur.

1967-ci ilin iyununda baş verən Altıgünlük müharibədə Tsahal ərəb dövlətləri koalisiyasını darmadağın etdi. Bu qələbə Rabinə böyük şöhrət qazandırdı və sonrakı siyasi karyerasında nüfuzunun əsasını təşkil etdi.

1968-ci ilin fevralında 46 yaşlı Rabinin kadensiyası başa çatdı və 27 illik hərbi karyerasını bitirərək istefaya çıxdı. Levi Eşkol gözlənilmədən onu ABŞ-a səfir göndərdi.

***
Həmin dövr ABŞ-İsrail münasibətlərində xüsusi mərhələ idi. Vaşinqton Altıgünlük müharibəyə qədər İsrail və ərəb ölkələri arasında balans saxlamağa çalışırdı. Amma həmin müharibədə biabırçı məğlubiyyəti həzm edə bilməyən Misir prezidenti Camal Əbdül Nasir İsrailin amerikalıların köməyi ilə qalib gəlməsi yalanını dövriyyəyə buraxdı və ABŞ ilə diplomatik əlaqələri kəsdi.

Nasirə inanan ərəb dünyasında kəskin antiamerikanizm ortaya çıxdı. Bu da, öz növbəsində, Vaşinqtonun Tel-Əvivlə daha yaxınlaşmasına səbəb oldu. Rabin məhz belə bir dövrdə ABŞ-a səfir getdi və iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəməsinə, Amerikanın İsrailin əsas silah təchizatçısına çevrilməsinə öz töhfəsini verdi.

1973-cü ilin martında səfirlik kadensiyası bitən Rabin İsrailə qayıtdı və siyasətə qoşulmaq qərarına gəldi: Baş nazir Qolda Meirin başçılıq etdiyi Avoda partiyasına üzv oldu. Həmin vaxt İsrail ilin sonunda keçiriləcək növbəti parlament seçkilərinə hazırlaşırdı. Amma oktyabrın 6-da Məşhər günü savaşı başladı.

Bu savaşın başlanğıcı 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın hücumuna qədər İsrail kəşfiyyatının ən böyük fiaskosu sayılırdı. Tsahal tamamilə qəfil yaxalandı. İsrail bu dəfə də qələbə qazana bildi, amma Altıgünlük müharibədəki parlaq qələbə ilə müqayisədə qalibiyyət ağır və qanlı idi.

Dekabrın 31-də keçiilən seçkilərdə hakim blok səs itkisinə məruz qalsa da, yenə qalib gəldi və Qolda Meir 16-ci İsrail hökumətini formalaşdırdı. Amma Aqranat komissiyasının Məşhər günü savaşı ilə bağlı ilkin hesabatını açıqlamasından sonra Meir baş nazirlikdən və partiya sədrliyindən istefa verdi.

İshaq Rabin sədrliyə öz namizədliyini irəli sürdü və gərgin mübarizədə Şimon Peresə qalib gəldi (298/254). Beləcə, hakim partiyanın sədri kimi yeni hökuməti formalaşdırdı və iyunun 3-də baş nazir oldu.

Məhz Rabinin baş nazir olduğu dövrdə Misir prezidenti Ənvər Sadatla gizli danışıqlar başladı. Burada vasitəçi rolunda Ağ ev, məsləhətçi rolunda isə İran şahı çıxış edirdi. Amma Misir ilə sülh sazişinin imzalanması 1979-cu ilə qədər çəkdi ki, Rabin o zaman artıq iqtidarda deyildi.

Rabinin ilk baş naziriyinin ən parlaq hadisəsi isə “Kürəşəkilli ildırım” adı verilən, amma daha çox “Entebbe əməliyyatı” kimi tanınan antiterror əməliyyatı oldu. İkisi fələstinli, ikisi isə alman olan sol görüşlü dörd terrorçu 1976-cı ilin iyununda Tel Əvivdən Parisə uçan A300 təyyarəsini qaçıraraq Uqandanın Entebbe şəhərində endirdilər və girovların sərbəst buraxılması üçün həbsdəki yoldaşlarının azad edilməsini istədilər. Lakin “Sayeret Matkal” xüsusi təyinatlı dəstəsi 3500 km kimi uzaq məsafədə heyrətamiz əmliyyat keçirərək girovları azad etdi. “Entebbe” hökumətin reytinqini xeyli artırdı.

Amma 1977-ci il növbədənkənar parlament seçkilərinə az qalarkən “Haaretz” qəzetində baş nazirin arvadı Leya Rabinin ABŞ banklarının birində dollar hesabının olması barədə məqalə çıxdı. Hesab Rabinin səfir olduğu zaman açılmışdı və geri qayıtdıqda bağlanmamışdı. İshaq Rabinin maliyyə təmizliyi heç zaman şübhə doğurmasa da (hesabda cəmi 2 min dollar vardı), bu fakt İsrail qanunlarına ziddi idi: hökumət üzvlərinə xarici banklarda hesab açmaq və ya saxlamaq qadağan idi.

Baş nazir məsuliyyəti üzərinə götürərək istefa verdi. Səsləndirdiyi bəyanatda deyirdi: “İndiki vəziyyətdə hökumət başçılığına namizəd ola bilmərəm. Qəbahətin ciddiliyinə görə yox, sadəcə yol verilməsi faktına görə. Mənim tərbiyəm, ləyaqətim və əqidəm müvafiq bədəl ödəməli olduğumu deyir. Hər bir vətəndaş, xüsusən də gələcəkdə xalqın etimadına ümid edən hökumət başçısı belə davranmalıdır”.

Avodanın başına keçən Şimon Peres isə seçkiləri uduzdu və İsrail dövlətinin yaranışından bəri ilk dəfə sağçı hökumət quruldu. Yeni baş nazir Menaxem Begin oldu.

***

1977—1984-cü illərdə Knessetdə müxalif deputat olan Rabin bu dövrdə kölgədə qalmağa daha şox üstünlük verdi, əsasən müdafiə və xarici işlər komitəsində fəaliyyət göstərdi. 1979-cu ildə “Xidmət dəftəri” adlı memuarları çapdan çıxdı.

O, bu kitabda həyatının bütün dövrlərini əhatə etdi. Şimon Peresə xeyli diqqət ayırması və onu “yorulmaz intriqan” adlandırması cəmiyyətdə rezonans, partiyada narazılıq doğurdu. Rabin kitabında Birinci ərəb-yəhudi müharibəsi zamanı Lod və Ramle şəhərlərində yaşayan 50 min ərəbin zorakı köçürülməsini təəssüflə təsvir etmişdi. Amma həmin parça senzuradan keçmədi.

İlk məhəbbətin yaşandığı yaşda, 16 yaşımda mənə tüfəng verdilər ki, öz həyatımı qoruyum və təhlükə zamanı, təəssüf, öldürüm… Mən elə bilirdim, qızmar Yaxın Şərqdə su mühəndisliyi mühüm peşədir, amma əlimə silah almaq məcburiyyətində qaldım.



1984-cü il seçkiləri nəticəsində Knessetdə nə sol, nə sağ partiyalar üstünlük qazanmadıqlarından milli birlik hökuməti quruldu: hökumətə 2 il solçu Peres, 2 il də sağçı İshaq Şamir rəhbərlik edəcəkdi. Rabin isə bu hökumətdə müdafiə naziri vəzifəsini tutdu.

1987-ci il dekabrın 9-da fələstinlilərin Birinci intifada deyilən qiyamı başladı. Müdafiə naziri bir sıra sərt tədbirləri sanksiyalaşdırdı. Amma güman olunur ki, həmin sərt tədbirlərin gözlənilən effekt verməməsi, intifadanın hansısa təşkilatın fəaliyyəti deyil, ümumxalq hərəkatı olduğunu anlaması Rabinin baxışlarını dəyişir, o, çıxış yolunun Fələstin dövlətinin yaranması olduğunu anlayır.

O vaxta qədər həm Rabin, həm də Avoda partiyası “Alon planı”na tərəfdar olduqlarını bildirirdilər. Həmin plan Rabinin gənclik yoldaşı və Palmaxda komandiri olmuş İqal Alon tərəfindən Altıgünlük müharibədən sonra irəli sürülmüşdü.

Həmin vaxr əmək naziri olan Alonun planı “sülh müqabilində ərazi” prinsipi əsasında hazırlanmışdı. Misir ərazisi olan, amma Altıgünlük müharibə zamanı yəhudilər tərəfindən işğal edilə Sinay yarımadası Misirə qaytarılırdı. İşğal edilən Qolan təpələrində (Suriya ərazisi) müstəqil druz dövləti yaradılacaqdı. BMT qətnaməsinə görə Fələstindəki ərəb dövlətinə çatacaq ərazilər isə İsraillə İordaniya arasında bölünəcəkdi: Qərb sahilinin bir hissəsi İsrailə, digər hissəsi isə Qəzza sektoru ilə birlikdə İordaniyaya birləşdiriləcəkdi.

1979-cu ildə bağlanan sülh müqaviləsi ilə Sinay Misirə qaytarıldı. Amma planın digər bəndləri ərəblər tərəfindən qəbul edilmədi. İsraildə isə rəsmən hökumət tərəfindən olmasa da, siyasi partiyalar və siyasətçilər üçün yeganə mümkün həll planı sayılırdı. Rabin də istisna deyildi, amma Birinci intifada onun fikrini dəyişdi.

Başqa dəyişiklik də vardı. Əvvəllər Fələstin tərəfdə danışıq aparacaq qurum yox idi. FAT İsrailin dövlətini qanunsuz sayırdı. Amma 1988-ci ildə təşkilat BMT-nin Fələstində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında 181 saylı qətnaməsini tanıdığını bildirdi. Beləcə, danışıqlar üçün əsas maneə ortadan qalxdı.


Milli birlik hökuməti 1988-ci il seçkilərindən sonra da mövcud oldu və 1990-cı ildə dağıldı. Rabin də öz postunu tərk etdi və iki il müxalifətdə qaldı.

***

1992-ci ilin qışında Avoda pariyasında yenidən sədr seçkiləri oldu. Bu dəfəki seçkinin fərqi onda idi ki, sədri təkcə partiya üzvləri deyil, bitərəf vətəndaşlar da seçə bilərdilər. Nəticədə Rabin Peresə qalib gəldi və fevralın 19-da yenidən partiya sədri kreslosuna oturdu.

Həmin il keçiriləcək parlament seçkilərinə Avoda “İsrail Rabini gözləyir” şüarı ilə getdi. Bu da sədrin hərbçi keçmişi ilə əlaqədar idi. Altıgünlük müharibə ərəfəsindəki “gözləmə dövrü”ndə  Misir prezidenti Naser “Əgər general Rabin gücünü müharibədə yoxlamaq istəyirsə, buyursun” demişdi. Şair və bəstəçi Haim Hafer də zarafatcıl “Naser Rabini gözləyir” mahnısı yazmışdı. 1992-ci ildə seçki şüarı seçilərkən həmin populyar mahnı yada düşdü. Şüar Altıgünlük müharibədəki qələbənin müəllifinin kim olduğunu seçicilərə xatırlatmalı idi.

Rabin seçilərə qalib sərkərdə imici, amma sülh carçısı kimi gedirdi. O, hesab edirdi ki, ərəb dövlətlərinin əsas dəstəkçisi olan SSRİ-nin çöküşü sülh müqaviləsi üçün əlverişli şərait yaradır və baş nazir İshaq Şamiri çevik olmamaqda tənqid edirdi. Martda yazdığı “Fasilədən yararlanmaq” adlı qəzet məqaləsində İsrail qarşısında “fürsətlər pəncərəsi”nin açıldığını, amma həmin pəncərənin müvəqqəti olduğunu yazırdı.

İyuun 23-də keçirilən seçkilərdə Avoda 34,7% səs və 44 mandat qazanaraq birinci oldu (Knessetdə 120 yer var). Nəticələr açıqlanandan sonra söylədiyi qələbə nitqində Rabin sonrakı proseslərin təsdiqləyəcəyi fikir söylədi: “Təhlükəli dövrdə yaşayırıq. Yaxın Şərqə qeyri-konvensional silah daxil olur. Sülh bağlamaq üçün ixtiyarımızda haradasa 7-10 il var”.

Avoda sosial-demokrat Merets (12 mandat) və ultra-dindar Shas (6 mandat) partiyaları ilə koalisiya quraraq parlamentdə çoxluğa nail oldu və 25-ci İsrail hökuməti quruldu. Rabin 15 illik fasilədən sonra yenidən baş nazir oldu. Qarşıda onu yeni və ən çətin savaş gözləyirdi: sülh uğrunda savaş.

Ana səhifəMənim Fikrimcəİshaq Rabin – sülhün qurbanı