Fransız və alman deputatlar Əl Raisinin sədr seçilməsinə etiraz edib
Beynəlxalq Polis Təşkilatı olan İnterpola Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan Əhməd Nasser Əl Raisi sədrlik edəcək.
Haliç Konqres Mərkəzində keçirilən İnterpolun 89-cu Baş Assambleyasının 3-cü günündə yeni sədr və idarə heyəti üzvlərinin seçkiləri başlayıb. Səsvermə nəticəsində Birləşmiş Ərəb Əmirliklərindən olan Əhməd Nasser Əl Raisi İnterpolun yeni sədri seçilib.
İnterpolun rəsmi “Tvitter” hesabında qeyd olunub ki, Əl Raisi 4 il bu vəzifəni icra edəcək.
“Euronews”un türk bürosu yazır ki, Əl Raisi britaniyalı akademik Michael Hedges və BƏƏ dissidenti Əhməd Mansur kimi siyasi məhbuslara işgəncə verməkdə ittiham olunur .
Sayt yazır ki, Baş Assambleyadan əvvəl fransalı deputatlar Prezident Emmanuel Makronun birbaşa iştirakını istəyiblər, alman deputatlar isə Əl Raisinin namizədliyinin Ümumdünya İnsan Haqları Bəyannaməsini pozduğunu əsas gətirərək seçilməsinin İnterpolun nüfuzuna xələl gətirəcəyini bildiriblər.