Komitənin hesabatında Azərbaycana da xüsusi yer ayrılıb
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) bəzi Avropa ölkələrində həbsxanaların həddindən artıq sıxlığının əhəmiyyətli dərəcədə artması ilə bağlı ciddi narahatlığını ifadə edib və hökumətləri problemin həlli üçün qətiyyətli addımlar atmağa çağırıb.
Komitənin sədri Alan Mitçell bugünlərdə qurumun 2024-cü il üzrə fəaliyyətini əhatə edən ümumi hesabatına və həbsxanalarda qeyri-rəsmi iyerarxiyalarla bağlı yeni standartı Avropa Şurası Nazirlər Komitəsinin Deputatlarına təqdim edib.
“Həbsxanalardakı həddən artıq sıxlıq onların fəaliyyətini tamamilə pozur və məhbusları qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyur. Bu, yaşayış şəraitinin pisləşməsinə, gərginliyin və zorakılığın artmasına səbəb olur. Hökumətlər bu problemin həlli üçün siyasi iradə nümayiş etdirməli, cinayət siyasətini islah etməli və penitensiar müəssisələrə investisiya qoymalıdır”, – Mitçell bildirib.
Komitənin hesabatında qeyd edilib ki, Sovet İttifaqının tərkibində olan doqquz ölkədə – Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya və Ukraynada qeyri-rəsmi həbsxana iyerarxiyası hələ də davam edir.
Azərbaycanda beynəlxalq təşkilatların tez-tez tənqid etdiyi əsas məsələlərdən biri müvəqqəti saxlanma yerləri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində mövcud olan sıxlıq problemidir.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin Azərbaycanda həbsxanaların vəziyyətini əks etdirən və 2022-ci ili əhatə edən son hesabatında bildirilib ki, Bakı İstintaq Təcridxanasını ziyarət edən CPT nümayəndə heyəti müəssisənin tutumunun 121 faiz aşdığını müşahidə edib. Bütövlükdə 2500 nəfərlik tutumu olan təcridxanada 3017 məhbus saxlanılıb.
Komitə bildirib ki, burada bir nəfərə 2m²-dən az ərazi düşür və iddialara görə, məhbuslar ya yataqları bölüşdürməli olublar, ya da növbəli şəkildə yatıblar.
CPT Azərbaycanı bir neçə adamın yaşadığı kameralarda adambaşına 4m², tək adamın yaşadığı kameralarda isə azı 6m² yaşayış sahəsi normasına əməl etməyə çağırıb.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 2024-cü ilin iyulunda bəyanat yayaraq Azərbaycan hökumətinin komitə ilə əməkdaşlığı dayandırdığını bəyan edib.
Komitə vurğulayıb ki bu, Avropa Konvensiyasının tələblərini kobud pozuntusu halıdır.