“Namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edəcək”
Müəllimlərin işə qəbulu müsabiqəsinə sənəd verən 47 min namizəddən cəmi 5 mini ilkin mərhələdən keçib.
Məlumatı Təhsil Nazirliyi yayıb. Bildirilir ki, vakansiya seçiminə test imtahanlarında müvafiq keçid balını toplayan namizədlərin hamısı qatılıb.
İştirakçılardan 5 min 225 nəfərin növbəti, sonuncu mərhələyə keçmək hüququ əldə etdiyi bildirilir.
“Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müvafiq keçid balını toplayan, lakin bu seçdiyi vakant yeri tutmağa kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər”.
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyul ayının 1-də başlanıb. Müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
Rəsmi bilgilərə görə, imtahanlarda ümumilikdə 47 min nəfər iştirak edib.
2017-2018-ci tədris ilində məktəblərdə müəllimlərdən ötrü 8 min boş iş yeri müsabiqəyə çıxarılıb. Başqa sözlə, hər boş iş yeri uğrunda 6 nəfər mübarizə aparırdı.