İşdən çıxarılan həkimin ərizəsi məhkəməyə təqdim olunub

Səbinə Məmmədova işə bərpa olunmaq istəyir

Source:
Səbinə Məmmədova
Səbinə Məmmədova
Səbinə Məmmədova
Səbinə Məmmədova


Səbinə Məmmədova işə bərpa olunmaq istəyir

Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət edib. Onun iddia ərizəsi artıq Nizami Rayon Məhkəməsinə təqdim olunub.

Bu barədə onun özü məlumat verib.

Səbinə Məmmədova haqsız yerə işdən çıxarıldığını deyir.

O, institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsindən sonra işinə son qoyulduğunu

söyləyir

:

“Keçirdiyi iclasda ona qarşı gəldim. Həmin iclasdan videogörüntülər də sosial şəbəkələrdə yayılmışdı. Ondan sonra haqsız yerə işdən çıxarıldım”.

İclasdakı videogörüntüdə Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya “Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək, ona etiraz edir.

Səbinə Məmmədova deyir ki, yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

Həkim xəstələrdən birinin  “vəziyyətinin ağırlaşmasının səbəbini araşdırmamaqda, vərəm aşkar olunmasını nəzərə almadan, onu təsiri olmayan dərmanlarla müalicə etməkdə” günahlandırılır.

S.Məmmədova isə həmin uşağın onun xəstəsi olmadığını deyib: “O, xəstəxanaya 2017-ci ilin oktyabrında daxil olub və həkim Svetlana Məmmədovanın xəstəsi olub. Dekabrda xəstənin vəziyyəti ağırlaşıb . Şöbə müdiri onun müalicəsini xəstəxanada əmrsiz işləyən Aygün Hacıəliyevaya tapşırıb. Yəni müalicəni o aparıb, xəstəlik tarixçəsinə də özü imza atıb. Dekabrın 7-də müalicə başlayıb, 11-də diaqnoz qoyulub. Həmin ərəfədə Səhiyyə Nazirliyində rezidentlərin bölgüsü olanda müəssisənin rəhbəri Aygün Hacıəliyevanın bölgüyə getməsinə imkan vermədi ki, getsə, onu hansısa rayona göndərərlər. Az sonra direktor onun əmrini başqa şöbəyə verdi. Nəticədə xəstə həkimsiz qaldı. Valideyni Xumarə Yusifova məndən xahiş etdi ki, uşağı mən müalicə edim. Bir həftə ona nəzarət etdim və xəstəni sağaldıb, evə yola saldım. Xəstənin vəziyyətini ağırlaşdıran, analizini gizlədib səhv diaqnoz qoyan, həmin səhv diaqnozu  əsaslandıran həkimlər haqqında heç bir tədbir görülmür, xəstəni sağaltdığım halda, mən işdən çıxarılıram”.

Həkimin sözlərinə görə, sözügedən xəstə haqda söylədiklərini uşağın valideyni də yazılı izahatında təsdiqləyib.

S. Məmmədova 1998-ci ildən həmin institutda çalışır.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitutdan bu barədə açıqlama verə bilməyəcəklərini söyləyiblər:

“Bu məsələ bizim səlahiyyətimizdə deyil. Həqiqət xanım da burada deyil ki, ondan soruşub deyək. Bizdə isə ətraflı məlumat yoxdur”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Səbinə Məmmədovanın dediklərinin həqiqətə uyğun olmadığını bildiriblər:

“Bu, tamamilə yalan və böhtandır. Yaxın günlərdə nazirlik baş verən hadisə ilə bağlı rəsmi məlumat yayacaq”.

Ana səhifəXəbərlərİşdən çıxarılan həkimin ərizəsi məhkəməyə təqdim olunub