Növbəti məhkəmə prosesində Möhyəddin Orucovun vəkili müdafiə nitqilə çıxış edəcək
Həbsdə olan ictimai fəallardan daha biri – “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə fevralın 18-də keçirilən prosesdə prokuror çıxış edərək, Möhyəddin Orucovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı Rauf Malışov bildirib ki, Möhyəddin Orucova qarşı irəli sürülmüş narkotik ittihamı məhkəmə istintaqı zamanı şahid ifadələri, ekspertiza rəyləri və başqa sübutlarla təsdiqini tapıb.
Möhyəddin Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, daşıma – satış məqsədilə törədildikdə) maddəsilə ittiham olunur. İttihama əsasən, o, 2023-cü il dekabrın 13-də saxlanılarkən cibindən 3.2 qram narkotik tapılıb.
Möhyəddin Orucov isə işlədiyi Transformator zavodunda işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar dövlət qurumlarına etdiyi müraciətlərə görə rəhbərliyin sifarişi ilə polis tərəfindən şərləndiyini bildirib.
Fevralın 25-də keçiriləcək növbəti məhkəmə prosesində Möhyəddin Orucovun vəkili Nazim Musayev müdafiə nitqilə çıxış edəcək. Daha sonra ictimai fəal özü son sözünü deyəcək və hökm oxunacaq.
İşçi Masası Həmkarlar İttifaqının ümumilikdə 4 üzvü həbsdədir. Onlardan Afiəddin Məmmədov 8 il, Ayxan İsrafilov və Elvin Mustafayevin hər biri 3 il azadlıqdan məhrum edilib. Möhyəddin Orucovun məhkəməsi isə davam edir.
Gənc fəalların heç biri özünü təqsirli bilmir, onlar işçilərin hüquqlarını müdafiə etdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.