“İşçi masası”nın sədri Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır

Afiəddin Məmmədov. Foto: Şəxsi Facebook səhifəsi

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində ümumi vəziyyətin çox pis və dözülməz olduğunu bildirir. 

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Məmmədovun səhhəti və  psixoloji durumu ağırdır.

“Dedi ki, orada vəziyyət pisdir. Daha detallı danışmaq istəyəndə zəngi söndürdülər. Sonra yenidən bir neçə dəfə zəng elədik, söndürürdülər. Daha sonra icazə verdilər, amma o barədə yenə danışanda, yenə söndürdülər”.

Fəal yaxınlarına həm də həbsxanada vəziyyətin dözülməz olduğunu, antisanitariya hallarının olduğunu bildirib:

“Mətbəxdə, ərzaq saxlanılan yerdə siçanlar olur, ərzaqı yeyirlər. Antisanitar vəziyyətdir. Yatan yerdə də böyük siçovullar olur. Adam çoxdur, ayaqyolunda saatlarla növbələr olur”.

Yaxınları deyir ki, Məmmədovun normal həkim müayinəsindən də keçə bilmir.

“Səhhətində problem olmuşdu, bizə də hər gün zəng edə bilmir, bizim də bundan xəbərimiz yox idi. Tibb məntəqəsinə getmişdi, həkim yerində olmayıb. Bir neçə gün sonra həkimin qəbuluna düşə bilib, onda da yolaverici dərman veiblər”. 

Afiəddin Məmmədovun sədri olduğu İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə bir neçə dəfə inzibati həbslərlə üzləşib. Хırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda  ittiham olunub.

2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədov cinayət işi ilə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

Ana səhifəXəbərlər“İşçi masası”nın sədri Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır